İnterpress.az həmin müsahibəni təqdim edir.
– Tənzilə xanım, sizin üçün bu yol haradan başladı?
– Yol deyəndə nəyi nəzərdə tutursunuz?
– İctimai-siyasi fəaliyyət, milli düşüncə və s.
– İçimdə milli təəssübkeşliyin olduğunu lap ağlımın kəsdiyi zamanlardan hiss edirdim. Ailəm, nəslim, şəcərəmlə bağlı danışacağım o qədər sözlər var ki, o qədər faktlar var ki… Bunlar mənim milli ruhda həssaslığımı daha da gücləndirib. Yaşadığımız bölgə elə idi ki, bizə azərbaycanlı yox, türk deyirdilər. Mən indiki Ermənistanın Amasiya bölgəsində anadan olmuşam, orada böyümüşəm. Dağ bölgəsidir. Qışı çox soyuq olur. Yayı isə cənnət kimi bir yerdir. Qarsla həmsərhəd idi. Bizim kəndlərimiz vardı ki, oradan baxanda Qars görünürdü. Nənəm türkiyəli olduğuna görə sərhədlər bağlanandan sonra doğmaları orada qalmışdı. Nənəm həmişə gələrdi, mən onda uşaq olsam da, hər şey yadımdadır, əlimdən tutub aparardı, Qarsın sınırına, üzünü tutub Türkiyəyə ağlayardı. Uşaq ağlımla nənəmdən soruşardım ki, niyə ağlayırsan? Deyərdi ki, mənim atam, anam, əslim-nəslim oradadır, onlardan ayrı düşdüyüm üçün ağlayıram. Eləcə də bu dünyadan əzizləri ilə görüşməmiş getdi. Əlbəttə, Türkiyə sevgisi, sonra da türk sevgisi mənə Şahnisə nənəmdən, onun anlatdıqlarından gəlib.
Kim bir məsələyə ciddi şəkildə sahiblənirsə, bilin ki, onun orada yaralı yeri var. Mənim də yaralı yerim babamın həbs olunub sürgün edilməsi, anamın atasının bəy olduğu üçün tutulub güllələnməsidir. Bunların hamısının həyatımda ciddi rolu olub. Sonra isə oxumuşam, işləmişəm, bir çox şeyləri elmi şəkildə araşdırıb öz yolumu tapmışam. Hərə bir yol tutur, bu da mənim yolumdur.
– Atanız nə işlə məşğul olub?
– Biz ermənilərin içində yaşamışıq. Atam indiki Ermənistanda yanğınsöndürmə idarəsində işləyirdi. Çox qanunpərəst, ədalətli bir insan idi. Onu işdən çıxartmışdılar. Yadımdadır, Sovet dönəmində Vyetnama üzvlük haqqı verirdilər. Onda atam Kremlə, Leninin məzarına teleqram vurmuşdu ki, altı uşağım var, ailənin tək çörək gətirəniyəm, ermənilər məni işdən çıxarıblar, ona görə də sovet vətəndaşlığından imtina edirəm. Və neçə illərdi Vyetnama üzvülük haqqı vermişəm, gedib Vyetnamın vətəndaşlığını qəbul edəcəm.
– Cavab gəldi?
– Bəli, Moskvadan teleqram gəldi, 24 saat çəkmədi ki, atam işə bərpa olundu.
– Bəs ananız necəydi?
– Anam evdar qadın idi. Həyət-baca işləri, əkin-biçinlə məşğul olurdu. Onun ən böyük əsəri yetişdirdiyi övladları idi, əsl fədakar bir ana idi, mənim anam…
– Maraqlıdır, Tənzilə xanım, sizi siyasətçi kimi təqdim etmək olarmı?
– Həmişə çalışmışam ki, siyasi proseslərdən uzaq durum. Çünki özümü qətiyyən siyasətçi hesab etmirəm. Yolum ancaq ictimai fəaliyyətdən ibarətdir. Mən ictimai bir qurumun başında olmasaydım belə, tək başına Tənzilə Rüstəmxanlı olaraq da bu gün gördüyüm işləri həyata keçirərdim. Sadəcə, bir təşkilatın rəhbəri olursan, xarici ölkələrdə keçirilən konfranslara, tədbirlərə bir qurum rəhbəri kimi dəvət olunursan. Qurum rəhbəri olmağın avantajları belə şeylərdən ibarətdir, vəssalam.
– Sizin ictimai fəaliyyətə başlamağınız Sabir bəylə ailə həyatı qurandan sonra oldu, yoxsa ondan əvvəl?
– Sabir bəydən əvvəl mən ictimai fəliyyətlə məşğul idim. Əksinə, Sabir bəylə ailə qurandan sonra fəaliyyətimi məhdudlaşdırdım.
