Əsrimizin rozası və yaxud da arxalı köpəyi niyə qurd basmır?backend

Əsrimizin rozası və yaxud da arxalı köpəyi niyə qurd basmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumiyyətlə, gəlin ilk olaraq, “Maşın şou” kimi tanınan bu verilişin evlərimizə ayaq basmasından danışaq.

Onlar cəmiyyətin nümunədarlarıdır. Ki, bu gün efirlərdə at oynadırlar. Əxlaqdan dərs keçən bu şoumenlərin əksəriyyətinin hamı bilir ki, əxlaqdan xəbəri yoxdur. Ayda bir dəfə boşanıb başqası ilə ailə həyatı quran gəlib televiziyanın efirində ailə dəyərlərindən və ailə mədəniyyətindən danışır.

Sözügedən şou haqqında belə danışmağıma baxmayın, nə zamansa oturub efirin qarşısında bu verilişi izlədiyim olmayıb. Mənə də çoxunuz kimi bu nümunədarların az qala saçyoldusuna çıxası görüntülərini sosial şəbəkədəki kadrlardan izləmək nəsib olur. Bir-birlərini əxlaqsızlıqda ittiham edənlərin, televiziya məkanını “palatqa toyu”na çevirənlərin bu görüntülərini izləyəndə kompüterimin monitoruna pambıqla xoşbəxt olun sözlərini yazmaq istəyirəm.

Ümumiyyətlə, bu şounun məqsədinin nə olduğunu bilənlərə bu dəqiqə müdrik bir şəxs kimi baxıram. Amma zənnimcə, bu verilişin həyatdakı hədəfi barədə heç kimin agahlığı yoxdur. Çünki, Murad Dadaşov özü də bixəbərdir. Arada bu yayılan videogörüntülərə baxıram, düşünürəm ki, yəni onlar həqiqətən də mi bir avtomobil uğrunda dava-dalaşa çıxırlar. Sonradan həmin şouda iştirak edən məşhurların sahibi olduqları 100 minlik avtomobilləri gözümün qarşısına gəlir deyə, torbada pişiyin olduğunu fikirləşirəm. Məlumat üçün qeyd edim ki, “Maşın şou”dakı iştirakçıların idarə etdikləri avtomobillər arasında ən ucuzu “Niva”dır ki, o da özünü kişi hesab etmədiyini səmimiyyətcəsinə etiraf edən Hüseyn Əzizoğluya məxsusdur. Kişi adamdır.

Aman Allah, onlar bir maşına görə bir-birilərini necə satırlar? Biri o birisinin boynunu qucaqlayıb agentlik edir. Digəri uğrunda canlarından keçməyə hazır olduqları maşını qucaqlayıb arxasını studianı lentə alan kameralara tərəf çevirir. Ki, televizor qarşısında əyləşən xalxın kişilərinin təzyiqini qaldırmağa cəhd göstərsin. Biri o birisini əxlaqsız adlandırır. Qarşı tərəf də onu tərbiyəsiz adlı cavab atəşi ilə susdurur. Sonra da ara soyuyur və hər şey elə bir film kimi, külək kimi əsib keçir. Amma bir də görürsən ki, qəflətən maşının arxa sol küncü istiqamətdən bidənə şimal-şərq küləyi ley kimi əsməyə başlayır.

Çox mənasız bir şoudur. Amma adından da göründüyü kimi şoudursa, məna kəsb etməyi onsuz da yolverilməzdir. Sadəcə olaraq, məna kəsb etmirsə, heç olmasa, bu tərbiyəsizliyi və arvad qırğınlarının qarşısını alsınlar. Əgər bu şouya bütün dünya baxa bilirsə, xahiş edirəm dünyaya Azərbaycan qadınını bunların obrazında təqdim etməyin!

Toğrul Allahverdili
İnterpress.az