Yəhya Babanlı: “Cümhuriyyət dövründə elektrik təsərrüfatına strateji baxış olmuşdur” – MÜSAHİBƏbackend

Yəhya Babanlı: “Cümhuriyyət dövründə elektrik təsərrüfatına strateji baxış olmuşdur” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Yəhya müəllim, qarşıdan Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi gəlir. Sizcə, yüz il əvvəl yaranmış və cəmi 23 ay yaşamış Cümhuriyyət bizə nə verdi?

– Öncə bütün dünya azərbaycanlılarını, soydaşlarımızı, ürəyi Azərbaycanla döyünən hər kəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edirəm. Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamları keçmişimizə, zəngin irsimizə və böyük şəxsiyyətlərimizə, istiqlal fədailərimizə hörmət və ehtiramı özündə əks etdirməklə indiki və gələcək nəsillərə dəyərli nümunə olmaqla yanaşı, müstəqil dövlətçiliyimizin tarixinə hüquqi-demokratik yanaşmanın və qlobal baxışın dərin ifadəsidir.

Ötən əsrin əvvəlləri və sonları Azərbaycan dövlətçilik tarixində keşməkeşli dövr olsa da, şanlı hadisələrlə tarixə həkk olunmuşdur. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, inqilablar, quruluşların dəyişməsi və hakimiyyətlərin bir-birini əvəz etməsi dünyanın siyasi xəritəsinin yenilənməsinə gətirib çıxardı, xüsusilə, 1917-ci və 1991-ci illərdə keçmiş Rusiya imperiyasını və Sovetlər ittifaqını əhatə edən coğrafiyada yaşayan və tarixi dövlətçiliyi olan xalqların həyatında milli və idealoji nöqteyi-nəzərdən yeni mərhələnin başlanmasına rəvac verdi. Belə bir mürəkkəb şəraitdə “millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqından” istifadə edən bu xalqlar ulu əcdadlarından miras qalan dəyərlərinə sahib çıxaraq, öz milli azadlıqlarına qovuşdu, müstəqil dövlətlərini yaratdılar və beynəlxalq aləmə bəyan etdilər. 1918-ci ilin may ayının 28-də Müsəlman-türk dünyasında ilk müstəqil, hüquqi, demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə, Millətlər Cəmiyyətində, yəni, 1919-cu ildə Paris Sülh Konfransındakı aparıcı güclər tərəfindən “de-fakto” tanınsada, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinüansına, yəni, dövlətçilik ənənəsinə malik olduğuna görə “de-yure” tanınmasına əsas oldu.

Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyəti suveren dövlət kimi 23 ay yaşasa da, milli məsələrdə, gələcək real və potensial imkanlar baxımından çox böyük işlər görə bildilər. Ən əsası isə milli məfkurə toxumunu səpdilər və zehniyyətləri dəyişdilər. Milli şüurun, milli təfəkkürün formalaşmasından başlamış milli kadr potensialının hazırlanmasına kimi. Ən mütərəqqi addımlardan biri isə müxtəlif sahələrdə ali təhsil almaq üçün dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbənin Avropanın ən yaxşı məktəblərinə göndərilməsi layihəsidir. Bu zamanı qabaqlayan düşünülmüş və məqsədyönli addım idi. Məhz elə AXC-nin unikallığı ondan ibarət idi ki, zamanı qabaqlayan sistem yaratmış və çağdaş ideyalar ortaya qoya bilmişlər. Bunu insan cəmiyyətinin bütün sahələrinə birmənalı şəkildə şamil etmək mümkündür. Bununla, məqsəd və vəzifə yeni addımlayan müstəqil dövlətin müxtəlif sahələrdə kadr çatışmazlığının aradan qaldırılması idi.

-Tarixçi alim kimi AXC dövründə ölkənin elektroenergetika sahəsinə münasibəti necə xarakterizə edərdiniz?

– Ölkənin strateji və vacib əhəmiyyət kəsb edən sahələrindən biri elektoenergetika idi. Ümumilikdə götürəndə sahibkarların inhisarında cəmləşən elektrik təsərrüfatı dövlət maraqları baxımından əlahiddə hesab olunurdu. Həyati vacib əhəmiyyətli sahəyə çevrilirdi. Buna görə də, qabaqlayıcı tədbirlər görüldü ki, kadr potensialı yaradılsın və ixtisaslı energetiklər hazırlanması üçün ali təhsil almalarına şərait yaradılsın.

Məhz elə tələbələrin siyahısına baxanda bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını görürük.

