Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən QANUNSUZLUQ: “Sahibkardan 7400 manat tələb olunur” – Şikayətbackend

Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən QANUNSUZLUQ: “Sahibkardan 7400 manat tələb olunur” – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəribədir ki, ödəniş edən sahibkarlara heç bir qəbz də verilmir”.

Bu sözləri Sədərək Ticarət Mərkəzinin rəhbərliyinin təmir adıyla sahibkarları incitməsinə münasibət bildirən iqtisadçı Eyyub Kərimli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Sədərək Ticarət Mərkəzinin rəhbərliyi heç bir sahibkarla razılaşmadan və onların rəyini almadan işlətdikləri obyektləri sökərək ərazisini genişlədirlər:

“Rəhbərlikdən sahibkarlara bildirilib ki, ticarət mərkəzindəki cərgələrdə olan mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu addım mağazaların içərisindəki malların kənardan görünməsi və müştəriləri daha tez cəlb etmək üçün həyata keçirilir.

İyunun 1-dən təmir işlərinə görə mağazaların fəaliyyəti dayandırılıb. Mağazaların ərazisinin artırılması və şüşə vitrinlərə görə hər sahibkardan ödəniş tələb olunur. Belə ki, sahibkarlar 2 ay müddətinə ikiqat ödəniş etməlidirlər. Məsələn, 12 kvadratmetrlik mağazanın ərazisini 24 kvadratmetr ediblər və 7400 manat vəsait tələb edirlər. Ödəniş etməyən sahibkarların fəaliyyətinə isə əngəl törədilir. Hətta obyekti arendaya götürməyən, məhz özünə məxus olan sahibkarların da rəyi öyrənilmir və özbaşınalıq edərək mağazası bağlanır. Qəribədir ki, ödəniş edən sahibkarlara heç bir qəbz də verilmir. Bu, məntiqə sığan davranış deyil. Artıq bir aydır ki, sahibkarlar incidilir. Mağaza bağlı olduğu halda belə sahibkarlardan icarə pulu tələb olunur”.

Qeyd edək ki, bir neçə gün öncə Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı. Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov isə yayılan görüntülərin həqiqəti əks etdirmədiyini və yalan olduğunu bildirmişdi.

Gülşən