Haridas – Əli Rzazadə yazırbackend

Haridas – Əli Rzazadə yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqşünas, yazıçı-publisist Əli Rzazadənin “Haridas” hekayəsini təqdim edirik:

Haridas beş yaşında olarkən atası ilə birlikdə dəmirçinin yanına getdiyini xatırladı. Od tutub yanan kürədən çıxmış dəmiri isti-isti döyərək zəncir düzəldən, kürənin işığı ilə tərin parıldatdığı çılpaq bədənli, möhkəm əzələlələrə malik dəmirçini də unutmurdu.

Elə oradaca az öncə kürədən çıxarılıb soyumağa qoyulmuş zəncir ehtiyatsızlıq ucbatından Haridasın barmağının ucunu yandırmışdı, elə o vaxtdan oda, atəşə qarşı dəhşətli fobiyası yaranmışdı. O gündən uzun illər keçməsinə baxmayaraq harda qalanmış tonqal, yandırılmış ocaq, od şölələri görərdisə, istisini hiss etmədən qaçıb, uzaqlaşardı. O hadisədən bir müddət sonra yaxın qohumları ilə birlikdə nənə və babasının kremasiya edilməsində iştirak etdi və varlığını sarmış od qorxusu birə on artdı.

Həmişə fikirləşirdi ki, o da bir gün mərhum nənə və babası kimi dünyadan köçəndə insanlar tərəfindən yandırılacaq, külü isə tanrıça Krişnanın ayaqları altından axaraq ucsuz bucaqsız məsafələr qət edən müqəddəs Qanq çayına səpiləcək və külə çevrilmiş mövcudluğu çayın şırıltısı ilə birlikdə uzaqlarda itib -batacaq.

Bu mənasız qorxu yaradan təsəvvür, Haridasın xoş gününü təlx etmişdi. İsti zəncirin onun barmağını yandırmasından sonra oddan qorxduğu üçün heç vaxt bununla barışa bilmirdi. Amma o, bir gün mütləq öləcəyini qəbul edirdi və anlayırdı ki, digər hindlilər kimi onun da kremasiyadan qaçışı yoxdur.

Elə olurdu ki, gecənin yarısına qədər içini bürümüş qorxu hissi ona yatmağa da mane olurdu. Taxta çarpayının üstünə sərilmiş nazik mələfənin içində fırfıra kimi fırlanır, gözünə yuxu getmirdi. Səhərə yaxın qorxusunu bağrına basıb ağlaya-ağlaya yuxuya gedirdi.

Evlərinin yaxınlığındakı hindu məbədindən səhərədək eşidilən müqəddəs mətnlərin ölümdən bəhs edən kəlamları üstünə hücum çəkir və onu daha da qorxudurdu.

Hərdən onu bürümüş zəifliyini unutmağa, barmağı yanmış qətiyyətli balaca oğlanın gözündə sevinc çəkməyə çalışır, uşaqlığın ləzzətli etinasızlığı ürəyində yenidən işıq saçır…

Amma bu müvəqqəti baş verirdi.

Əslində o, ölümdən yox, sonrakı dəqiqələr üçün narahat idi. O, kremasiya mərkəzi kimi tanınan Varanasidə doğulmuşdu. Təsəvvür edirdi ki, öləndən sonra hər bir hindli kimi onu da Varanasidəki müqəddəs çayın sahilinə aparar, orada bədəninə müəqddəs Qanq suyu çilədikdən sonra üzərinə odun yığaraq yandıracaqlar. Ətrafı bürüyən od şölələri onun bədəninə yeriyəcək və tanınmaz hala salacaqdır. Daha sonra isə onun bədəni külə çevriləcəkdir. Lakin o, bunu qətiyyən istəmirdi. Hind olaraq doğulmağında onun heç bir günahı yox idi. “Axı bu ədalət deyil”-deyə düşünürdü. Həm də düşünürdü ki, bu dünyada ədalətə çatmaq üçün Tanrı var olmalıdır… Ədalətsiz dünya dözülməz cəhənnəmdir.

