Türkiyə növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır – Yeni PUA gəlir..backend

Türkiyə növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır – Yeni PUA gəlir..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın hava dəstəyi, raket hücumu, düşmənin HHM sistemlərinin basdırılması və məhv edilməsi üçün nəzərdə tutulan MİUS
Yaxın Şərqdə baş verən istənilən gərginlik Türkiyə Silahlı Qüvvələrinin fəal iştirakı ilə müşahidə olunur. Bu fəaliyyətlər əsasən Hərbi Hava Qüvvələrinin kəşfiyyat və yer hədəflərinə zərbələr endirilməsi ilə bərabər bir sıra digər vəzifələrin yerinə yetirilməsini ilə təmin edilir.
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın və İraqın şimal bölgələrində aktiv fəaliyyət üçün geniş imkanlara malikdir. Hazırda TSQ-nin Hərbi Hava Qüvvələrinin tabeliyində təxminən müxtəlif təyinatlı 30-dan çox döyüş eskadrilyası mövcuddur. HHQ Komandanlığı taktiki və strateji aviasiyanın, PUA-ların və HHM-in tətbiqi üçün cavabdehdir. Aktiv qırıcı-bombardmançı aviasiya hazırda müxtəlif növ vasitələrdən istifadə edərək 9 eskadrilya ilə təmsil olunur. İki taktiki kəşfiyyat və bir erkən xəbərdarlıq (AWACS) eskadrilyası da təşkil edilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının əsasını bir neçə modifikasiyalı F-16C/D qırıcı-bombardmançıları təşkil edir. Ümumilikdə Türkiyədə bu tip 240-dan çox təyyarə mövcuddur. Onların az bir hissəsi də təlim eskadrilyaları tərəfindən istismar olunur. İkinci tip döyüş təyyarələrinə 48 ədəd F-4E qırıcıları daxildir. Türkiyədə başqa tipdə qırıcı yoxdur. Qırıcıların fasiləsiz istifadəsi onların resurlarının tükənməsinə səbəb olur. Gələcəkdə 100 ədəd müasir F-35-lərin alınması planlaşdırılırdı, lakin bu Ankaranın Rusiyadan S-400 ZRK əldə etməsi ilə hələlik dayandırılıb.
Təlim təyyarələri parkının planlı yenilənməsi nəzərdə tutulur. Bunun üçün yerli TAI “Hürkuş” təyyarələri və Pakistanın PAC MFI-17 “Mushshak” təlim təyyarələri əldə edilib.
Kosmik peyklərdən də istifadə edən Türkiyə Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları istiqamətini fəal şəkildə inkişaf etdirir. Silahlanmada kəşfiyyat və zərbə tipli müxtəlif PUA-lar mövcuddur. PUA parkının əsas hissəsi kəşfiyyat və zərbə tipli vasitələrdir. Bunlara əsasənın əksəriyyəti döyüş əməliyyatlarının taleyini həll etmək imkanına malik yerli “Bayraktar” və ANKA ailəsinin üzvləridir.
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı parkını inkişaf etdirməyi planlaşdırır, lakin bu proses bəzi problemlərlə üzləşib. Döyüş aviasiyasının inkişafına dair F-35 proqramı faktiki olaraq dayandırılıb.
Buna görə də Türkiyə hazırda özünün 5-ci nəsil qırıcı proqramını sürətləndirib. TF-X layihəsini TAI həyata keçirir. İndi layihə inkişaf mərhələsindədir, prototipin ilk uçuşunun 2023-cü ildə həyata keçiriləcəyi vəd edilir. Otuzuncu illərin əvvəlinə qədər isə hazır seriyalı qırıcı qoşunlara təhvil verilməlidir.
Hazırda Türkiyə Hərbi hava Qüvvələrinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Hazırkı vəziyyətdə onlar təyin olunan vəzifələri tam həll etmək iqtidarındadır, lakin bu çərçivədə bəzi vəzifələrin gələcək icrası üçün müasir qırıcılara tələbat qaçılmazdır. Bölgənin digər region ölkələrinin fonunda Türkiyə HHQ-si daha geniş tərkibə və üstün imkanlara malikdir. PUA sahəsində vəziyyət kifayət qədər nikbinliyə səbəb olur. Əsas siniflərin bir çox modeli yerli müəssisələrdə istehsal olunur və istismar edilir. Bununla birlikdə döyüş bölgəsində PUA-ların aktiv istifadəsi bu sahədə qiymətli təcrübənin əldə edilməsinə səbəb olur. Bu isə pilotlu aviasiyanın pilotsuz vasitələrlə tamamlanmasına, gələcəkdə isə yerli PUA-ların imkanları ilə qırıcıların xüsusiyyətlərini inteqrasiya etməyə imkan verəcək.
