Daxili işlər naziri Ramil Usubov ötən gün jurnalistlərə müraciət edib. Nazir onu tərifləyən jurnalistləri qınayıb və bu cür yazıları rəğbətlə qarşılamadığını bəyan edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov mətbuatda gedən məqalələrə bu cür münasibət bildirib: “Müəlliflərinə təşəkkür etməklə yanaşı, onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır. Əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır”.
Bəs, jurnalist tərif və tənqidlə necə davranmalıdırlar?
Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas İnterpress.az-a açıqlamasında bildirib ki, jurnalist tərif də, tənqid də yaza bilər: “Jurnalist, əlbəttə ki, kimliyindən aslı olmayaraq və vəzifəsindən aslı olaraq yaxşı işlədiyinə görə, kiminsə haqqında tərif yaza bilər. Amma məsələ burasındadır ki, mən cənab naziri uzun illərdir ki, tanıyıram və əminliklə deyirəm ki, o, həddindən artıq təvazökar adamdır. Onun lap üzünə tərif edəndə də, o, bunu qəbul etmək istəmir. Yəni, o, dövlətin işini görür. Yüksək vəzifəli bir dövlət məmuru kimi öz işini görür. Azərbaycanın ictimai asayişini qoruyur. Yenə deyirəm ki, o, təvazökar olduğuna görə, belə bir fikir deyib. Burada nəsə başqa bir söz axtarmaq lazım deyil. Çünki, nazirin jurnalistlərin onu tərif etməməsini istəməsi onun təvazökarlığından irəli gəlir. Yəni, cənab nazir demək istəyir ki, məni tərifləməyin, mən onsuz da öz işimi görürəm”.
Millə vəkili qeyd edib ki, rəhbəri olduğu mətbuat orqanının redaksiyasına tərif dolu materiallar göndərilsə də dərc olunmasını istəmir: “Məsələn, bizim qəzetdə çox belə materiallar gəlir. Amma biz, adətən, vermirik. Çünki, mən bilirəm nazir təvazökardır. Olur da yazırlar, bəzən. Bir də görürsən ki, lap “poema” yazırlar. Amma biz dərc etmirik. Çünki, düşünürəm ki, deyəcəklər ki, Aqil Abbas nazirə embarqo qoyub. Bu günlərdə Mahiq Qabiloğlunun Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş bir yazısını dərc etdik. Müəllif o yazıda cənab nazir haqqında da xoş sözlər yazmışdı. Amma təkcə, cənab nazirdən yazsaydı, biz onu dərc etməyəcəkdik. Ətrafımızda dost nazirlərimiz də var. Amma hansısa nazirin tərifi ilə bağlı hər hansı yazı çap etməmişik. Bundan sonra da, bu, belə də olacaq. Amma, ümumiyyətlə, mətbuatda hansısa məmur, meşəbəyi, lap Şəki şəhər Meşə İdarəsi haqqında xoş sözlər yazmağın heç bir problemi yoxdur”.
A.Abbas “Jurnalistikada belə bir fikir formalaşıb ki, jurnalist ancaq tənqid etməlidir, tərif deyil” fikrinə münasibət bildirib. Deputat qeyd edib ki, jurnalistin işi həqiqətləri yazmaqdan ibarətdir:
“Onu kim formalaşdırıb, bilmirəm. Amma jurnalist həqiqətləri yazmalıdır. Düzü düz, əyrini əyri yazmalıdır. Düzləri atacağıq kənara, ancaq əyriləri yazacağıqsa, dünyanın heç bir mətbuat orqanında belə bir təcrübə yoxdur. Ümumiyyətlə, dünyada belə bir ənənə də yoxdur ki, yalnız kimisə tənqid etmək lazımdır. Düzdür, tənqid olunan materiallar varsa, tənqid edirsən. Jurnalistikada elə bir möhür vurmaq olmaz ki, sən yalnız tənqid yazmalısan. Jurnalist tənqidi yazılar da yaza bilər, tərif dolu yazılar da yaza bilər. Burda nə var ki? Xoş bir insan haqqında, bəzən olur ki, xoş yazılar yazırsan. Məsələn, bir müəllim, bir professor haqqında. Mən bir zamanlar Əhliman Əmiraslanov haqqında “Əzrayılla çarpışan oğlan” adlı bir tərif dolu yazı yazmışdım. Çox gözəl bir yazı idi. Çünki mən Əhliman müəllimin işlərini bilirdim və fəaliyyətindən yaxından tanış idim. Burada qeyri-adi nə ola bilər, axı? İmkanım olsa, bu dəqiqə, Rəşad Mahmudov haqqında bir yazaram. O, dünyanın ən peşəkar ürək cərrahlarından biridir”.
A.Abbas jurnalistin tərif yazmasını qınayanlara da münasibət bildirib. Deputat qeyd edib ki, kimsə jurnalistin tərif xarakterli materiallar yazmasının əleyhinədirsə, bu, artıq onun öz fikri, öz yanaşması və öz işidir.
Səid Qərib
İnterpress.az