– Niyə?
– Çünki Sabir bəyi düşünmək zorunda idim. Onun ictimai-siyasi mövqeyinə, fəaliyyətinə zərər verə biləcək addımlara diqqət etmək lazım gəlirdi.
– Bir ara deputat olmaq iddiadınız vardı…
– Əlbəttə, vardı. Niyə də deputat olmayım ki? Bəziləri deyir ki, ər-arvad deputat ola bilməz! Niyə olmur? Səbəb nədir? Həqiqətən də bizim ailəni sağdan da, soldan da çox vurublar. O qədər vurublar ki, artıq bərkimişik. İndi o zərbələr bizə vız gəlir (gülür).
Sizə bircə onu deyə bilərəm ki, millətin vəkili olmaq üçün mandata ehtiyac yoxdur. Sabir Rüstəmxanlı türk millətinin könlündə və gözündə hər zaman millət vəkili olaraq qalacaq. Millət vəkilləri var ki, onlar 10 ildir parlamentdə oturub, amma bu millət onların səsini belə eşitməyib. Millətin vəkili budurmu yəni?
– Bilirsiniz ki, Rüstəmxanlılar çox böyük bir nəsildir…
– Bəli, çox böyükdür. Əslində, Rüstəmxan Sabir bəyin 7-ci babasının adıdır. Ondan əvvəl isə bu nəsil Səfixanlı adlanırdı. Şah İsmayılın nəslinə gedib çıxır. Sabir bəygil Ərdəbil ocağındandır. Onlar çox ağır bir ocaqdan gəlirlər və ağır nəsildilər. Ona görə Sabir bəyə kim dəyirsə, bəlasını bulur. Amma mənim öz nəslim Rüstəmxanlılardan da böyükdür. Ata tərəfim Süleymanlıdır, ana tərəfim isə Əli bəyin nəslindəndir. Bir qanadı Avropadadır, bir qanadı Türkiyədədir. Türkiyənin hər bölgəsində mənim qohumlarım var.
– Sabir bəy Xalq şairdir, partiya rəhbəridir, daim meydanlarda olub, orden və medallara layiq görülüb. Mərhum prezident Heydər Əliyev Sabir bəyi çox istəyirdi, ona sevgisi və hörməti vardı. Amma son vaxtlar bu ailəyə qarşı münasibət hiss olunacaq qədər soyuyub. Səbəb nə ola bilər?
– Normaldır, elə belə də olmalıdır. Çünki Sabir bəy öz yolu olan adamdır, hər zaman düşündüyü sözü deyib. Sabir bəyi bir vətən, millət, dövlət adamı kimi heç kim məndən yaxşı tanıya bilməz! Millətin ağrıları onun ürəyində yaradır. Bu yara bəzən şeir olub gün üzünə çıxır, bəzən romanlarında yazılır. Məqalələrində, çıxışlarında dilə gətirir. Bunlar isə əlbəttə, kimlərinsə xoşuna gəlməyə bilər. Söhbət dövlətin başında duranlardan getmir. O qədər kraldan çox kralçı olmaq istəyənlər var ki… Sabir bəy həmişə sözü ağır kişi olub. O, balaca bir tənqid desə, daş olub çox adamın başına düşür. Sabir Rüstəmxanlı daşı ağır kişilərdəndir.
İkincisi, Sabir Rüstəmxanlıya bundan sonra nə lazımdır? Yazacağını yazıb, deyəcəyini deyib. Azərbaycanın istiqlal aktına imza atanlardan biridir. Onu tarixdən silsələr, əlində heç bir şeyi qalmasa belə, bəyəm müstəqillik aktındakı imzasını da siləcəklər? “Ömür kitabı”nı və yazdığı onlarla romanı, yoxsa yazdığı yüzlərlə vətənpərvər şeirinii də yox edəcəklər?
– Tənzilə xanım, bayaq dediniz ki, ermənilərin içində yaşamışıq. Erməniləri bir millət kimi necə xarakterizə edərdiniz, onlar bir insan kimi yadınızda necə qalıb?
– Ümumiyyətlə, erməni şovinistlərini, erməni terroristlərini, erməni qatillərini erməni xalqı ilə eyni tərəziyə qoymaq olmaz! Mən bunun əleyhinəyəm. Atam ermənilərlə bir yerdə işləyib, erməni dostları vardı. Bakıda bizim qapı qonşumuz ermənilər idi. Binanın altı, ortası, üstü dolu erməni idi. Bakıda heç vaxt etnik zəmində çatışma olmamışdı. Söhbət əsrin əvvəllərindən getmir. Yəni 70 illik yaşı olan bir nəsil belə bir çatışmanı görməyib. Hər millətin yaxşısı da var, pisi də. O cümlədən ermənilərin. Axı uşaq başı kəsən erməni ilə sadə erməni xalqını necə bir tutmaq olar?