MİUS
Türkiyənin yeni pilotsuz vasitəsi Ukraynanın “Motor Siç” şirkətinin istehsal etdiyi mühərrikdən istifadə edəcək.  Onun idarəetməsi süni intellektlə həyata keçiriləcəyi və pilotsuz vasitə müstəqil olaraq bəzi qərarlar qəbul edə biləcəyi gözlənilir. Türkiyənin  “Baykar Makina” şirkəti özünün Twitter səhifəsində “Motor Siç”-in  AI-25 mühərriki ilə təchiz olunan gələcək zərbə PUA-sının  görüntülərini paylaşıb. Yeni pilotsuz vasitə MİUS (Muharip İnsansız Uçak Sistemi – Pilotsuz Döyüş Aviasiya Sistemi) adlanır.
Bu layihəni Türkiyənin TAİ şirkətinin həyata keçirdiyi və daha əvvəl adı çəkilən TF-X qırıcı layihəsi ilə qarşıdırmaq olmaz. Layihənin bəzi ortaq nöqtələri olsa da, bunlar iki fərqli şirkətin həyata keçirdiyi müxtəlif təyinatlı layıhələrdir. Gələn analizlərin birində TF-X mövzusuna geniş toxunulacaq.
İnkişaf mərhələsi
Şirkətin texniki direktoru Haluk Bayraktar MİUS layihəsini “Baykar” üçün iddialı bir hədəf olduğunu bildirib. Hazırda inkişaf etdirilən layihə konseptual dizayn mərhələsindədir. İnkişaf üçün əsas tələblər və ehtiyaclar müəyyənləşdirilir. S.Bayraktar da PUA-nın süni zəka ilə idarə ediləcəyini və bunun təkbaşına bəzi qərarlar verməsinə imkan verəcəyini təsdiqləyib. “Baykar” şirkəti MİUS-un inkişafı üçün 36 aylıq bir layihə cədvəlini elan edib. Təqvimə görə konseptual dizayn prosesi 3 ay, ilkin dizayn müddəti 4 ay, son dizayn müddəti 8 ay, prototip istehsalı və sınaq müddəti 12 ay, yerüstü və uçuş sınaq müddəti isə 9 ay çəkəcək.
Təyinatı
Yeni pilotsuz MİUS-un ilk uçuşu 2023-cü ildə reallaşması planlaşdırılır. Bu pilotsuz aviasiya sahəsində Türkiyənin növbəti uğuru olacaq. MİUS strateji hücum əməliyyatlarında istifadə, yaxın hava dəstəyi, raket hücumu, düşmənin HHM sistemlərinin basdırılması və məhv edilməsi üçün nəzərdə tutulub. MİUS layihəsi səsdən sürətlə və yüksək hündürlüklərdə uçmaq üçün nəzərdə tutulur. Onun bütün inkişafı “Baykar Makina” tərəfindən və daxili mənbələr hesabına həyata keçirilir. Dərc olunan göstəricilərə görə, PUA Türkiyənin universal desant gəmiləri üzərində də yerləşdirilə biləcək.
Konstruksiyası və silahlanması
MİUS səs sürətinə yaxın kreyser sürətilə vəzifələrini icra edəcək. Sonrakı prototipleri ise səsdən sürətli olacaq.  Bir tondan çox sursat və faydalı yük daşıya biləcək. Silahlanmasına “hava-hava”, “hava-yer” tipli ağıllı və qanadlı raketlər daxil olacaq. Sursatlarını gövdə içərisində gəzdirəcək və buna görə də radarlara görünmə əmsalı kiçik olacaq. Qanadlarında sursat daşımaq üçün asqılar yerləşdirilməsi də nəzərdə tutulur.
Texniki uçuş xüsusiyyətləri
Yeni Türkiyə PUA-sı aşağıdakı texniki xüsusiyyətlərə malik olacaq:
Uçuş hündürlüyü  – 12 km;
Uçuş məsafəsi – SATCOM məlumat şəbəkəsi sayəsində məhdud deyil;
Uçuş müddəti – 5 saat;
Sürəti (standart ilkin versiyada)- 900 km / s-dən çoxdur;
Faydalı yükün kütləsi –1000 kq və daha çox.
