İnterpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə Məclisin sədri, şair Kəmaləddin Qədim açdı. O, öncə ehtiram əlaməti olaraq, bu gün dünyasını dəyişən Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdıqı, Azərbaycanın Xalq artisti Ağaxan Abdullayevi, bir neçə gün əvvəl itirdiyimiz Xalq artisti Muxtar Maniyevi, Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovu yad etdi və onların ruhu bir dəqiqəlik sükutla yad edildi. (Allah rəhmət eləsin!) K.Qədim iştirakçıları salamlayaraq, məclisimizin fəaliyyəti barədə danışdı. Sonra Ulu Şəhriyarın 110 illik yubileyi ilə bağlı ölkədə keçirilən uğurlu tədbirlər barədə qısa məlumat verdi. Bağlanış olaraq birgə təşkil etdiyimiz bu tədbirlə yekunlaşmasının qururunu daşıdığımızı və bundan sonra da M.H.Şəhriyarın anım gecələrini keçirməyi borc bildiyini vurğuladı.
Sonra AYB-nın Cənibi Azərbaycan şöbəsinin müdiri yazıçı-şair Sayman Aruz öz növbəsində iştirakçıları salamladı. O, M.H.Şəhriyarın zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, Azərbaycan poeziyasını zənginləşdirən əsərlərindən danışdı.
Məruzə üçün söz tanınmış tənqidçi Əsəd Cahangirə verildi. Ə. Cahangir M. H. Şəhriyarın yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışdı. O, şairin ədəbiyyatımızda yeni bir dövr açdığını qeyd edərək, Şəhriyar şeirinin poetik üslubundan, milli ruhundan geniş şəkildə məruzə etdi. Bu baxımdan “Heydərbabaya salam” poemasını vurğuladı. Ə. Cahangir M.H.Şəhriyarın təkcə Azərbaycanın və İranın deyil, bütün türkdilli xalqların dahi şairi olduğunu qeyd etdi.
İkinci məruzəçi Filologiya elmləri doktoru, görkəmli tənqidçi Vaqif Yusifli oldu. O, şairin dillər əzbəri olan şeirlərini qeyd edərək, Şəhriyarın Azərbaycan ədəbiyyatına xidmətlərindən söz açdı. Bu xidmətlərin layiqincə dəyərləndirilməsində zəhməti olan təşkilatçılara uğurlar arzuladı.
Tədbirdə Təbrizdən gələn qonaqlardan gənc şair Sumayə Əsədiyə söz verildi. O, özünün gözəl şeirləri ilə məclisi şərəfləndirdi, şairin ruhunu şad etdi.
Sonra Məclisin üzvlərindən filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər çıxış etdi. A. Nəzər Şəhriyar şeirinin xəlqiliyindən danışdı, şairin yaradıcılığından folklor, dini-fəlsəfi nümunələr gətirərək, bu sahədə Şəhriyar şeirlərinin hər zaman tədqiqat obyekti kimi araşdırmalar üçün bir baza olduğunu qeyd etdi.
Şair-publisist, şərqşünas-tərcüməçi Hafiz Rüstəm Şəhriyarın farscadan tərcümə etdiyi bir qəzəlini səsləndirdi. H. Rüstəmin bu sahədəki xidməti iştirakçılar tərəfindən xüsusi alqışlandı. O, şairin “Türkün dili tək sevgili istəkli dil olmaz” şeirini oxudu.
Tədbirin özəl qonağı muğam ifaçısı Zeynal Əhmədov Şəhriyarın “Ulduz sayaraq gözləmişəm hər gecə yarı” və “GetməTərsa Balası “qəzəllərini muğam üstündə ifa etdi. Onun ifası məclisin ruhunu bir az da dəyişdi.
Məclisin digər üzvlərindən Aləm Kəngərli 90-cı illərin məlum hadisələrindən -sərhədlərin açılmasından, ayrılığın tikanlı məftillərini necə parçaladıqlarından, Şəhriyar həsrətini beləcə az da olsa bitirə bilmək uğruna verilən mübarizələrdə iştirakından ürəkdolusu və maraqla danışdı. Arazın bu tayından hər kəsin Şəhriyarın məzarının ziyarətinə can atdığını qeyd etdi. A.Kəngərli bir daha şairin ruhuna rəhmət dilədi.
Nizami Muradoğlu Şəhriyarın sadə, eyni zamanda dərin dil üslubundan söhbət açaraq, bir neçə şeirini vurğuladı. Yenə üzvlərdən şair Surxay Qocayev, tarix üzrə fəlsəfə doktoru, şair Arzu Nehrəmli Şəhriyar haqqında ürək sözlərini söylədilər və şeirlər oxudular.
İştirakçılardan müəllim, şair İltimas İsmayıl şair haqqında ürək sözlərini söylədi və Şəhriyarın xüsusi işlənmiş portretini və əsərlərinə aid illüziyaları AYB-nın Cənibi Azərbaycan şöbəsinə hədiyyə etdi. Jurnalist Nurəddin İsmayıl, Təbrizli gənc şair Ümid Nəccari, Tariyel Ümid, Ayaz Arabaçı, Güləmayıl, Məmməd Məcidoğlu və başqaları maraqlı çıxışlarla yadda qaldı.
Avrasiya Universitetinin tələbələrindən Əfsanə Rəcəbova, Dünyaxanım Quliyeva və digərləri Şəhriyarın məhşur şeirlərini səsləndirdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
İnterpress.az