Türkiyədə məhsulun 80%-ə qədəri şaxta nəticəsində məhv olub. Aprelin anomal -15°C şaxtaları son 30 ilin ən güclü şaxtası olub və Türkiyənin kənd təsərrüfatına ciddi ziyan vurub.
81 əyalətdən 36-da üzümün 80%-ə qədəri, ərik, alma və gilasın isə 50%-ə qədəri tələf olub. Məhsulu bərpa etmək mümkün deyil; yüzlərlə fermer müflis olmaq ərəfəsindədir.
Ölkədə meyvə-tərəvəzdə qıtlıq və qiymət artımı gözlənilir. Bunun Türkiyə məhsullarının müntəzəm tədarük edildiyi xarici bazarlara, o cümlədən Rusiya və Belarusa da təsir edə bilər.
Bu vəziyyət Azərbaycana təsir edə bilərmi və Azərbaycanın xarici bazarlarda Türkiyənin boşalan yerini tutmaq imkanları varmı?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli cavablandırıb.
“Qardaş Türkiyədə belə bir anomal hadisənin baş verməsi hamımızı təəssüfləndirir, amma bununla yanaşı bu prosesin Azərbaycana təsirləri müsbət qiymətləndirilə bilər.
Ona görə ki, Türkiyənin, bilirsiniz ki, bu regionda ciddi meyvə-tərəvəz bazarları var. O meyvə bazarları artıq bu il Türkiyənin əlindən çıxır. Yəni həmin meyvə bazarlarında qıtlıq yaranacaq, boşluq yaranacaq. Eyni zamanda, bu il Azərbaycanda bol məhsul gözlənilir.
Ona görə də mən hesab edirəm ki, Azərbaycan hökuməti həmin bazarlara çıxış üçün yerli fermelərə dəstək verməlidir ki, həmin bazarları başqa istehsalçılar tuta bilməsin, Azərbaycan heç olmasa müəyyən pay alsın.
Bu bazarlar Rusiyada da var, Belarusda da var. Digər keçmiş sovet ölkələrində olan o bazarlara Azərbaycan girə bilər.
Düzdür, Avropa bazarlarının standartları yüksəkdir, o standartlara cavab verən məhsul istehsal etmək bizim üçün çətindir. Amma keçmiş postsovet məkanında olan bazarlara Azərbaycan fermerlərinin girməsi mümkündür. Bunun üçün həm fermerlər özləri hərəkət eləməlidir, həm də dövlət müxtəlif formalı dəstək verməlidir.
Kənti Təsərrüfatı Nazirliyi bu işin marketinqi ilə indidən məşğul olmağa başlamalıdır”, – ekspert vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az