Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, 2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır.
Bu yol xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye vəmaşınqayırma sektorunda prioritet kimi götürüləcək: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı.
Strateji yol xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.
Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Yol xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.
2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə exniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır.
Qlobal dəyər zəncirində iştirak üçün ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının dörd istiqaməti müəyyənləşdiriləcək: kapital və digər maliyyə stimulları veriləcək, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək, yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək, müxtəlif vergi güzəştləri tətbiq ediləcək. Yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurs tutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçid təmin olunacaq.
Yuxarıda qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanması təmin ediləcək. Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksək səviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcək.
Ağır sənaye və maşınqayırma sektoru üzrə bu yol xəritəsində müəyyən edilmiş doqquz prioritetin həyata keçirilməsi nəticəsində:
– Azərbaycanın real ÜDM-i 2020-ci ildə 1 milyard 560 milyon manat artacaq;
– sənayedə 7700 daimi yeni iş yeri yaradılacaq.
İnterpress.az