Haramzadanın haram çörəyibackend

Haramzadanın haram çörəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çörəyin qıtlığı və ya yoxluğu bəşəriyyətin fəlakəti kimi qiymətləndirilir. Ona görə də çörək həmişə insanlar üçün ən müqəddəs hesab edilən inanc mənbəyinə çevrilmişdir.

Çörəyin başqa nemətlərdən qat-qat faydalı və müqəddəs olduğunu yəqin edən el-oba, naşükür bəndələrinə qarğış edərkən “pendir” və ya “qatıq gözünü tutsun” kimi yox, “çörək gözünü tutsun” kimi qarğış etmiş, alqış edərkən isə “yediyin çörək halalın olsun“ demişlər.

Şifahi xalq ədəbiyyatının “Atalar sözləri” bölməsində xüsusi yer alan, çörəklə bağlı tərbiyəvi mahiyyət daşıyan kəlamlarla yanaşı, alqış və qarğış xarakterli el sözləri bu gün də öz hikmətini, tərbiyəvi əhəmiyyətini itirməmişdir. Bu günlərimizdə Allahı, Qurani-Kərimi, 124000 peyğəmbərləri tanımayan, azğınlaşmış, qudurğanlaşmış, “ayağının altını” görə bilməyən, bu xalqın nadürüst, naşükür övladlarını (elin çörəyi ilə ərsəyə, mənsəbə çatmış) çörəklə imtahana çəkməyin vaxtı çatmışdır. Belələrini çörəkli günlərindən məhrum edib, cəng vurmuş çovdar çörəyi yedirtmək lazımdır. Çörək belə insanların gec-tez qənimi olacaqdır.

Xalq elin çörəyi ilə yüksələn, ona halallıqla yanaşan millətinin xeyir-şərində ona arxa dayaq olan xeyirxah insanlara “yediyin çörəyin halalın olsun”, ” Allah çörəyini yetirsin”, “Həmişə çörək sahibi olasan” və s. kimi alqış xarakterli sözlərlə hörmət və məhəbbətlərini ifadə etmişlər. Elin çörəyi ilə ərsəyə çatıb “yolunu azanlar” isə “Elin çörəyi gözündən gəlsin”, “Yediyin çörək haramın olsun” və s. kimi qarğış xarakterli deyimlərlə ifşa etmişlər.

Bu günlər həyat tərzimizlə səslənən, elimizin xeyirxah, alicənab övladları ilə yanaşı, nanəcib övladlarına tuşlanmış çörəklə bağlı bir neçə atalar sözlərinin mahiyyətini açıqlayaq:

“El sənə çörək verdi, sən ona can ver“– deyimində xalqın çörəyi, dəstəyi və köməyi ilə yüksək mənsəbə çatandan sonra, xalqına, millətinə canını belə əsirgəməyən, onun xeyir-şərindəyanında olan şərəfli insanlara ünvanlanmışdır. Belə insanlar el-oba tərəfindən böyük hörmət və duz-çörəklə qarşılanır. Lakin elin çörəyi ilə mənsəbə çatan, hər şeyə nail olduqdan sonra el-obasını hesaba almayan, harınlaşıb qudurğanlaşan naşükür bəndələr xalqın qarğış və nifrətinə tuş gəlir. Xalqın bundan artığına gücü çatmır. Bu gün cəmiyyətimizdə belələri az deyil. Xalqın qarğışı isə gec-tez yerini tapır:

Elin çörəyi gözünü tutsun
Kələklə qazandığın çörək, küləklə göyə sovrulsun
Çörək atlı olsun, sən piyada
Əhli-əyalına verdiyin çörək zəhri-zəqquma dönsün və s.
“Onun kəsdiyi çörək də dizi üstədir“ – deyimi dostluğa, sədaqətə xəyanət edən etibarsız insanlara tuşlanıb. Vaxtilə diz-dizə oturub “halal” çörək kəsən, mələk cildinə girib, iblis xislətindən əl çəkməyən, məqsədli yaxınlıq edən, məqamı çatan kimi arxadan zərbə vuran adamlar haqqında deyilmişdir. Belə adamların etibarı çörək kəsdikləri qısa müddətə qədərdir. Süfrədən ayağa duran kimi duz-çörək ayaqlar altına atılır, xəbislik baş qaldırır, hər bir münasibətə son qoyulur. İndi cəmiyyətimizdə bu qiymətli kəlamlar daha çox iki peşə sahiblərinə aid edilir (adlarını çəkmirəm).

İndiki zəmanədə bu tip insanlara daha çox rast gəlmək olur. Lakin elin gözü tərəzidir, belə naqis adamlar çörəklə bağlı nifrət və qarğışdan yayına bilmirlər.

Nakəsin çörəyini it də yemir
Çörəyin urvatsız olsun
Çörəyə möhtac qalasan
Kəsdiyin duz-çörək burnundan tökülsün və s.
“Yetim, çörək verənə qənim olar” – deyimində söhbət xeyirxah insanların yetim-yesirə əl tutaraq, himayədarlıq edərək, ərsəyə çatdırmağından, mənsəb sahibi, çörək sahibi, söz sahibi etməyindən, nəticədə o kəsin, “çörəkverənin” üzünə ağ olmasından gedir. Belə “atalı-analı” yetimlər “cin sahibi” olduqdan sonra mənsub olduğu milləti özünə layiq millət hesab etmir və bütün insani keyfiyyətlərini itirir. Doğulub boya-başa çatdığı kənd-kəsəyi belə özünə rəva görmür, orada ömür sürən, ona çörək verən insanların qənimi olur.

