Vəkil İlqar Vəliyevin üzləşdiyi qanunsuluq haqqında yazıb. Statusu olduğu kimi təqdim edirik:
\”Jurnalist İlqar Vəliyev peşə fəaliyyətini həyata keçirərkən məruz qaldığı işgəncələr və sonrakı təyziqlər barədə izahatı. Bu izahatda göstərilən faktların araşdırılması üçün Baş Prokurora, Hərbi Prokurora, Ombudsmana və.s. səlahiyyətli orqanlara müraciət edəcəyik.
Müstəqil jurnalistəm.
Azərbaycanda media faktiki hakimiyyətin nəzarəti altında olduğu üçün müstəqil jurnalist olmaq qərarına gəldim. Yerli və xarici media qurumları ilə əməkdaşlıq edirdim. 2017-ci ilin martın 3-də cəbhə bölgəsindəki gərginlikdən sonra işğal olunmuş Ağdam rayonuna getdim. Ağdamın bəzi kəndləri işğal olunmayıb.
Orada çəkliş zamanı hərbi maşın mənə tərəf yaxlnlaşdı. Maşından düşən mayor rütbəsində olan hərbiçi icazəsiz niyə çəkiliş etdiyimi soruşdu. Mən də hərbi obyektləri çəkmədiyimi, yalnız kəndi çəkdiyimi dedim və vəsiqəmi ona təqdim etdim. Sonra maşına minib onunla getməyimi istədi, mən də razılaşdım. Kiçik hərbi hissənin birinə getdik, orada təhlükəsizliyə görə gözümü bağlayacaqlarını dedilər. Narazılıq etsəm də faydası olmadı. Gözümü bağlayıb maşınla harasa apardılar.
Təxminən 10 dəqiqə sonra maşın hərəkitini saxladı. Qapı açıldı, kimsə dedi ki, düş aşağı. Mən ayağımı yerə atanda başımdan bir yumruq dəydi, \”siz nə edirsiz\” qışqıranda yerə yıxıb döyməyə başladılar. Zərbələr daha çox qarnımdan və belimdən vurulurdu. Gözüm bağlı olduğundan görə məni döyənləri görə bilmirdim, amma təxminən 4-5 nəfər məni döyürdülər.
Onlar ciddi cəhdlə məni erməni casusu çıxarmaq istəyirdilər. Guya mənim Gürcüstana gedib. Ordan da gizli yolla Ermənistana keçib tapşırıq aldığımı bildirirdilər. Məni otağa salıb, belimə zərbələr endirirdilər, belimin üstünə çıxıb gəzirdilər. Müəyyən vaxtdan sonra komandirin yanına apardılar, o, məni təhqir edib, erməni casusu olduğumu etiraf etməyimi istəyirdilər. Mən ora jurnalist kimi getdiyimi və ermənilərlə əlaqəmin olmadığını deyirdim.
Bu cavablar onları qane etmirdi və döyməyə baçlayırdılar. Məndən sonra Ağdamda yaşayan qohumlarımın da gözlərini bağlayıb hərbi hissəyə gətirib sorğu sual etmişdilər.
Onlara da mən qədər də olmasa da fiziki xəsarət yetirmişdilər. Bir neçə saat sonra mənim həbsim ictimailəşdi. Jurnalist dostlarımın da köməkliyi ilə həbsim sosial şəbəkələrdə gündəmə çevirildi. Bundan başqa, saxlanmağımla bağlı naməlum hərbi hissəyə çoxsaylı zənglər gəlməyə başladı. Komandir bundan narahat idi və zəng edənlərə mənim qanunu pozduğumu deyirdi.
Axşam saatlarında mənə dedilər ki, sən günahsızsan və azad olunacaqsan. Gecə saat 10-da maşına mindirdilər, hardasa 15 dəqiqədən sonra naməlum istiqamətdə maşın saxladı və gözlərimi açdılar. Bu barədə kiməsə söz desəm mənə problem olacağını deyib gözlərimi açıb sərbəst buraxdilar.
Bundan sonra Bakıya qayıtdım, məni qarşılayan jurnalist dostlarım şəkillərimi çəkdilər. Ağrılarım çoxalırdı, ona görə də, həkimə getməliydim, Azərbaycan səhiyyəsinə güvənmədiyim üçün üz tutdum Gürcüstana. Martın 10-da Tiflisdə oldum. Bir müddət sonra fizioterapiya müalicəsi aldım. Gürcüstanda daha çox jurnalist həmkarım və dostum Əfqan Muxtarlı ilə vaxt keçirirdim. Aprelin 21-də dostumun dəvəti ilə Tbilisidən Ukraynaya getdim. Fikrim Ukraynada istirahət edib ölkəyə qayıtmaq idi.
Amma, bu müddətdə hakimiyyətyönlü media resursu olan haqqın.az saytinda belə bir yazı getdi. Yazıda mənim də adım hallanırdı. Guya Əfqan Muxtarlıdan 5 min avro pul alıb Almaniyaya Meydan.tv-nin ofisinə gedib təlim keçmişəm və yenidən Gürcüstana qayıdıb Meydan.tv-də çalışmışam. Halbuki, o yazı çıxan zaman mən Ukraynada olmuşam və Almaniyaya getməmişəm.
Bundan sonra haqqın.az saytında çıxan yazıda qeyd olunan adların təqibi və həbsi başladı. Əfqan Muxtarlını oğurlayıb Bakıya gətiridikdən sonra məni axtarmağa başladılar. Ə.Muxtarlının cinayət işində adım keçir, bundan başqa cinayət işini aparan müstəntiq şahid qismində istintaqa kimi çağırırsa, mənim barəmdə suallar verməyə başlayır.
Mənim indi harda olduğum, meydan.tv də işləyib-işləməməyim, valideynlərim haqda suallar verir, hazırda Azərbaycanda barəmdə cinayət işi davam etdirilir. Buna görə ölkəyə qayıtmağım mümkün deyil. Lakin, mənim işgəncəyə məruz qalmağımla bağlı araşdırmalar aparılmır.
Bu ifadəni yazaraq vəkil Elçin Sadıqova göndərmişəm və mənə qarşı işgəncələrin araşdırılmasını tələb edirəm.
izahatıma işgəncədən sonra bədənimdə xəsarətlərin şəkillərini əlavə edirəm\”.
İnterpress.az