Ukrayna mühərriklərinin Türkiyə PUA-larında tətbiqi
Ukrayna 2021 ilə 2030-cu illər arasında AKINCI üçün AI-450, MIUS üçün isə AI-25TLT turbopərli mühərriklər tədarük edəcək. 10 il ərzində Ukraynanın “Baykar” şirkətinə ümumi dəyəri 600 milyon dollardan çox olan 500-dən çox mühərrik ixrac etməsi gözlənilir. Bu məlumatlar “Baykar” tərəfindən hələ təsdiqlənməyib.
Türkiyə mühərrik məsələsində asılılığını aradan qaldırmaq üçün 2019-cu ilin avqust ayında Ukrayna ilə baş ofisi Türkiyədə yerləşən “Black Sea Shield” (Qara Dəniz Qalxanı) adlı ortaq şirkət qurdu. “Baykar” ortaq şirkətin səhmlərinin 51 faizinə, Ukraynanın “Ukrspetsexport” birliyi isə 49 faizinə sahibdir. Ortaq şirkət Ukrayna  mühərriklərini Türkiyədə istehsal edəcəyi gözlənilir. Mühərriklərin əqli mülkiyyət hüquqları Türkiyəyə də aid olacağı iddia edilir.
AI-25TL mühərrikləri təlim və yüngül hücum təyyarələrində, yəni qalxma kütləsi 4700 kiloqrama qədər olan təyyarələrdə istifadə edilə bilər. AI-25TL mühəriikləri inteqrasiya edilən təyyarələrə “Aero L-39 Albatros” təlim və “Hongdu” JL-8 yüngül hücum təyyarələri də aiddir. AI-25TL 1973-cü ildən bəri kütləvi istehsal olunur. İstehsalçı AI-25TL mühərriki üzərində xüsusi olaraq Türkiyə üçün AI-25TLT adlanan mühərrik hazırlayacağı gözlənilir.
Selçuk Bayraktarın verdiyi açıqlamada ilk prototiplərin səsdən aşağı sürətdə, gələcək prototiplərin səsdən sürətlə üçacağı ifadə edildi. İlkin mərhələdə Ukraynadan alınan mühərriklərin səs sürətini aşması ehtimalı elə də yüksək deyil.
Bu nöqtədə TUSAŞ Motor Sənaye A.Ş-nin bu yaxınlarda patent aldığı “TF-6000” adlı turbopərli mühərrik də gündəmə gələ bilər. Mütəxəssislər mühərrikin sırf PUA üçün hazırlandığını iddia edirlər.
Nəticə
“Baykar” şirkətinin “Akinci” PUA-larının Ukrayna mühərrikləri ilə uçuş hündürlüyü üzrə rekordunu bu yaxınlarda təzələyib. Sonra isə PUA tam döyüş yükü ilə havaya qalxıb. Bundan əvvəl isə “Akinci” bir gün ərzində 6 min km-dən çox məsafə qət etmişdi. Belə bir imkanlara malik PUA-nın hazırlanması, MİUS layihəsinin həyata keçirilməsinə də müsbət təsir göstərir.
Qeyd olunan faktlardan belə nəlum olur ki, Türkiyənin müdafiə sənaye şirkətləri kosmik peyk, “Hürkuş” təyyarəsi, ATAK helikopteri, “Bayraktar”, “Kargu” və ANKA PUA ailərlərindən sonra növbəti dəfə dünyanı MİUS layihəsi ilə təəccübləndirəcək. Yaxın Şərqdə və Qarabağda döyüş əməliyyatlarının taleyinə birbaşa təsir edən PUA sistemləri istehsal etməklə silah bazarının bu seqmentində 3 əsas oyunçudan birinə çevrilən Türkiyə, qarşılaşdığı ciddi ekoloji təhdidlərə baxmayaraq, əldə etdiyi yüksək mövqeyi ilə razılaşmaq niyyətində deyil. Yaxın 10 ildə 11 dəfə böyüyərək 100 milyard dollara yaxınlaşacaq PUA bazarında Ankara daha üstün mövqe tutmaqla haqq etdiyi müştəriləri əldə etməkdə qərarlıdır. Dəniz vasitələrinə PUA-ların inteqrasiyası artıq həyata keçirilir. Yerli TF-X müasir qırıcı layihəsi də uğurla irəlləyir. Təbii ki, qardaş ölkənin müdafiə sənayesinin yüksək templərlə irəlləməsi hər birimizi sevindirir. Bu nailiyyətlər Azərbaycan müdafiə sənayesi üçün də stimulllaşdırıcı faktor kimi dəyərləndirilməlidir.