Çox təəssüf ki, yaxın keçmişimizdə fəhlə-kəndli hökuməti olan Sovetlər dönəmində ata-babası kolxozda naxırçı-çoban və ya zavodda mazut təmizləyən olmuş belə adamlar öz keçmişinə bircə an da olsun dönüb baxmır, insani münasibət belə bəsləmir, özünü aristokrat bir ailənin üzvü kimi aparır. Belə yerdə deyirlər: “Tısbağa qınından çıxdı, qınını bəyənmədi”, “Burda mənəm, Bağdadda kor xəlifə” iddiası ilə yaşayan belə adamlar çörək verəninə qənim olduğu kimi, yetim-yesirlərə də qan uddurur. Sonradan çörək görən belə adamlar elin qarğışından gizlənə bilmirlər:

Verdiyim çörək gözündən gəlsin, haramın olsun
O çörək sənə qənim olsun
Allah çörəyini kəssin və s.
Bu günlərimizdə müqəddəs hesab etdiyimiz çörəyə münasibətimiz necədir?

“Çörəyi çörəkçiyə ver, birini də artıq elə” kimi atalar sözündə çörəyin qədrini bilən, onun insanlara nə qədər gərəkli olduğunu dərk edən, ona haram qatmayan,paklığına xüsusi diqqət yetirən, çörəkçi halal adamlara alqış və hörmət əlamətini ifadə edir.

Çörəyi çörəkçiyə vermək ifadəsi məcazi məna daşısa da, mahiyyəti ondan ibarətdir ki, halal çörəkçilərə hər tərəfli hörmət və sayğı göstərilməli, onların müqəddəs əməyinə xüsusi qiymət verilməlidir. İndi məişət tullantılarının yığılması üçün qoyulmuş zibil qutularının yan-yörəsinə tullanmış külli miqdarda çörək və un məhsullarını görəndə adam dəhşətə gəlir. Zəmanənin bu vaxtında çörəyə belə hörmətsiz münasibət nədən irəli gəlir? Bunun səbəbi nədir?

Çox acınacaqlı haldır ki, istifadə etdiyimiz çörəyin miqdarının yarısı, bəlkə də ondan artıq çörək və un məhsulları tullantı halına düşərək mal-qara, donuzlar üçün yemə çevrilir. Çörək bişirilən əksər müəssisələrdə çörəyin keyfiyyətinə yox, kəmiyyətinə fikir verilir. Necə olur olsun, təki çörək bişirilib adamlara çatdırılsın, yeyilər-yeyilməz, bu onları maraqlandırmır və standart olaraq bişirilən çörəklər ailə tərkibi çox olan ailələr üçün nəzərdə tutulur. Bir və ya iki nəfər üçün xüsusi ölçüdə çörək bişirilmir. Bunun nəticəsidir ki, artıq qalan köhnəlmiş çörək zibil qutularına atılır. Əgər ayrı-ayrı çəkilərdə çörək bişirmək elə bir ciddi problemdirsə, Sovetlər birliyində kustar formada təşkil edilmiş “çörəkkəsən” alətlərdən istifadə etmək lazımdır. Belə olanda hər kəs öz tələbatına görə çörəkdən istifadə edə bilər.

Bir tərəfdən də bişirilmiş keyfiyyətsiz çörək satılmadığından, təkrar-təkrar qızdırılaraq, yenidən satışa çıxarılır, tamamilə yararsız hala düşdükdən sonra heyvan yeminə çevrilir. Çörəyin çəkisinə və qiymətinə də haram qatıldığını nəzərə alsaq, bizim hələ ki, inkişaf etmiş ölkələrə yaxınlaşmağımız çox-çox uzaqdadır.

Çörək bişirilən əksər müəssisələrdə antisanitariya, natəmizlik hökm sürür. Bunun nəticəsidir ki, çörəyin içindən siçan balası, tarakan, milçək və s. iyrənc şeylər çıxır ki, həmin müəssisənin istehsal etdiyi çörəyi bir dəfə alan, ikinci dəfə istifadə etmir, çörək birbaşa zibilxanalara gedir. Bütün hallarda cəzasızlıq görən bu peşənin sahibləri, nadürüst bəndələr öz bildikləri formada öz millətinə “xidmət” göstərirlər.

Nəhayət, müqəddəs saydığımız çörəyə haram və murdarçılıq qatan “peşəkar işbazlar” və bir sıra öz millətinə çörəklə sınağa çəkməyə rəvac verən nadürüst dövlət məmurları heç kəsdən qorxmasalar da, elin çörək qarğışlarını heç vaxt unutmamalıdırlar. Çörəyə haram qatmaq öz millətinə xəyanətdən də pisdir. Biz, yerə atılmış bir tikə çörəyi tapdalayıb keçmirik. Bu bizim xalqımıza xas olan milli keyfiyyətlərdən biridir. Əgər çörəyi və başqa qida məhsullarını öz millətimizin qidalanması üçün istehsal ediriksə, ona haram qatmaq ən böyük günah və öz millətinə xəyanətdir.Haramzadaların haram əməllərinə qarşı bütün cəmiyyətimiz mübarizə aparmalıdır.

Belə bir atalar sözü də var: “Çörək bol olsa, basılmaz Vətən!“

Səməndər Çaxmaqlı
DAK Qərbi Azərbaycan (indiki Ermənistan)
Nümayəndəliyinin rəhbəri