Milli Məclisin deputatı Astan Şahverdiyev ara-sıra mətbuata açıqlama versə də, hər dəfə danışdıqdan sonra qalmaqal yaradır. Deputatın işlətdiyi ehtiyatsız ifadələri sonradan onun öz əleyhinə çevrilir və nəticədə iş gedib çıxır Milli Məclisin İntizam komissiyasına.
Xatırladaq ki, ötən il “Azadlıq” radiosuna müsahibəsində Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırmışdı. Onun bu fikri geniş müzakirələrə səbəb oldu. Xüsusilə də Rusiyada yaşayan azərbaycanlılar deputatın bu sözünü böyük aqressiya ilə qarşılayıb, video müraciətlər vasitəsilə onu ölümlə belə təhdid etdilər.
Daha sonra Milli Məclisin İntizam komissiyasının iclası keçirildi və Astan Şahverdiyev orada çıxış edərək, səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söylədi.
İclasın sonunda İntizam komissiyasının adından deputata tövsiyə olundu ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev deputatlar tərəfindən səslənən irad və fikirləri, İntizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə ölkə daxilində və xaricində yaşayan azərbaycanlılardan, xalqdan bir daha üzr istədiyini ifadə edib və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğuladı.
Doğrudur, o, bu dəfə kimlərəsə “otxod” demədi, ancaq ictimaiyyəti aldatmağa çalışdı. Məlum olduğu kimi, baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevi müdafiə edən Astan Şahverdiyev, israrla “Gelandevagen” olayında onun iştirak etmədiyini vurğuladı. Lakin hüquq-mühafizə orqanlarının açıqlamaları göstərdi ki, Astan Şahverdiyev yanlış fikirlər səsləndirib.
Nəticə olaraq Milli Məclisin İntizam komissiyası bir daha Astan Şahverdiyevə görə toplanacaq. Bu barədə ölkə.az saytına açıqlamasında komissiyanın sədri Ağacan Əbiyev məlumat verib. Bəs Astan Şahverdiyevin mandatı əlindən alına bilərmi?
Öncə qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinin 41-ci maddəsində İntizam komissiyasının fəaliyyəti ilə bağlı aşağıdakılar bildirilir: “Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir.
Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
Komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İntizam komissiyasının qərarı ilə razı olmayan onun üzvü komissiyanın protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər\”.
Daxili nizamnamənin 22-ci maddəsində isə aşağıdakılar qeyd olunur: “Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin sədri, bir qayda olaraq, deputat haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə İntizam komissiyasının qənaəti söylənilir.
Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verə bilər\”.
Nəticə etibarı ilə qeyd edə bilərik ki, İntizam komissiyası deputatın fəaliyyətinə xitam verə bilər. Ancaq bu şərtlə ki, Baş Prokurorluğun təqdimatı olsun. Etik qaydaların pozulmasına görə isə töhmət verilir. Bu səbəbdən onun mandatlıq hüququnun alınması üçün isə müəyyən proseduralar keçilməlidir. (musavat)
İnterpress.az