– Hər millətin yaxşısı da var, pisi də. Tutaq ki, qaniçən, uşaq başı kəsən azərbaycanlılar da var, ermənilər də, ruslar da və s.
– Əlbəttə, var. Qaniçən azərbaycanlılar da var, qaniçən ermənilər də, farslar da və s. Amma bir faktın üstündən elə-belə keçmək olmaz. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Qarabağ işğal altındadır. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədikcə Qafqaza böyük təhlükədir.
Əlbəttə, əbədi düşmənçilik yoxdur. Biz hara gedəcəyik, onlar hara gedəcək? Bizim torpaqlarımızın hesabına olsa da, Qafqazda bir Ermənistan dövləti qurulub. Və bu dövlətin arxasında duran güclər var. Bu güclər get-gedə artır. Bu güclərə Amerika, Avropa da qoşulub, Ermənistanı dəstəkləyirlər. Nə yazıq ki, biz ermənilərlə qonşuyuq, gec-tez bu dövlətlər və millətlər arasında münasibətlər başlayacaq. Amma bu barışıq o zaman baş verəcək ki, Ermənistan işğal etdiyi torpaqları geri qaytarsın. Bir milyon qaçqın dədə-baba torpaqlarına geri dönsün. Bundan sonra mən Tənzilə Rüstəmxanlı, bir qadın, bir ana olaraq ermənilər və azərbaycanlılar arasında sülh prosesində iştirak etməyə hazıram.
– Bir fikir də tez-tez müzakirə olunur ki, torpaqlar işğaldan azad olsa da, qaçqınlar öz yurdlarına, ev-eşiklərinə qayıtmayacaqlar. Çünki onlar Bakıda və Azərbaycanın ayrı-ayrı yerlərində artıq möhkəmləniblər.
– Buna inanmıram! Ən azından 80 faizi qayıdacaq. Qaçqınlarımız harada möhkəmlənibsə, ora da Azərbaycan torpağıdır. Amma de görüm Sabirabadın, Biləsuvarın ilan mələyən düzlərində məskunlaşmaq yaxşıdır, yoxsa Şuşada? Mən inanmıram ki, evimizə qayıtmaq duyğusunu tam itirmişik. Bu məsələdə isə dövlətin konkret siyasəti olur, lazım olsa, insanlar zorla köçürülür. Təki torpaqlarımız azad olsun.
– Məsələn, sizcə, bir məcburi köçkün Bakıda villasını qoyub Kəlbəcərə gedərmi?
– Qaçqının villası nə gəzir? Kimsə onun adına alıb ki, dəyib-toxunan olmasın. İkincisi, mən qaçqınların Bakıda ev-eşiyi, villası olmasına pis baxmıram. Qoy, qaçqının villası, yaxşı şəraiti, biznesi olsun. Eybi yox, qaçqın Bakıda yaşasın, amma gedib Şuşada da bir villa ucaldar, yaydan-yaya gedər. Yenə deyirəm, təki torpaqlarımız alınsın. Şuşa azad olunsun, mən də orada özümə gözəl bir ev tikdirəcəm. Çünki Sabir Rüstəmxanlının Azərbaycanın hər bölgəsində gözəl evi olmalıdır…
– Tənzilə xanım, maraqlıdır, neçə maaş kartınız var?
– Bircə dənə maaş kartım var. Sabir bəyin də bir pensiya kartı var. Qol-qola, əl-ələ verib yaşayırıq. Biz o qədər gözəl bir ailəyik ki, heç bir kompleksimiz yoxdur. Oğul evlənib, qız evlənib. Evdə ikimiz qalmışıq. Sabir bəy çıxır kitabxanasına oturur, yazısını yazır. Mən də yazı yazanda yazıram, yazmayanda televizora baxıram, sosial medianı izləyirəm, kitab oxuyuram…
Bizim işimiz hər zaman çox olub, bu millətin çəkiləcək dərdi çoxdur, biz də payımıza düşən yükün altına çiynimizi vermişik.
– Yeməyi özünüz bişirirsiniz?
– Özüm, özüm… Özüm bişirirəm, oturub yeyirik. Biz məclisləri, restoranları zaman itkisi hesab edirik.
– Son vaxtlar Sabir bəyə çox daş atırlar. Bir xanım kimi buna görə çox narahat olursunuz?
