Hacıxanımın “qarışıq yuxuları” yaxud kitabı gözdən salmaq cəhdibackend

Hacıxanımın “qarışıq yuxuları” yaxud kitabı gözdən salmaq cəhdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 2020-ci ildə 256 səhifədən ibarət «Azərbaycan dilində durğu işarələri sistemi» (Bakı, «Avropa» nəşriyyatı) kitabını çapdan buraxmışdır. Kitabdakı məqalələr əsasən mənim rəhbərlik etdiyim «Müasir Azərbaycan dili» şöbəsinin əməkdaşları tərəfindən qələmə alınmışdır. Məqalələrdə dilimizin durğu işarələrinin qayda və prinsipləri, yazıda işlənməsi məqamları, mətndə estetikası, üslubi təbiəti, nitq mədəniyyəti ilə bağlılığı, tədrisi məsələləri və s. işıqlandırılmışdır.

Bu günlərdə kamilinfo-net saytında Sima Cəfərova imzası ilə kitab haqqında yazı dərc edilmişdir. Lap yaxşı. Çap olunan kitablara rəy yazmaq, münasibət bildirmək, tənqidi qeydlər etmək, əlbəttə, təqdirəlayiq bir işdir.

Amma məqalə ilə ilk tanışlıqdan bəlli olur ki, Sima Cəfərova ya bilərəkdən, ya da durğu işarələri haqqında təsəvvürü çox az olan bir «müəllim, mütəxəssis» kimi fikir söyləyir. Sima xanım bütün məqalələrdən razılıq eləyir, lakin mənim məqaləmi «bəyənmir». Ona görə də mən Sima xanımın bu qeydlərinə cavab vermək məcburiyyətindəyəm.

Sima xanımın təbirincə desək, mənim 60 səhifəyə yaxın bu yazım «qarışıq məqamlar»dan ibarətdir. Yəni, məsələlər bir-birinə o qədər qarışıb ki, heç nəyi anlamaq olmur. Müəllif bu yazını 41 kitabın qarışığı hesab edir. Guya Sima xanım bu 41 ədəbiyyatla tanışdır və mənim yazımın bu qarışıqdan ibarət olduğunu nəzərə çatdırır. Bu, Sima xanımın mənə yox, indiyə kimi durğu işarələrindən yazmış görkəmli alimlərimizə hörmətsizliyi kimi görünür. Mən belə düşünürəm ki, Sima xanımın qarışıq hesab etdiyi məqamlar onun hələ tam formalaşmamış düşüncənin məhsuludur. Bir müəllif kimi 41 kitabdan istifadə etmişəm, ədəbiyyatdan istifadəni nə üçün düzgün qiymətləndirmirsən?  Belə çıxır ki, bizdən əvvəl yazılmış bu kitablar da sənin fikrincə qarışıqdır. Ədəbiyyatdan yararlanarlar: «daha çox 41 kitabın qarışığı»  Mən  məcburam ki, sənə deyəm ki, öz ağılsız ağlınla hərəkət edərək bu fikri işlədirsən. 20 abzasdan ibarət müəyyənləşdirdiyin «qarışıq məqamlar»ın heç birinin həqiqətə uyğun olmadığını sənə sübut edirəm.  Bu fikirləri hörmətli oxucularımızın və mütəxəssislərimizin ixtiyarına buraxıram.

Səhifə 5-də : «Punktuasiya məsələləri orfoqrafiya ilə yaxından əlaqədardır. Əgər orfoqrafiya sözlərin yazılışı ilə (bu mənada leksika və morfologiya ilə) bağlıdırsa, punktuasiya cümlələrin, onların hissələrinin ayrılması və fərqləndirilməsi ilə (bu mənada sintaksislə) əlaqədardır. Əvvəlkinə dar mənada orfoqrafiya, sonrakına (punktuasiyaya) əvvəlki ilə birlikdə geniş anlamda orfoqrafiya deyilir». Bu  fikir haqqında xanım yazır:  «Anla, görüm, nə anlayacaqsan!»

Xanım, göstərdiyin bu irad elə sənin anlama səviyyənin aşağı olduğunu təsdiq edə bilər. Yəqin ki, fikir sənin üçün yenidir, ona görə də çaşıb qalırsan.