Qəribəsi bu idi ki, Qanqın digər sahilində gənclər həyat eşqi ilə eşq şerləri oxuyub rəqs edirdilər, sanki çayın digər sahilindəki gecə-gündüz sönməyən dəfn tonqallarında külə çevrilən həmşəhərlilərini görmürdülər. Bu ziddiyyət təşkil edən mənzərəyə baxanda, o eşq şeirlərini oxuyub rəqs edən gənclər Haridasın gözündə od ətrafında fırlanan kəpənəyə bənzəyirdilər.

“Odu sevənlərin hamısı kəpənək kimidir, sonda isə ölürlər” deyə Haridas düşünürdü.

Onların rəqsi Haridası əsəbləşdirirdi. Çünki kədərinin yad adamlar tərəfindən oğurlanaraq şadlığa çevirilməsini sevmirdir. İstəyirdi üzünü rəngarəng sarili qızlara, əl çalaraq mahnı oxuyan oğlanlara tutub ucadan qışqırsın “Ey od sevər kəpənəklər, bəsdir rəqs etdiniz… Öləndə kəpənəyin sevgisindən nə qalır? Kəpənəyin yeganə təcrübəsi odun içində yanmaqdır”. Amma səbrini basırdı.

Haridasın valideynləri çox da uzaq olmayan Satra kəndindən Qanqın qərb sahilində yerləşən Varanasiyə köçmüşdülər. Ara-sıra Varanasidən əcdadlarının dogma yurdu sayılan Satra kəndinə gedir, kəndin kələ- kötür küçələrində isti qum üzərində ayağıyalın qaçışan uşaqlarla vaxt keçirirdi. Kənddə yaşamaq, kəndli olmaq, orada şəkər qamışları arasında gəzişmək ona böyük xoşbəxtlik bəxş edir, varlığını bürümüş qorxudan müvəqqəti olaraq uzaqlaşırdı. Bu kənd Haridasın yeganə sığınacaq yeri idi.

Haqlı olaraq düşünürdü ki, kəndləri Tanrı, şəhərləri isə insanlar yaradır. Tanrı ilk insanı kənd şəraitində yaratdı, o isə Yaradanın ona verdiyi şəraitlə qane olmayaraq şəhərlər meydana gətirdi. İnsan təbiilikdən süniliyə qaçdı. Şəhərə sığınmaqla bir az çətin təbii həyat şəraitindən qurtulduğunu sanaraq, təbii xoşbəxtliyini də bir -bir itirdi. Xoşbəxtlik kənd evlərinin kərpiclərində qaldı. Amma çox az adam anladı ki, insanlar daim təbiətin şıltaqlığından təhlükəsiz sığınacaq axtararaq, həyatın bütün təhlükələrindən hər tərəfə qaçaraq gizlənirlər, ölümdən daldalanmaq üçün yüksək binalar, yeraltı sığınacaqlar tikirlər, amma sonra bütün tədbirlərə baxmayaraq yenə də bir-bir ölürlər.
Satra kəndində köhnə bir daxmanın qarşısında əyləşmiş, ömrünün sonunu gözləyən çox yaşlı bir hindu ilə rastlaşdı. Onun qoca camışı isə həyətinin yaşıl xalçasında rahatca otlayır, o isə camışını otarırmış kimi oturub üfüqlərə, üzən buludlar arasından ora-bura səpələnmiş mavi ləkələrə bənzəyən səmaya tamaşa edirdi.

Kişini görəndə nədənsə, Haridasın od qorxusundan məyusluq uçurumuna düşmüş gözlərini qeyri-müəyyən bir xoşbəxtlik doldurdu. Yaxınlaşıb yaşlı hindlinin yanındakı daşın üstündə əyləşmək üçün izin aldı. Əynində iki parçadan ibarət geyim olan kişi, birdən: “Allah səni xilas edənə qədər qorusun” -dedi, üzündə məmnunluq təbəssümü yarandı və ona yanında əyləşmək üçün məmnuniyyətlə izin verdi. Sanki Haridasın vücudunu bürümüş qorxu hissindən əvvəlcədən xəbərdar idi.

