“Nə qədər gec deyil banklar üzünü müştərilərinə çevirməlidir”backend

“Nə qədər gec deyil banklar üzünü müştərilərinə çevirməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycan əhalisinin əsas problemlərindən biri də kreditlərlə bağlıdır. Ölkəni ağuşuna alan problemli kreditlərlə bağlı məsələ 2016-ci ildə də həll olunmadı. Görünən odur ki, banklar problemin həllində vətəndaşlara güzəştə getmək fikrində deyil. Nəticədə isə iki devalvasiyadan sonra vətəndaşların kreditləri qaytarmaq getdikcə daha da kəskinləşir.

Təsadüfi deyil ki, ölkə əhalisinin böyük əksəriyyətinin bir və ya bir neçə banka borcu var. Dolların kəskin bahalaşmasından sonra dollarla kredit götürən vətəndaşların kreditlərinin üstünə faizlər gəldikcə vəziyyət daha da çətinləşir. Bu səbəbdən ailələr dağılır, intihar halları artır, oğurluq edənlərin sayı durmadan artır. Kreditləri qaytarmaqdan imtina edənlər isə banklarla ya üz-üzə qalır, ya da məhkəmədə görüşməli olurlar.

Görünən odur ki, bankların kreditlərin ödənilməsi üçün tələbləri getdikcə artacaq, minlərlə insan məhkəməyə veriləcək. Bu da sosial narazılığın getdikcə kütləvi hal almasına səbəb olacaq. Bunu da hökumət bilməmiş deyil. Yaranan situasiyanın fonunda ölkə iqtidarının çıxış yolu kimi atacağı addımlar hər bir vətəndaşı yaxından maraqlandırır.

İnterpress.az xəbər verir ki, keçmiş maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Manatın iki kəskin devalvasiyasından sonra əhalinin banklardan götürdüyü kreditlərin ödənişi sahəsində gərginliklər yaranmağa başladı. Birinci devalvasiyadan öncə bu gərginliklər bir o qədər böyük olmasa da, ikinci devalvasiyadan sonra vəziyyət kifayət qədər mürəkkəbləşdi. Kreditlərin ödənişi ilə bağlı çətinliklər bir tərəfdən əhalinin gəlirlərinin azalması, digər tərəfdən isə xarici valyutada götürülmüş kreditlərin ödənişi üçün vətəndaşların manat yükünün artması ilə bağlıdır. Manatın birinci devalvasiyasından başlayaraq bu günə qədər bu yük 2,2 dəfədən çox artıb.

Bu gün əhalinin banklardan götürdüyü 15,8 milyard manat kreditin 46 %-dən çoxu – yəni 7,3 milyard manatı xarici valyutada götürülmüş kreditlərin payına düşür. Mərkəzi Bankın rəsmi məlumatlarına görə, xarici valyutada götürülmüş kreditlərin 10,2%-i gecikmiş kreditlərə aiddir. Manatla olan kreditlərdə bu gecikmə bir qədər az – yəni, 7,4% təşkil edir. Manatın məzənnəsində ikinci devalvasiyadan sonra baş verən 14%-dən artıq rəsmi ucuzlaşma isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Qarşıda milli valyutanın tam sərbəst buraxılması ilə bağlı addımlar gözlənilir. Bu addımlardan sonra xarici valyutada olan kreditlərin ödənişi sahəsində vəziyyət indikindən daha çətin olacaq. Banklar indidən bunu göz önünə almalıdırlar. Mərkəzi Banka onların gecikən kreditlər haqqında verdikləri informasiyalar əksər hallarda bir neçə dəfə kiçildilir.

Bununla da banklar yanlış olaraq öz vəziyyətlərinin heç də pis olmadığını göstərmək istəyirlər. Biz dəfələrlə yazdıq, təkliflər verdik ki, banklar öz müştərilərinə qarşı güzəştə getsinlər, onlara bu kreditləri ödəməkdə yardımçı olsunlar. Ancaq təəssüflər olsun ki, daha çox qazanmaq hərisliyi bankları öz mövqeyindən çəkindirə bilmədi. Onlar məhkəmə çəkişmələri yolu ilə problemi həll etməyə üz tutdular. Bu, ən uğursuz seçim idi. Kiminsə imkanı varsa və krediti ödəmirsə, onunla məhkəmə çəkişməsi lazımdır. Ancaq imkanı olmayandan nə isə əldə etməyə heç məhkəmə də kömək etməyəcək. On görə də nə qədər gec deyil banklar üzlərini müştərilərinə çevirməlidirlər. Manat tam sərbəst buraxılandan sonra onlar xarici valyutada olan kreditlərin heç 3-5%-ni də geri ala bilməyəcəklər”.

İqtisadçı alim hökumətin bu məsələdəki rolundan da söz açdı: “Hökumətin bu məsələdə heç bir öhdəliyi yoxdur. Ona görə də zəruri addımı banklar özləri atmalıdır. Vaxtilə xarici valyutada əhaliyə zorla kreditlər verərək bəs deyincə qazanc əldə etmiş banklar, indi də həmin qazancı öz müştəriləri ilə bölüşməlidirlər. İndiki maliyyə çətinlikləri şəraitində bu yükü ancaq banklar özü çəkməlidirlər”.

İnterpress.az