Sima xanımın mənə irad tutur ki, «durğu işarələri müəllifin məqsədinə yox, qrammatik vahidlərə xidmət edir» Aşağıdakı fikrə diqqət edin: «Durğu işarələri bir tərəfdən də müəllifin məqsədinə xidmət edir. Bu cəhətinə görə durğu işarəsinin işlənmə məqamından da asılı olaraq cümlənin məzmunu dəyişə bilir. Durğu işarələrindən yerli-yerində istifadə etmədikdə müəllifin intensiyası, yəni niyyəti dolaşıq salınır, ən yaxşı halda məzmun dəyişikliyinə səbəb olur» (Şubina N. Müəllifin doktorluq dissertasiyasından) Geniş izahata ehtiyac yoxdur.

Sima xanım yazır: «Bu məqaləni oxuyan intonasiya ilə durğu işarələrinin qarşılıqlı münasibətini aydınlaşdıra bilmir» (s.9) Mənim məqaləmdə bu bağlılıqdan da söhbət gedir. Müəllif bunu da «qarışıq məqam» adlandırır. Məqalədəki bu məsələni təqdim  və müqayisə edirəm, hörmətli oxucu, baxın , qarışıq məqam varmı ya yox!  «Durğu işarələri yazılı nitq faktı kimi diqqəti cəlb edir. İntonasiya isə eşidilməklə qavranılan şifahi nitq faktıdır. Müəyyən şəraitdə durğu işarəsi ilə intonasiya arasında tam uyğunluq olur. Lakin bu, özlüyündə durğu işarələri  ilə intonasiyaya  eyni münasibət bəsləməyə haqq qazandırmır. Təcrübə də göstərir ki, yazan şəxs durğu işarəsindən istifadə edərkən heç də həmişə intonasiyaya əsaslanmır». İntonasiyanın tərkib hissələri olan ritm və  melodiya ilə durğu işarəsi arasındakı münasibətlər məqalənin 9-cu səhifəsində verilmişdir: 1) vergül əksər hallarda nitqin tonunun yüksəlməsini tələb edir; 2) nöqtədə səs tonu aşağı enir; 3) nöqtəli vergül nöqtəyə yaxın funksiyanı yerinə yetirir. Bu işarə qoyulan səs tonu bir qədər aşağı enir; 4) hər iki tərəfdən tire və mötərizə ilə cümlənin başqa üzvlərindən ayrılan sözlər enən intonasiya ilə oxunur və bu işarədən sonra gələn söz mötərizə və tiredən əvvəlki sözün intonasiyasına uyğun şəkildə dəyişir və oxunur» (s.9)

Müəllif sanki intonasiyanın tərkib hissələrindən xəbəri yoxdur, xəbəri olsaydı, məqalədəki bu xüsusiyyətləri görərdi, «qarışıq məqam»  ifadəsini burada da işlətməzdi. Bu müqayisədə anlaşılmayan bir cəhət varsa, göstərə bilərsiniz. Bunu da qeyd edək ki, nitqin mənalı hissələrə parçalanması, adətən, qrammatik forma və intonasiya ilə ifadə olunur. Üç  cəhətin- məna, qrammatik və intonasiya cəhətdən bölgünün uyğun gəlməsi tipik hal olduğu üçün əksər halda durğu işarələrinin işlənmə qaydaları da həmin bölgüyə əsaslanır.

Bilmək olmur ki, intonasiyanın durğu işarələri sistemində rolu var, ya yox? (Səhifə 7, 8 və 9-u oxuyun, durğu işarələri sistemində intonasiyanın rolu haqqında tam təsəvvür etmək olar ya yox? Kitabda: «İntonasiya ilə durğu işarəsi arasındakı qarşılıqlı əlaqə, heç şübhəsiz, yalnız imla yazılarda deyil, ümumiyyətlə, canlı danışıqla bağlı olan bütün yazılı çalışmalarda (mətbuatda və bədii əsərlərdə, elmi mətnlərdə) nəzərə alınmalıdır. Yoxsa danışanın, yazanın, diktə edənin intonasiyasını düzgün başa düşmək, intonasiya ilə fasilə arasındakı qarşılıqlı əlaqənin mürəkkəb və çətin məsələlərini aydınlaşdırmaq olmaz» (s.9) Sima xanım məqaləni abzas-abzas oxuduqca fikir qaranlığına düçar olur, fikri kontekstdən ayıraraq, səhv axtarır. Elə bilirəm, mənim təhlil üsulumu qəbul etmək istəmir. Hətta görkəmli müəlliflərin durğu işarələri barədə fikirlərini də ziddiyyətli sayır. Və yaxud, bilmək olmur ki, bu xanım kimin sifarişini yerinə yetirir.

