Sentyabr ayının 1-2-də müsəlman dünyası dinimizin müqəddəs bayramlarından olan Qurban bayramını qeyd edəcək. Bununla bağlı artıq hər yerdə qurban hazırlıqlarına başlanıb, qurbanlıq qoyunlar bazara çıxarılıb. Lakin bu dini ayinin yerinə yetirilməsi ilə bağlı ətraflı məlumatı olmayanlar, dini qaydaları bilməyənlər də var. Məsələn, bu bayramın tarixi, qurban kəsmək kimlərə vacibdir, heyvanın əti kimlərə paylanmalıdır, nə qədər hissəsini evdə saxlamaq olar, borc alaraq qurban kəsmək olarmı kimi suallar bəzən insanları düşündürür.
Hər müsəlmanın bilməsi gərəkən bu sualları ilahiyyatçı Hacı İlqar İbrahimoğlu cavab verdi:
– Hacı, Qurban bayramının tarixi kökü haradan gəlir və nə üçün müsəlmanlara Qurban kəsmək tövsiyə olunur?
– Qurban bayramının tarixi kökləri – Həzrət İbrahimin (ə) bəndəlik sınağından mənbələnir. Həzrət İbrahimə (ə) agah olur ki, Allah yolunda ən ağır imtahanını verməlidir: sevimli oğlu İsmayılı qurban kəsməlidir. Həzrət İbrahim (ə) də, Həzrət İsmayıl (ə) da, gəncin anası Həcər xanım da ən yüksək səviyyədə İlahi imtahanlarını verirlər. Nəticədə Allahın əmri ilə bıçaq kəsmir və övlad sağ qalır. Bu gözəl bəndəlik imtahanının verilməsinin simvolu olaraq, bir qurbanlıq heyvan göndərilir. Bu simvol, digər bəndəlik ayininin – həcc ziyarətinin tərkib hissəsi olaraq, hər bir imkanı olan müsəlman üçün ömrü boyu ancaq 1 dəfə vacibdir. Əlbəttə ki, nəzir, əhd, and vasitəsilə vacib olan qurbanlıqlar da var ki, bunun əhkamı ayrıdır. Qurban bayramı günü həcdə olmayan digər müsəlmanlar üçün qurban kəsmək – vacib deyil, bəyənilən, müstəhəb olan bir əməldir. Qurbanlığın rəmzi mənalarından biri – insanın pis xislətlərinin, nəfsani meyillərinin kəsilməsidir ki, insanın kamillik proqramının tərkib hissəsidir. Yəni heyvan kəsiləndə, bunun rəmzi mənası – insanın öz nəfsani xislətlərdən imtinasıdır, onların boğazını kəsməsidir. Belə bir simvolika var burada.
– Qurban kəsmək kimlər üçün vacibdir? Kimlər üçün vacib hesab olunmur?
– Qurban kəsmək – həccdə olan, yəni həcc ayinlərini yerinə yetirən və buna imkanı olan müsəlmanlar üçün vacibdir. Qeyriləri üçün müstəhəbdir. Yəni bəyəniləndir. Əlbəttə ki, nəzir, əhd, and vasitəsilə vacib olan qurbanlıqlar da var ki, bunun əhkamı qeyd etdiyimiz kimi, ayrıdır.
– Borc və ya kredit götürərək qurban kəsmək olarmı?
– Əslində borc götürərək qurban kəsmək – borc götürərək xeyriyyəçilik etmək mənasını verir. Bir kəsin yaxşılıq etmək, özündən kasıb insanlara əl tutmaq istəyi o qədər güclüdürsə ki, bunu borc götürərək edir – bu, əlbəttə ki, bizi sevindirməlidir. Yəni dinimiz insana demir borc götürüb qurban kəs. Amma insan özü bu dərəcədə xeyriyyəçiliyə aşiqdirsə, tamam ayrı situasiyadır.
– Ümumilikdə, borcu olan adamın Qurban kəsməsi doğru sayılırmı?
– Qurban kəsilməsi insanın borclu olub-olmaması ilə şərtlənmir. Borc götürmək israf üçün, haram işlər üçün bəyənilmir. Amma kimsə görsə ki, qonşunun uşaqları ət yemir və borc alıb, onlara ət çatdırmaq niyyətilə qurban kəsirsə, bu insanın ruhiyyəsinə qibtə etmək olar. Amma “qonşudan qalma geri”, “camaat nə deyər”, “elə bilməsinlər ki, kasıbam” niyyəti ilə qurban kəsmək – insana, əksinə, günah gətirər. Çünki nəfsani meyllərin motivasiyası sayəsində ərsəyə gəlir.
– Qurban bayramının başqa vacib və müstəhəb əməlləri hansılardır?
– Qurban bayramında xüsusi bayram namazı qılınır, ziyarətlər edilir, dualar oxunur. Çoxlu bəyənilən əməllər var ki, arzu edənlər ondan pay götürə bilərlər.
– Qurban kəsilən heyvanın ətinin nə qədər hissəsi paylanmalıdır? Kimlərə paylamaq daha savabdır?
– Müqəddəs şəriətimizin məsləhətinə əsasən, qurbanın üçdə birini insan özü üçün istifadə etsə, üçdə birini hədiyyə etsə, üçdə birini isə ehsan etsə – bəyəniləndir. Ümumiyyətlə, insanın nə qədər bacarsa imkansıza əl tutması – İslam dinimiz tərəfindən təqdir və israr olunan mövzulardandır. Qurani-Kərimin və hədislərimizin bir çox müddəaları, Həzrət Peyğəmbərin (s) və Əhli-Beytin (ə) nümunəvi həyat tərzi – kasıba əl tutmasını vacib həddə qədər qaldırır.
– Hansı heyvanlar Qurban kəsilə bilər? Hansı heyvana neçə nəfər pay ola bilər, yəni şərikli kəsdirə bilər?
– Qurban kəsilən heyvanlar – dəvə, inək, camış, qoyun və keçidir. Həcdə olan heyvanlara tələb belədir – dəvə – 6 yaşına girməlidir, dana və keçi – 3 yaşına, qoyun isə 2 yaşına girməlidir. Heyvan sağlam olmalıdır, bədəninin bütün üzvləri yerində olmalıdır, zəif olmamalıdır. Qurban kəsilməsində şəriklik mövzusu əslində yoxdur. Qurban – individual ayindir. Amma ehsan niyyəti ilə birləşib, bir neçə nəfərin heyvan kəsməsi – yaxşı bir işdir. Burada məhdudiyyət yoxdur, lap 1 manatdan toplasınlar. Hamıya bu ehsandan savab gələcək, inşallah.
– Heyvan kəsilməsinin şərtləri hansıdır?
– Heyvanı kəsən müsəlman olmalıdır. Heyvan üzü qibləyə kəsilməlidir. Yəni bədəninin sinə hissəsi qiblə səmtində olmalıdır. Heyvan kəsəndə “Bismillah” kəlməsi deyilməlidir. Heyvan dəmir alətlə, iti alətlə kəsilməlidir ki, tez ölsün və əziyyət çəkməsin. (musavat)
İnterpress.az