– Kəramət, sənə bir şey deyim. Bizim düşmənlərimiz çoxdur. Biz heç vaxt heç kim haqqında təhqiramiz ifadələr işlətməmişik. Kimisə tənqid eləmək olar, amma ədəb çərçivəsində. İndi əslində Azərbaycanda bir idaloji savaş gedir, milli düşünənlər var, bir də qeyri-milli düşünənlər var. Bir də bu ölkədə çox güclü şəkildə bir türk düşmənçiliyi var ki, bizə də düşmənçilikləri ondandır. 15 Sentyabır 1918-ci ildə Türk İslam Ordusu Bakını Erməni və rus işğalından azad edib, 1174 Şəhid verib, bizim Qafqazda olmamızı təmin edib. 27 yaşlı Nuru paşa ölümü gözə alaraq bizləri xilas edib. Bizim içimizdəki türk düşmənlər isə bu şanlı orduya işğalçı ordu deyə bilirlər, bu xainlik və nankorlukdur.
– Məsləhətdirsə, Ziya Məmmədovla qohumluğunuzdan danışaq. Gənclər mehribandırmı?
– Bu qohumluq iki gəncin verdiyi qərardır. Və mən bu gün Ziya müəllim, qudam İldırım müəllimlə qohumluğumla fəxr edirəm, gəlinimlə qürur duyuram. Çünki onlar tərtəmiz bu torpağın adamlarıdırlar. Qudam İldırım müəllim çörəyini zəhməti ilə qazanır. Torpağına bağlı və dürüst bir insandır. Allaha şükür, iki də nəvəm var, ikisi də mələk kimidirlər.
Vallah, hərə haqqında bir söz deyir, amma Ziya müəllim çox təcrübəli bir dövlət adamıdır. Biz onu ölkə rəhbərinə necə sədaqətlə xidmət etdiyini görmüşük, dövlətinə və vətəninə, elinə-obasına çox bağlı bir ailədirlər. Elton müəlim uzun illər Milli Məclisdə millət vəkili oldu, çox savadlı bir elm adamıdır. Bir dəfə onun bir məclisdə çıxışına şahid oldum, heyran qaldım onun ağlına və savadına. O, böyük idarəçilik təcrübəsi olan şərəfli dövlət adamıdır.
– Sabir bəydən də bu barədə soruşmuşdum. Maraqlı cavab vermişdi. Guya Ziya müəllimlə qohumluğunuz məqsədli şəkildə olub.
– Oğlum sıradan bir uşaq deyil. Ağıllı, oxumuş, savadlı, elmini, təhsilini hələ də davam etdirən bir oğuldur. O, kiminsə qoltuğunda yaşayacaq oğul deyil. Tam bizim oğlumuzdur. Səncə, mən oğlumun kiminsə yanında boyun bükməsini qəbul eləyərəm? Amma Allah üzümzə baxıb ki, tam istədiyimiz bir gəlin qismətimiz olub.
Ədəbiyyatçıdır. Filologiyanı bitirib. Sabir bəyin kitablarını oxuyub, onlar oturub gəlin-qayınata bir kitab haqqında danışanda kənardan baxıram, sevincdən gözlərim dolur. Mən inanclı adamam. Deyirəm ki, ay Allah, sənə çox şükür.
– Dediniz ki, inanclı adamam. Quranı nə vaxt oxumusunuz?
– Quranı mənə hissə-hissə oğlum oxuyub. İlk dəfə Quran oxumağa Amerikada təhsil alanda başlayıb. Orada dinini elmi şəkildə öyrənməyə başladı. Çox imanlı uşaqdır. Amma içki içənə də qarışmaz, sayqısızlıq etməz.
Kəramət, kaş insanlar Quranın dediklərinə əməl edəydilər. Bu gün din adına danışanların böyük əksəriyyəti Quranın dediklərinə əməl etmirlər. Onlar Quranı gözdən salmaqla məşğuldurlar. Elə adamlar dindən danışır ki, danışdıqlarının İslama qəti dəxili yoxdur.
Təəssüf ki, Azərbaycanda ateist bir nəsil yetişir, Allahı inkar etməklə məşğuldurlar. Bəzən mənə deyirlər ki, filankəs filan sözü dedi. Deyirəm ki, onun Allahı yoxdur, mən onunla nə danışım? İnanc böyük şeydir. Dinlərə inanmaya bilərsən. Amma Allaha nə söz deyə bilərsən? Bir qarışqaya can verə bilərsənmi? Robot yarada bilərsən, amma bir insan yarada, ona can, ruh verə bilərsənmi?
– Siz namaz qılmırsınız?
– Yox, qılmamışam. Amma qılacam. Bunun üçün mənəvi hazırlıq lazımdır. Namaza başladın, iki gündən sonra dayandır, bu, belə olmaz!
İnterpress.az