Sima Cəfərova durğu işarələrinin işlənmə prinsiplərini də qəbul etmək istəmir. Onun məsələlərə münasibəti təbii görünmür və aydın hiss olunmur. Məncə, bu onunla bağlıdır ki, o, son dərəcə predmetçidir, elmi deduksiyanı üstün tutur. Bir də özündən razı olmaq istəyi. Bizim fikrimizcə, durğu işarələri 3 prinsipin- qrammatik, məna və intonasiya əlaqələrinin vəhdəti əsasında qoyulur. Deməli, durğu işarələrinin tədrisinin, təbliğinin üsul və yolları həmin prinsiplərin vəhdəti əsasında müəyyənləşdirilməlidir (s.9) Sima xanım bu bölgüyə qarşı çıxır, «yenə dolaşıqlıq, anlamaq olmur ki, hansı prinsiplərdir».

Müəllifin bəzi iradlarında nə demək istədiyini heç özü anlaya bilmir, «bu elmi məqalədirsə, savadsız adamların analiz edilməsi orada niyə yer almalıdır?» Bu   nə deməkdir, başa düşülmür.

Sima xanım «yersiz olaraq» (şantaj xarakterli ifadə) ifadəsini həddən artıq çox işlədir. «Müəllif durğu işarələrindən bəhs edərkən, yersiz olaraq, cümlələri təhlil etməyi də unutmur (s.16, 17) Hörmətli dilçilər, bu xanım bilmir ki, durğu işarələrinə görə təhlillə cümlənin sintaktik təhlil bir-biri ilə sıx şəkildə bağlıdır.  Mən yazıram, «sintaktik təhlilin bir növü də durğu işarələrinə görə təhlildir. Bu təhlil növü sintaktik təhlilə, əsasən, uyğun gəlir. Lakin bunları bir-biri ilə qarışdırmaq da olmaz. Durğu işarələrinə görə təhlildə başlıca olaraq, cümlənin sintaktik bölgüləri müəyyən edilir və müvafiq işarələr qoyulur. Durğu işarələrinə görə təhlil çox vacib məsələlərdəndir.  Çünki məktəblərdə bu təhlil bir qədər unudulmuşdur. Bu maraqlı təhlili Sima xanım «yersiz» adlandırır. Və yaxud da Sima xanım kitabda yer alan «Eyni vaxtda durğu işarələrindən istifadə», «Vergül və çox nöqtə təkrarlanan vahidlər arasında», «vergül və sual» və s. bölümlərin məqaləyə daxil edilməsini yersiz sayır.  Xanım bu bölümlərdə aşılanan üslubi  keyfiyyətləri anlaya bilmir. Xanım çox çətinliklə səhv axtarmağa cəhd etməyə çalışır.

Yazır ki, bu, durğu işarələrinin ümumi məqamlarıdır. Sima xanımdan soruşan gərək, durğu işarələri qaydaları haqqında bu yazını qələmə alanda səninlə məsləhətləşməliydim, hansı mövzunu kitab daxil edim ya etməyim.

Əsassız iradlar müəyyənləşdirirsən. «İmplisit» termininin ali məktəb dərsliklərimizdə də özünə yer etməsi bəllidir. Beynəlxalq dilçilik terminidir. Ən çox mətn dilçiliyi sahəsində işlədilir. Lüğətlərimizə də düşmüşdür. Q.Kazımovun, K.Abdullanın dərsliklərinə baxa bilərsən. Hirslə yazırsan ki, mən bu termini dilimizə «pərçim etmişəm». Bu terminin mənasının da («gizli») verilməsi nə üçün yolverilməzdir? Dilçilik fənnindən dərs deyirsənsə, onun yeni terminologiyasını da zəhmət çək öyrən!

