İnterpress.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, 2016-cı il həm qlobal böhranın, həm Azərbaycanın iqtisadi böhranın inkişaf etdiyi bir il oldu. Dünya və Azərbaycan belə bir çətin ildən qalan miraslarla 2017-ci ilə daxil olacaq. Gələn il dünyanın və Azərbaycanın gələcək taleyinin həlledici ili kimi tarixə düşəcək: “Biz istəyirik ki, 2017-ci il xalqımızın həyat şəraitinin yaxşılaşdığı, Qarabağ probleminin həll olunduğu il olsun. Lakin təəssüf ki, bu gün ölkə növbəti ilə bu iqtisadi, siyasi problemlərin, Qarabağ məsələsinin həll olunacağı imkanlarının ortada olmadığı vəziyyətdə gedir. Azərbaycan növbəti ilə o dərəcədə böyük problemlərlə daxil olur ki, qarşıdakı ilin ağır olacağını söyləməmək mümkün deyil. Həm dünyada baş verən hadisələr, həm beynəlxalq ekspertlər gələn ilin dünyada vəziyyətin daha da ağır olacağını proqnoz edirlər. Azərbaycana isə bir tərəfdən dünyadakı qlobal iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi, bir tərəfdən isə yarıtmaz hökumətin, korrupsiyadan əl çəkə bilməyən məmur ordusunun iş başında olması xüsusilə ciddi problemlər vəd edir. Azərbaycan yeni ilə bu cür ciddi problemlərlə qədəm qoyur. Azərbaycan üçün Qarabağın işğalı problemindən sonra ən böyük problem məhz korrupsioner məmurlar, yarıtmaz, islahatları həyata keçirmək imkanında olmayan hökumətin mövcudluğudur. Ölkəmiz təəssüf ki, bu problemlə 2017-ci ilə gedir. Manatın bugünkü ucuzlaşmasının, ölkədə dollar qıtlığının, elektrik enerjisinin, qazın qiymətlərinin bahalaşmasının fəsadlarını növbəti il daha ciddi şəkildə yaşayacağıq. Bu il atılan yanlış addımların nəticələri gələn il olacaq. 2017-ci il Azərbaycana çoxlu sürprizlər gətirəcək. Odur ki, gələn il həm dövlətimiz, həm xalqımız, həm hakimiyyət üçün çox ciddi sınaq ili olacaq”.
S.Cəlaloğlu onu da qeyd etdi ki, ölkə başçısının bu yaxınlarda imzaladığı, demək olar ki, bütün sahələri əhatə edən yol xəritələrinin effektli həyata keçirilməsi üçün onu həyata keçirən islahatçı komandanın olması zəruridir: “Bu yol xəritələri gözəl layihələrdir. Amma onları həyata keçirən komanda, mütəxəssislər, resurslar olmalıdır. Əgər bunlar olmayacaqsa, on illərdir korrupsiyaya bulaşmış, indi də bu cür əməllərindən əl çəkə bilməyən nazirlərlə, məmurlarla, komanda ilə ən yüksək səviyyədə proqramları belə həyata keçirmək mümkün olmaz. Yol xəritələri o zaman ölkəni böhrandan xilas edə bilər ki, onu yeni islahatçı, müasir düşüncəli komanda həyata keçirsin. Hazırkı məmurlar komandasının işinin nəticəsi ölkənin düşdüyü indiki böhrandır. Onlar indi böhranı necə aradan qaldıra bilərlər? Onları dəyişmək lazımdır”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə bildirib ki, Azərbaycan 2017-ci ilə 2008-ci ildən üzü bəri büdcələr arasında dollar ifadəsində ən kiçik dövlət büdcəsi ilə gedir: “Dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat məbləğində təsdiq olunub. Hesablamalar göstərir ki, 2017-ci ilin dövlət büdcəsi 2008-ci ildən üzü bəri büdcələr arasında dollar ifadəsində ən kiçiyidir. Eyni zamanda büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır.
Büdcə gəlirlərinin yarıdan çoxunu 2005-ci ildən bəri ilk dəfə qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək nəzərdə tutulur. Bu isə vergi orqanları qarşısında ciddi vəzifələr qoyur. Artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, həm də büdcədə kəsir yaranacaq. Gözləntilərə görə, 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsir hesab oluna bilər. Növbəti ilə həm də böyük büdcə kəsiri ilə gedir ölkə.
Beləliklə, yeni büdcədə əsas yük qeyri-neft bölməsinin üzərinə düşəcək. Milli iqtisadiyyatın ən çox problemləri isə bu sektorda müşahidə edilir. Qeyri-neft ümumi daxili məhsulunda tənəzzül 6 faizə yaxınlaşır. Bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə dörddə üçünü saxlaya bilib, idxal da ötən illə müqayisədə azalıb. Mədaxilin 14 faizini təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma isə 1 milyard 960 milyon manat olub.
Bununla yanaşı, növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əmək haqlarının aşağı salınması hesabına fiziki şəxslərin gəlir vergisi; zərərlə işləyən müəssisələrin sayının artması və rentabelli müəssisələrdə mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi; idxalın azalmasına görə əlavə dəyər vergisi və gömrük rüsumları; neft hasilatında azalmaya görə Dövlət Neft Şirkətinin və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödənişlərində azalmaların qeydə alınması büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq. Bu, xüsusilə ilin ilk rübündə müşahidə olunacaq\”. (musavat)
İnterpress.az