-Niyə belə məyussan? – deyə qoca yanında əyləşmiş Haridasdan soruşdu.

– Bir müddətdir içimdə naməlum bir qorxu hissi baş qaldırıb – deyə Haridas məyusluğunu gizlətməyərək cavab verdi.

-Nədən qorxursan, yaşamaqdan yoxsa ölməkdən?

-Nə yaşamaqdan, nə də ölkməkdən qorxuram. Qorxduğum tək şey öldükdən sonra insanların məni yandırmalarıdır. Babam və nənəm öləndə hər bir hindli kimi onları Qanqın sahilində yandırdılar, mən də bunun canlı şahidi oldum.

-Bəs onlar nə dedilər, etiraz etmədilər?- qoca laqeyid şəkildə soruşdu.

-Kimlər?

– özləri, baban və nənən.

-Axı onlar buna etiraz edə bilməzdilər- deyə Haridas təbəssümünü gizlədə bilmədi- Ölmüşdülər, hissiyyatsız idilər.

O bu fikirin dərinliklərindən çıxana qədər kişi uca səslə düşünürmüş kimi: “Qurbanlar başqa qurbanların qurbanıdır”-deyib ayağa qalxdı və bir az aralıda otlayan camışına tərəf hərəkət etməyə başlamazdan qabaq belə dedi:

-Elə isə bəs səni qorxudan nədir? Sən də o zaman baş verənləri hiss etməyəcəksən. Bunu hiss edən isə sənin övladların, nəvələrin və dostların olacaq. Əslində hindlilər öləni yox, ordakı diriləri yandırır, müsəlman və xaçpərəstlər də öləni deyil, onunla bir yerdə məzarlığa gələn insanların dünya ilə bağlı mənasız istək və arzularını, xəyallarını dəfn edirlər övladım- deyib, ətrafındakı hər şeyi sevməklə yaşayan o insan tənbəl camışının otlamaq üçün yerini dəyişmək məqsədilə şəhərdən kəndə gələn Haridasdan uzaqlaşdı.

Haridasın gözləri parıldadı, hövlnak oturduğu daşın üstündən qalxdı. Hindunun sözləri mehriban ev pişiyi kimi həyatına sıçradı. Kişinin əlindəki ağac parçasının pıçıltısının səsini, gülüşünü eşitdi və bir qədər arxayınlaşdı. Bir az aralanan dodaqlarının arasından kiçik bir pıçıltı çıxdı, sonra fasilələrlə nəfəs alaraq bunu təkrarladı, “Bu həqiqətən də həqiqətdir”,-dedi.

Haridas indiyə qədər bugünkü kimi dərin düşünməmişdi. Kişinin dəniz kimi dərinliyindən heyrətə gəldi. Doğruymuş ki, dənizlər onda batmış cəsədləri ilə suyun səthində üzür, qiymətsiz mirvarilər dənizin dərinliklərində yatır.
Təbii ki, insanı gələcəyə doğru ümidlə aparan xoş xəyallar və təsəvvürlərdir. Təsəvvürsüz, xülyasız yaşamağa davam etmək mümkün deyil. Bunlar mövcud olmasaydı,insan hələ də meşələrdə çılpaq gəzərdi. Həyatda baş verən hər bir irəliləyişin və həyat şəraitinin yaxşılaşmasına səbəb olan hər şeyin arxasında müvəqqəti aramlıq bəxş edən təxəyyül dayanır.

Haridası əhatə etmiş qorxu, artıq tamamilə aradan qalxmış, ruhu qorxu məhbəsindən azad olmuşdu. Çünki dünyada mövcud olan bütün problemlərin yeganə əlacı sözdür. Bir vəya bir neçə cümlə insanı onu sarımış dərdlərdən xilas etməyə qadirdir. Lazım olan isə o həqiqi sözü digərlərindən fərqləndirməyi bacarmaq və onu deyənə rast gələ bilməkdir.
Gözləmək… o qədər gözləmək ki, qoy bütün çiçəklər açılsın və insanlar bir müddət sonra təbii çiçəyi sünidən ayırmağı bacarsın.