43-cü səhifədə çox nöqtənin işlənmə qaydasından  danışmışıq. Dialoq şəraitində həmsöhbətin cavabının olmaması ilə bağlı çox nöqtənin işlənməsindən bəhs etmişik. Dialoq cavab və  sual hissələrində müsahibin sözü və fikri kəsildikdə çox nöqtənin işlənməsi özünü göstərir. «Dialoqda danışanın sözü müsahib tərəfindən kəsiləndə» başqa fikirdir. «Müsahibin cavabı kəsildikdə» fikri başqa şeydir. Sən bunları eyni fikir təkrarı sayırsan? Bəbir bəy Qədirin sözünü ağzında qoydu. Qədir cavab verə bilmir, bu zaman çox nöqtədən istifadə olunur.  5-6 səhifəlik çox nöqtənin işlənməsi qaydasının təhlilində güclə qüsur axtarmağa çalışırsan. Əsassız olaraq yazdığın kimi sən özün bu qaydaları bir-birinə oxşadırsan. Dialoqun sual və cavab replikalarını bir-birindən ayıra bilmirsən.

Yazırsan ki,  «fikir ziddiyyəti məqalə boyunca davam edir». «Yarımmöhtərizə» sözünü işlətməməyin ziddiyyət ola bilməz. «Mötərizə» sözünü işlətmişəm. «Dırnaq» işarəsinin işlənmə qaydaları hissəsində  heç bir ziddiyyətli məqamlara rast gəlmək olmur. Amma insafsızlıq edərək öz mənasız fikrini sırımaq istəyirsən. «İntonasiyanı sintaksisdən, nitqin mənasından ayırmaq olmaz» Bu cümlədə  hansı ziddiyyətli fikir var? Adi sintaksislə nitqin sintaksisini qarışıq salırsan. Nitq sintaksisini, kommunikativ sintaksisi öyrənməyi sənə məsləhət bilirəm.

Yazırsan ki, «elm adamı elə qayda ortaya qoymalıdır ki, ondan hər kəs istifadə etsin və qaydalardan kənara çıxmazlığı dərk etsin». Əlbəttə, bizim hazırladığımız bu kitab durğu işarələri qaydalarına həsr edilmişdir. Biz bu qaydalara böyük hörmətlə yanaşmışıq   və yazılı mənbələrə, elmi, bədii, publisistik  mətnlərə, əvvəlki tədqiqatlara əsaslanmaqla  qaydalar və prinsiplər müəyyənləşdirmişik. Burda təhrif olunası heç bir fakta rast gəlmirik. Sənin nə demək istədiyin özünə də aydın deyil. 19 və 21-ci səhifələrə nəzər salaq, nümunələr əsasında durğu işarələrinin konkret qaydaları haqqında danışılır. Hacıxanım isə məqaləsində yazır ki, «əsasən, durğu işarələrinin işlənmə yerindən danışmaq əvəzinə, orfoqrafik, morfoloji və sintaktik vahidlərin məqamlarından bəhs edilir» Maraqlananlar baxa bilər, həmin vahidlərdən orada bir kəlmə də yoxdur.

Bədii dil faktlarına əsaslanmaqla yazıram ki, bəzi hallarda müəllif nitqindən sonra işlənən «ki»dən sonra da iki nöqtə qoyulur. Mir Cəlalın «Dirilən adam» romanından misal gətirmişəm. Nümunəni bura yazmıram. Hacıxanım yazır:  «ki» bağlayıcısından sonra qoşa nöqtə, dırnaq isə tam olaraq səhv fikirdir, çünki «ki» bağlayıcısı işlənərkən vasitəsiz nitq vasitəli nitqə çevrilir (!) Digər variantlar da səhvdir. Burada da yanılırsan, fakt göz qabağındadır, yazıcı bu üzün cümləni öz niyyətinə uyğun yazıb, sənin kimisinin ona irad tutması düzgün deyil. Sən hələ  cümlə çevrilmələrindən, cümlədə intonasiyanın hansı vasitələrlə verilməsindən xəbərin yoxdur. Dilçi yazıçının qurduğu cümlə formalarını tənqid edə bilər, razılaşmadığı məqamlar ola bilər. Amma burada- Mir Cəlalın qurduğu cümlədə «ki» bağlayıcısı ilə, ifadənin dırnaq içində verilməsi ilə bağlı heç bir iradı yoxdur. 37-ci səhifəni oxuyun, görün, xanımın dediyi kimi burada hansı səhv var.