Cümhuriyyət tarixi ilə bağlı nəşrlərdə həmin dövrdə elektroenergetika sahəsində görülən işlərə geniş yer ayrılmır. Bununla belə tarixi sənədlərlə tanışlıq zamanı bu sahə ilə əlaqədar bəzi maraqlı məqamlara rast gəlmək mümkündür. Arxiv mənbələrində elektroenergetika ilə bağlı məlumatların azlıq təşkil etməsinin səbəblərindən biri AXC dövründə sözügedən sahənin Poçt və Teleqraf Nazirliyinin tərkibində fəaliyyət göstərməsi olub. Həmin dövrdə elektrik enerjisi müəssisələri xüsusi mülkiyyətçilərin əlində idi. Bunun bariz nümunəsi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 fevral 1919-cu il tarixli 17-ci iclasında qeyd olunurdu: “Şəhər idarəsi ticarət müəssisələrindən, işıqdan və bu kimi yerlərdən xüsusi vergi almalıdır”.
Bundan başqa, Parlamentin 13 oktyabr 1919-cu il 83-cü iclasında Abuzər bəy Rzayev küçələrin işıqlandırılması haqqında deyirdi: “Yadınızdadır ki, keçən il küçələrdən keçmək olmurdu. Hər yer zibil, topraq, dağılmış… Şimdi görürsünüz, küçələr təmiz, zibil atılmış, elektriçeski yanır, qonka işləyir, məktəblər də açılır”.
Parlamentin digər üzvü – Səməd ağa Ağamalıoğlu isə fikir mübadiləsinə qoşularaq belə demişdi: “Hamıya da məlumdur ki, pul olmazsa, küçələr təmizlənməz və işıq da olmaz”.

Azərbaycan Parlamentinin üzvləri arasında bu kiçik mükalimə AXC dövründə elektroenergetika sahəsinə də diqqətin olduğunu bariz göstərir. Məhz bu yüksək diqqətin nəticəsi idi ki, “İstiqlal Bəyannaməsi”qəbul olunduqdan cəmi bir il sonra Azərbaycanda elektrik enerjisinin istehsalı xeyli artırılmış, paytaxt küçələrinin işıqlandırılması yaxşılaşdırılmışdır.

– Milli kadrların hazırlanmasında da yetərincə cəhdlər olmuşdu…

– Ölkədə elmin və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət Parlamenti və Hökuməti milli kadrlar hazırlanmasını sürətləndirmək üçün xüsusi səy göstərirdi. Onlar bilirdilər ki, bu sahələr bütünlükdə sosial həyatın yüksəldilməsində, iqtisadiyyatın, (bu sahənin bir qolu olan elektrik təsərrüfatı) kənd təsərrüfatının və s. dirçəlişin əldə edilməsində vacib rol oynayır.

Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsis olunması ilə yanaşı, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edildi. Həmin gənclər arasında elektrotexnika elminə yiyələnmək üçün seçilənlər dəvardı. Onlardan biri – Firidun Əliyev 1919-cu ildə Bakı Politexnik Məktəbinin elektrotexnika şöbəsini bitirmişdi. O, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Almaniyaya göndərdi. Bəhram Hüseynzadə də təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün həmin ölkənin Darmştadt Ali Texniki Məktəbinə göndərildi. O, təhsilini başa vurduqdan sonra 1926-cı ildə Azərbaycana qayıtmış, əvvəlcə Gəncə Toxuculuq Kombinatında elektrik təsərrüfatının rəisi vəzifəsində çalışmış, sonra Azərbaycan SSR Xalq Torpaq Komissarlığında “Azərkəndelektrik” bölməsinin rəhbəri olmuşdur.
Avropaya göndərilən gənclərdən digəri – Mirismayıl Səidzadə Kiyev Politexnik İnstitutunun elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Parlamentinin qərarına əsasən, o, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdi. Yusif Ağasıbəyli Drezden Texniki Universitetində, Zəkəriyyə Xiromanov isə Ştutqart İnstitutunda elektroenergetika üzrə təhsil alırdılar.
Mustafa Mustafayev təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdi. O, 1927-ci ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində 15 il mühəndis-energetik kimi bir sıra elektrik stansiyalarının tikintisində çalışmışdır. Yaqub Nərimanbəyov da dövlət hesabına elektrikləşdirmə üzrə ali təhsil almaq üçün Paris Universitetinə göndərilmiş, 1927-ci ildə təcrübəli mütəxəssis kimi Vətənə qayıtmış, Plan Komitəsində elektrikləşdirmə bölməsinin müdiri vəzifəsində çalışmışdır.

