İnterpress.az xəbər verir ki, ABŞ-dakı erməni diasporunun fəal üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb. Daha bir erməninin, özü də ABŞ-da yaşayan, diaspor üzvü olan erməninin “Sülh Platforması”na qoşulması dünyada mövcud olan erməni lobbisi və erməni diasporu mifinin dağılmasının növbəti təsdiqidir.
Qeyd edək ki, Platformanın yaradılması beynəlxalq səviyyədə də təqdir edilir. “Azərbaycan siyasi ekspertləri və hüquq müdafiəçiləri tərəfindən yaradılan Ermənistan-Azərbaycan sülh platforması Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müxtəlif qruplar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir”- deyə, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Ermənistan hakimiyyəti isə prosesdən çox narahatdır və artıq Xankəndidə platformanı müdafiə edən bir erməni yazıçı həbs edilib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni AzVision.az-a deyib ki, başlanan proses Sərkisyan rejimini panikaya salıb: “Rejim başa düşür ki, qısa zamanda minlərlə insan bu platformaya qoşula bilər. Bu isə onların sonu deməkdir. Artıq erməni xalqı işğala son qoyulmasını tələb edir, buna öz etirazını bildirir və xalq diplomatiyasından istifadə edərək münaqişənin həllinə töhfə vermək istəyir”.
Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, “Sülh platforması” ideyası ərazi bütövlüyümüz uğrunda aparılan savaşın diplomatik yolla davamıdır: “Yəni səngərdə dayanan əsgər Bakıda hər hansı görüşlərin, birgə konfransların nəticəsindən asılı deyil və düşmənin atəşinə istənilən vaxt kəskin zərbələr vura bilərlər. Hazırkı təşəbbüs hərbi yolu inkar etmək, yaxud onu əvəzləyərək yeganə alternativ kimi təslimçiliyə razı olmaq anlamında qəbul oluna bilməz. Halbuki əsas məqsədimiz Dağlıq Qarabağda yaşayan əhalinin uzun illər ərzində İrəvanın avantürası ilə dövlət qurmaq xəyalı ilə ayağa qalxaraq məruz qaldığı faciələrdən və regionu daimi təhlükə qarşısında saxlayan müharibə ab-havasından kənarlaşaraq, yeni yolların axtarılmasıdır. Azərbaycan bütün erməniləri məhv etməyi, milli mənsubiyyətinə görə harada yaşamasından asılı olmayaraq, onları qətlə yetirməyi qarşısına məqsəd qoymayıb. Əksinə, erməni nazir Vihen Sarkisyanın təşəbbüsü ilə parlamentdə iki oxunuşdan keçən və cəmiyyətdə böyük narazılıq doğuran qanun əsasında Qarabağda vuruşaraq həyatını itirən şəxslərin ailəsinə 20 min dollar yardım layihəsi mahiyyətcə savaş niyyətinə xidmət edir və hakimiyyətin hansı mənfur planlarda olduğunu yaxşı göstərir. Hökumətin valideynlərlə müqavilə bağlayaraq, gənclərin başına haqq qoyması, onların qurban gedən canına görə xalqdan vergi yığıb sonra guya geri qaytarması və özünü vətənpərvər notda təqdim etməsi fonunda Azərbaycan ermənilərə təhlükəsizlik qarantiyaları vəd edir”.
Lakin Z.Oruc xatırlatdı ki, burada konkret şərt var: “Ölkəmizin ərazi bütövlüyünü tanımaqla, Konstitusiyamıza hörmət göstərməklə və xalqımıza qarşı keçmişdə baş vermiş qəddarlıqları pisləməklə o adamlar dövlətimiz tərəfindən vətəndaş haqlarına layiq görüləcək və birgə yaşamlarına təminat veriləcək. Ona görə də \”Sülh Platforması\”na erməni hakim dairələri süngü ilə cavab verib. Onların hərbi diktaturası yalnız silahlı savaş fəlsəfəsinə söykəndiyindən belə cəhdlərə normal yanaşa bilmirlər. Nəticədə “erməni birliyi” haqda təbliğat iflasa uğrayır, Sərkisyanın “iki xalq dinc yanaşı yaşa bilməz” hökmü puç olur və səngərdə dayanan əsgərlə arxa cəbhədəki mülki insanların arasında dərin uçurum yaranır. Unutmaq olmaz ki, ikinci dünya müharibəsinin ən şiddətli çağında Stalin “bütün alman xalqını düşmən hesab etmədiklərini” bəyan edirdi və o zamanın informasiya vasitələri həmin qərarı aylarla daxili-xarici məkanda təbliğ edirdi. Məqsəd hər iki cinahda yaşayan mülki insanları-almanları fasızımın yemi olmaqdan çıxarmaq idi\”.
Z.Oruc hesab edir ki, ona görə də ermənilərin Azərbaycan tərəfindən səngərə daxil olacaq günə qədər bütün fərqli yolları aramaq gərəkdir: “Əslində 90-cı illərdə belələri olub. Ərazilərimizin işğaldan azad olunmasına xidmət edən bütün yollar məqbuldur. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə parlamentdə keçirilən dinləmələrdə keçmiş nazir Həsən Həsənov ibrətamiz bir söz dedi. Onu xatırlatmaqda fayda olduğunu düşünürəm. Həsən müəllim dedi ki, müharibə zamanı ali baş komandanlar məsuliyyəti müəyyən qədər xalqla, hərbçilərlə – əsgər və zabitlərlə bölüşür, lakin sülh vaxtı savaşı təkbaşına aparırlar. Ona görə də hazırda sözügedən layihəyə qoşulan ermənilər imzaları ilə səngərdə qətlə yetirilən həmvətənlərini xilas edəcəklərsə və Qarabağın Azərbaycan tərkibində qalaraq, birgə gələcək quruculuğu məramına yardımçı olacaqlarsa, onları alqışlamaq lazımdır”.
İnterpress.az