Bu kitabı elmi ekspertizaya verərəm və sizin yazdığının əsassız «durğu işarələrinin işlənmə qaydası barədə verilən geniş izahlar da qarışıqlıqdan ibarətdir» fikrinizin nəyə xidmət etdiyi o zaman aydınlaşır.  Aşağıdakı cümlədən meydana çıxan qaydanın izahında heç bir  anlaşılmazlıq yoxdur. Baxın: Sıra ilə gələn cümlələrin hər ikisində sual mənası varsa, sual işarəsi ikinci cümlənin sonunda qoyululur: Mənimlə qalacaqsan (?), ya onunla qalacaqsan? (s.27) Cümləni bir-birindən ayırsaq, hər iki konstruksiyada sual işarəsindən istifadə etmək olar.  Mən cümləyə baxıb qaydanı bu cür müəyyənləşdirmişəm. Sən isə ağlına gələni əsaslandırmağa çalışırsan. Burada da  get, savadını artır.

Təhlilində hər addımbaşı «qarışıq məqamlar» ifadəsini işlədirsən. Kitabda, hətta zəif məqalələri tərifləyirsən, amma nədənsə mənim hissəmə «ilişirsən». Hiss olunur ki, nəsə bir sifarişi yerinə yetirirsən. Adam fikir yürüdəndə  bilməlidir ki, bir kitab həcmində olan bu məqalədə, demək istəyirsən ki, durğu işarələrinin işlənmə yerindən  heç danışılmayıb?! Düz demirsən, xanım! Sən deyən məqamlardan da danışılıb. Dil hadisələri arasındakı əlaqə və münasibətlərin elmin dərk edilməsindəki qanunauyğunluğunu bilmirsən. Bilsən, belə iddialı danışmazsan.

Nəzərdə tutulan əlamətləri də qavraya bilmirsən. Əlbəttə, təklif kimi göstərmişəm ki, Azərbaycan punktasiyasının nəzəri aspektlərini (məntiqi, psixoloji, sintaktik və intonasiya aspektləri) dərindən öyrənməliyik, eləcə də praktikada sınaqdan çıxarmalıyıq» deyərkən nə demək istədiyimi dərk edə bilmirsinizsə, daha sizə sözüm yoxdur.  Bəllidir ki, durğu işarələrinin indinin özündə də tətbiqi yaxşı durumda deyil.  Kütləvi informasiya vasitələrinin  dilində,  sosial şəbəkələrdə və s. durğu işarələrindən düzgün istifadə olunmur.  Bu sahədə savadsızlıq baş alıb gedir. Yəni demək istəyirəm ki, durğu işarələrini biz həmişə öyrənməliyik, yeni təkliflərlə çıxış etməliyik və lazım gələrsə, təcrübədə yoxlamalıyıq. Bu fikrin, təklifin nəyi pisdir?

Mənim Əməkdar elmi xadimi, prof. Q.Kazımovdan nümunə gətirməyimə heç kəs qadağa qoya bilməz. O cümlədən siz də.

«Cümlə eyni zamanda çox nöqtə ilə başlayıb, çox nöqtə ilə bitə də bilər» Mən çox nöqtədən danışarkən bu fikri bədii əsərlərdən gətirdiyim misallar üzrə təhlil etmişəm. Cümlənin çox nöqtə ilə başlanmasına aid nümunə vermişəm.

Fikir təkrarlarına gələndə olan şeydir. 43-cü səhifədə bir-birinin ardınca verilmiş iki maddədə elmi fərq axtarmırıq. Sadəcə  ola bilsin ki, fikir təkrar olunub.

Sən hələ anlamırsan ki, çox nöqtənin bədii əsərlərdəki işlənməsindən danışıram. Sonra bədii əsərin bir qolu olan şeridə istifadəsinə dair nümunə verirəm. Bəlkə nəsr qolundan da nümunə verəydim. Şeir də bədii ədəbiyyat deyilmi? Yazırsan. Adi məsələləri bilmirsən. Mən məcburam ki, sənin boş-boş danışdığın və şantaj xarakteri daşıyan fikirlərinə cavab verəm.