Tələbələrdən İsgəndərxan Rzazadə Petroqrad Politexnik İnstitutunun elektrotexnika şöbəsində oxumuş, lakin o da maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. O, Azərbaycan Parlamentinin qərarı ilə təhsilini elektrotexnika sahəsində başa vurmaq üçün Fransaya göndərilmişdi. İ.Rzazadə iki il Nansi Elektrotexnika İnstitutunda oxuduqdan sonra 1922-ci ilin əvvəllərində Darmştadt (Almaniya) Ali Texniki Məktəbinə keçmiş və 1924-cü ildə həmin təhsil ocağının elektrotexnika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bir müddət Darmştadt şəhər elektrik stansiyasında, “Azərneft”in Berlin kontorunda, Berlində özəl şirkətdə çalışmışdır. 1925-ci ilin sentyabrında Bakıya çağırılaraq “Elektrotok” İstehsalat Birliyində mühəndis-layihəçi vəzifəsində çalışmış, \”Qırmızı Ulduz\”elektrik stansiyası ilə leytenant Şmidt adına maşınqayırma zavodu arasındakı yüksəkgərginlikli elektrik xəttini layihələndirmiş, daha sonra Şəki, Zurnabad, Zaqatala və Xankəndində də elektrik stansiyalarının layihələndirilməsi və quraşdırılmasına rəhbərlik etmiş, Azərbaycan SSR 2-ci beşillik (1933-1937) üçün elektrikləşdirilmə planını hazırlamışdır. O həmçinin Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuş, kafedra müdiri işləmiş, Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcılarından biri kimi tanınmışdır. İsgəndərxan Rzazadə 1931-1933-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində energetika bölməsinin sədri olmuş, ömrünün son 4 ilini SSRİ EA Azərbaycan filialında çalışmış, 1937-ci ildən filialın energetika bölməsi rəhbərinin müavini işləmiş, bir çox ixtiraların, elektrotexnikanın aktual problemlərinə dair elmi əsərlərin müəllifı olmuşdur.

Göründüyü kimi, Azərbaycan Parlamentinin qərarı ilə azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi Xalq Cümhuriyyətinin mühüm töhfələrindən olmuşdur. Avropanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan gənclər sonradan Vətənə qayıdaraq, xalq təsərrüfatının bir çox sahələrində, o cümlədən elektroenergetika sahəsində fəaliyyət göstərərək, Azərbaycanın enerjisisteminin inkişafına mühüm töhfələr vermişlər.

Təəssüf ki, bolşevik işğalı nəticəsində süquta uğrayan AXC qarşıya qoyduğumilli və bəşəri dəyərlərə söykənən məramına tam müvəffəq ola bilmədi. 1920-ci il aprelin 28-də XI Qızıl ordu Bakını işğal etdikdən sonra “Siemens”in Azərbaycanda yerləşən firmaları, “Elektriçeskaya sila” Cəmiyyəti, gərginliyi 0,4-2 kV olan paylayıcı şəbəkə və digər azsaylı energetika müəssisələri Azərbaycan İnqilab Komitəsinin 12 iyun 1920-ci il tarixli dekreti ilə ləğv edilərək sovetləşdirildi (“milliləşdirildi”) və bu qurumların bazasında “Elektrotok” İdarəsi yaradıldı…

– Yəhya müəllim, bəs bu gün vəziyyət necədir, Azərbaycan elektroenergetika sahəsində hansı uğurlara imza atıb?

– Bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan Respublikası AzərbaycanXalq Cümhuriyyətinin varisidir. Müasir müstəqil Azərbaycan dövləti öz sələfinin1920-ci il bolşevik işğalı nəticəsində yarımçıq qalmış bir sıra planlarını uğurla həyata keçirməkdədir. Hazırda ölkəmizin dünyada artan nüfuzu, sürətli inkişafı, o cümlədən enerji sistemində yeni islahatların gerçəkləşdirilməsi, əlavə generasiya güclərinin tikilib istifadəyə verilməsi, elektrik enerjisi sahəsində dayanıqlığın və keyfiyyətin getdikcə artması müstəqilliyimizin bəhrəsidir.

Təkcə özünün deyil, regionun enerji təhlükəsizliyinin qarantına çevrilən və Avropanın etibarlı tərəfdaşı sayılan ölkəmiz tarixdən qaynaqlandığı mənbələr hesabına dərin dövlətçilik nümayiş etdirdiyinə görə məhz qısa zaman kəsiyində böyük uğurlara imza atmağa müvəffəq olub. Təbii ki, bunun kökündə sağlam təməllərə söykənən müdrik sima və unukal ideyalar dayanır. Mübaliğəsiz demək olar ki, buna Heydər Əliyev fenomeninin ustad yaradıcılığı sayəsində mümkün olmuşdur. Məhz dahi şəxsiyyət müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu konsepsiyasını müəyyən etmişdir.

İnterpress.az