Müasir, müstəqil Azərbaycan dövləti bu dövlətin qurucusu, xilaskarı, tarixi şəxsiyyət, lider Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Ümummilli lider kimi uşaqdan böyüyə hər kəsin məhəbbətini qazanmış sadə insan, hər kəsin örnək olaraq gördüyü dahi şəxsiyyət, dövlət xadimidir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 2023-cü il mayın 10-da dahi liderin 100 illiyi tamam olub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2022-ci il 29 sentyabr sərəncamına uyğun olaraq 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qərar imzalayıb. Bu qərarın əsasında Azərbaycan xalqının öz şəxsiyyətinə, dövlət qurucusuna olan sevgisi, hörməti, daim hər birimizin qəlbində yaşaması və xatirələrinin yaşadılmasından irəli gələn addımdır. Eyni zamanda böyüyən yeni gənc nəslin ümummilli liderin həyatı, fəaliyyəti haqqında, dövlətimizi müstəqilliyə,inkişafa aparan yolları öyrənmələri və bu müstəqilliyi qorumaları, hər sahədə daha da inkişaf etdirmələri, dünyada təbliğ etmələri üçün xüsusi töhfədir.
Heydər Əliyev fəaliyyəti dövründə daim Azərbaycanın mənafeyi, gələcək uğurları üçün çalışmışdır. 1944–cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb, 1969-cu ilə kimi burada işləmişdir. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və göstərdiyi uğurlu xidmətləri nəticəsində həmin ildə ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. O, fəaliyyəti dövründə bir çox mühüm tədbirlərə imza atmış,işlədiyi sahələrdə irəliləyişlərə nail olmuşdur. Bütün bu vəzifələrə baxmayaraq Heydər Əliyev Mixail Qarbaçovun ədalətsiz siyasətini dəstəkləməyib, tutduğu vəzifələrdən imtina etmişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə sovet ordusu tərəfindən törədilən qanlı faciəyə səssiz qalmamış,öz vətənpərvərliyini göstərərək ölkədən uzaqda olsa da, Moskvada bəyanatla çıxış edib və bu qanlı faciəyə səbəb olanların cəzalandırılmasını tələb etmiş və SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb.
Heydər Əliyev uzaqgörənliyi sayəsində qısa müddət ərzində ölkənin tərəqqisi üçün mühüm işlər görür. Elə buna görə də, o, 1992-ci il noyabrın 21-də hazırda ölkəmizdə üzvlərinin sayına və fəaliyyət istiqamətlərinə, gördüyü çoxşaxəli işlərə, tədbirlərə görə öndə olan Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. Onu da qeyd edim ki, YAP-ın bugünkü qüdrəti, ictimai-siyasi fəaliyyətdə birinci olması, digər partiyaları geridə qoyması məhz ulu öndərin qoyduğu bünövrənin, seçdiyi uyğun fəaliyyət strategiyasının nəticəsidir.
90-cı illərin əvvəlləri Azərbaycanın ictimai-siyasi həyatı çətin dövrə təsadüf edirdi. Bu dövrdə ölkəmizdə torpaqlarımızın bir hissəsi işğala məruz qaldı, insanlarımız torpaqların işğalı nəticəsində əzab-əziyyətə düçar oldu. Eləcə də ölkə vətəndaş müharibəsi və öz müstəqilliyini, varlığını itirmə təhlükəsi ilə üzləşdi. Bunun əsas səbəbi ölkənin, dövlətin səhv idarəçiliyi,hərc-mərclik, özbaşınalıq, siyasi iradənin, gücün olmaması Azərbaycanı təhlükəli vəziyyətlə üz-üzə qoydu. Ölkəmizin öz müstəqilliyini itirməsinin, vətəndaş müharibəsinin qarşısının alınması Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə fəaliyyətə başlaması ilə yekunlaşdı, sabitlik bərqərar olundu. Belə ki, Heydər Əliyev 1993-cü il iyunun 15-də sədri Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Beləliklə, 1993-2003-cü illərdə Ümummilli lider Heydər Əliyev ölkəmizin prezidenti olur. Bu müddət ərzində siyasi sabitlik bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi var olmasında son dərəcə əhəmiyyətli addımlar atmış,yalnız bu günü üçün deyil, gələcək inkişafi, suverenliyi, demokratik cəmiyyətin təşəkkül tapmasında vacib qərarlar vermiş, müxtəlif sahələrin inkişafı üçün fəaliyyət planları tərtib etmişdi. Onu da qeyd edim ki, bügünkü, müasir Azərbaycanın sürətlə inkişafı, dirçəlişi və çiçəklənməsində məhz Heydər Əliyevin imzaladığı mühüm sənədin böyük rolu var. Bu sənəd 1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi” adını almışdır. Burada dünyanın 8 ölkəsi və 13 neft şirkəti ilə Xəzərin Azərbaycan sektoruna düşən hissəsində neftin birgə işlənməsi və hasil olunan neftin bölüşdürülməsidir.
Bununla da Azərbaycan dövtətinin və xalqının həyatında mühüm dövr başlayır. Bu müqavilə nəticəsində ölkəmiz istər siyasi, iqtisadi, istərsə də hərbi sahədə mühüm inkişafa doğru addımlayır. Heydər Əliyevin mühüm xidmətlərindən biri də Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi, onun müasir standartlara,beynəlxalq müqavilərə əsaslanaraq suveren, demokratik, müstəqil dövlət kimi, xalqın rifahı, onların hüquq və azadlıqlarını rəhbər tutaraq hazırlanmasıdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyası hazırlanarkən dövlət dili məsələsi də irəli sürüldü. Beləliklə, ümumxalq səsverməsi nəticəsində 1995-ci ildə dövlət dilinin Azərbaycan dili olması Konstitusiyada öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyev hər zaman sadəcə siyasi rəhbər deyil, həm də əsil vətənpərvər şəxsiyyət kimi xalqın içində olmuş, hər kəsin problemləri ilə maraqlanmağa, onları həll etməyə can atmışdır. Ölkəmizin ən vacib məsələlərindən olan Qarabağla bağlı mühüm açıqlamalar vermiş, oradan köçkün düşən insanların şəraiti ilə şəxsən özü məşğul olmuş, onlarla görüşlər keçirmiş, onlara səmimiyyətlə yanaşmışdır. Heydər Əliyev hər zaman hər kəslə yaşına uyğun davranmışdır. Elə buna görədir ki, bu gün hər kəs onu sevgi, səmimiyyət, hörmətlə anır.
Heydər Əlirza oğlu Əliyev uzun müddət ABŞ klinikasında müalicə olunsa da, 2003- cü ildə dünyasını dəyişir. Bu gün dünyada ölkə olaraq öz sözümüzü deyir və yürüdürüksə, bu ulu öndərin uzaqgörənliyi, düşünülmüş strategiyasının, hədəflərinin nəticəsidir. O, hər zaman qəlbimizdə, xatirimizdə Azərbaycan dövlətinin qurucusu kimi, xalqın xilaskarı kimi yaşayıb və yaşayacaq, gələcək nəsillər üçün örnək olacaqdır.