Səhifə 32-də də Hacıxanım  mənim apardığım müqayisəni bəyənmir. Müqayisə bəzi feli xəbərlərin ara söz kimi də işlənməsi ilə bağlıdır. Ara söz kimi işlənəndə həmin formalardan sonra vergül qoyulur. Hacıxanım müqayisənin mahiyyətini başa düşmür. Səhifə 32-də «qeyd» kimi yazmışam ki, belə müqayisə eyni sözün hansı şəraitdə ara söz, hansı şəraitdə isə cümlə üzvü yerində işlənməsini əyani şəkildə görmək və şüurlu surətdə dərk etmək baxımından faydalıdır». Sanki Hacıxanım qəsdən bunu görmək istəməyib. Burda hansı uyğunsuzluq var, Sima xanım?

Feili bağlama tərkiblərindən sonra vergülün qoyulmasında hələ də dəqiqləşməyən qaydalar mövcuddur. (s.69) Amma mən öz fikrimi bildirmişəm. Və bu fikri «tənqidçi» xanım yanlış nəticə hesab edir. Səhifə 32-də bu qaydalarla bağlı vergülün qoyulması 5 cümlədə düzgün olaraq göstərilmişdir. Hacıxanım heç olmasa nümunələrə baxmalı və –ıb şəkilçisindən sonra işlənən vergülün tam doğru olduğunu dərk etməli idi. Misalları burda verməyi artıq sayıram (səhifə 32-yə baxmaq olar)

Bu məsələ indi də mübahisəlidir, Hacıxanım da etiraf edir ki, ümumiyyətlə, bu məsələyə dilçilərimizin yenidən baxıb təkvariantlı qayda hazırlanmasının vaxtı çoxdan çatmışdır.

Hacıxanımın iradlarından biri məqalədə çoxlu təkrar fikirlərin işlənməsidir. Mən,  deyək ki, bir cümlə ilə yazmalıyam ki, həmcins üzvlər arasında vergül qoyulur. Çox yaxşı. Daha onu geniş şəkildə şərh etməyə ixtiyarım yoxdurmu? Hacıxanım, bir dəfə də olsun, mənim yazım barədə müsbət bir şey demirsən. Sanki tədqiqatçı vicdanı unudulur.

Anlaşılmazlıq kəlməsini tez-tez işlədirsən, görünür, siz bu mürəkkəb dil hadisəsini, qanunauyğunluqları anlamaqda çətinlik çəkirsən.

Hacıxanım, bu sahənin mütəxəssislərini, əgər təəccübləndirmək fikrinə düşmüsənsə, o zaman onların bilmədiyi və onları yeni öyrədəcəyin şeylər haqqında danış. Özünə xoş gələ bilməyəcək sözləri başqasına ünvanlama.

Hiss olunur ki, durğu işarələri haqda anlayışın zəifdir, ona görə də başqasının fikrini qəbulolunmaz və absurd sayırsan və s.

Şübhəsiz, məqalə və kitabı yazanın və onu oxuyanların fikirləri üst-üst üstə düşməyə bilər. Razılaşmayan fikirləri həddən artıq şişirdib ictimaiyyətə çatdırmaq da ədalətsizlik və insafsızlıq əlamətidir. Tənqiddə obyektivlik gözlənilməlidir. Bir kəlmə də mənim yazdığım «Azərbaycan dilinin durğu işarələri: qayda və prinsipləri» (səh.4-63) hissədə müsbət fikir söyləməməyin nədən ibarət olduğunu hörmətli oxucular, mütəxəssislər deyə bilər. Elm sübut və faktlara əsaslanır. Bir çoxlarının elmə baş vurması, başqalarını yazısına yuxarıdan aşağıya baxması yolverilməzdir. Belə  səviyyəsiz yazıya cavab verməmək də olardı, indiki vaxtda çox çətindir.  Amma…

Sonda Avrasiya universitetinin  hörmətli rektoru, prof. Nazim Hüseynliyə müraciət etmək  istərdim ki, kitabxana müdirinin, müəllimin, yanlış və qərəzli mülahizələr müəllifinin  tələbələrimizə dilimizi tədris etməsini etibar etmək olmaz.

İsmayıl KAZIMOV