Şöbə rəisi Eldar Quliyev çıxış edərək son illərdə Mülki Müdafiə qərargah rəislərinin maarifləndirilməsi istiqamətində bir sıra addımların atıldığını və onlar üçün FHN-in mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini söyləyib. E.Quliyev bir çox insanların ekstremal vəziyyətlə üzləşən zaman davranış qaydalarını bilmədiyini və qorxuya qapılaraq təşvişə düşdüyünü deyib. Şöbə rəisi belə hallarda ilkin tibbi yardımla yanaşı, psixoloji davranış qaydalarının da önəmli olduğunu vurğulayıb.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə fövqəladə hallar zamanı özünüdavranış qaydaları izah olunub. Baş verən hər hansı eksterimal şəraitdə insanların özlərini necə aparması, şəraitə uyğun hərəkət etməsi, köməksiz vəziyyətdə qalan insanlara yardım edilməsi, kritik situasiya ilə üzləşən və affekt halında olan hadisə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi ilə bağlı mühazirələr dinlənilib.
Seminarda “təxirəsalınmaz psixoloji yardım” anlayışının mahiyyəti izah edilib, onun tibbi xidmətdən fərqli olan məqamlarına aydınlıq gətirilib. İxtisasından, peşəsindən asılı olmayaraq əksər insanlarda xoşagəlməz hadisə zamanı özünü toparlamaq vərdişinin olması və kənardakılara da kömək əli uzatmaq bacarığının vacibliyi qeyd edilib. Diqqətə çatdırılıb ki, “təxirəsalınmaz psixoloji yardım”-ekstremal vəziyyətlə üzləşən insanlarda düşdükləri stüasiyalara cavab olaraq yaranmış güclü emosional reaksiyaların öhdəsindən gəlmək üçün psixoloji təhsili olmayan insanların özünə və ətrafdakılara yardım etməsinə şərait yaradan fəndlər sistemidir.
Tədbirdə FHN-in Tibbi və Psixoloji yardım şöbəsinin rəisi, mayor Xanım Sofiyeva çıxış edərək bildirib ki, böhranlı vəziyyətə düşən insanlar adətən psixoloji və emosional gərginliyə məruz qalır. Qeyd edib ki, buna səbəb baş verən hadisənin gözlənilməz olması, fəlakətin mümkün nəticələrinin və xarakterinin bilinməməsi, davranış qaydaları barədə vərdişlər və təcrübənin azlığı, həmçinin zəif mənəvi-psixoloji hazırlıqdır.
X.Sofiyeva fəlakətlərin neqativ təsirlərini zəiflətmək üçün insanlarda psixoloji möhkəmlik, özünənəzarət, böhranlı şəraitdə hislərə qapılmadan düşünmə xüsusiyyətlərinin yaradılmasının vacib olduğunu bildirib.
Daha sonra FHN-in MM Qoşunlarının Tibb Xidmətinin rəisi, polkovnik Elçin Əligülov “Fövqəladə hallar zamanı zərərçəkənlərə ilkin psixoloji yardım” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, fövqəladə hadisə zamanı vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər. E.Əligülov bildirib ki, ilk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək, mümkün təhlükələrdən qorunmaq lazımdır.
Xidmət rəisi fövqəladə hadisələr zamanı psixoloji hazırlığın səviyyəsinin böyük əhəmiyyət daşıdığını bildirib, idarə, təşkilat və müəssisələrdə çalışan insanların psixoloji yüklənmələrə qarşı dözümlülüyünün artırılması, qarşılıqlı yardım və fəaliyyətinin təşkilinin önəminə toxunub.
Seminarda, həmçinin Rəhbər Heyətin sentyabr ayında keçirilən MM məşqləri haqqında qərargah rəislərinin çıxışları dinlənilib.
İnterpress.az