“Bu gün, İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədində təhrikedici uçuşlar həyata keçirməsi, Azərbaycan dövlətini və rəşadətli Azərbaycan Ordusunu qıcıqlandırmaq məqsədi güdür”.
Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
O qeyd edib ki, İranda siyasi-hərbi rəhbərliyin, ictimai sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların və İran mediasının son bir ildə Azərbaycan Respublikasına qarşı çeşidli sferalarda apardığı çirkin kampaniyalar Türkiyə ictimaiyyəti tərəfindən də kəskin şəkildə pislənilir:
“Biz burada ictimai və jurnalistika fəaliyyətimizlə bağlı olaraq təbii ki, Türkiyədəki müxtəlif kəsimlərdən olan insanlar, elm adamları, sosial sahədəki fəallar və ictimai-siyasi xadimlərlə sıx əməkdaşlıq edir, daim fikir mübadilələri aparırıq. Qardaş Türkiyə ictimaiyyətində də İranın Azərbaycan dövlətinə, onun suveren ərazilərinə təhrikedici, təxribat xarakterli hərəkətləri diqqətlə izlənilir və qətiyyətlə tənqid edilir”.
İctimai fəal, İranın bu əməllərinin mümkün nəticələrindən bəhs edib:
“Azərbaycan dövləti regionda öz mənafelərini qorumaq, dövlət təhlükəsizliyimizin təmin olunması və bölgə üçün nəzərdə tutduğumuz gələcək fəaliyyət planlarımızın davamlılığı naminə cənub qonşumuza da lazımi reaksiyanı verir”.
Natiq Çıraqzadə İranın yeni dünya standarlarına uyğun gəlməyən və mürtəce siyasətinin “İslam” respublikasının sonunu gətirəcəyini bildirib:
“Azərbaycan Respublikası bölgədə və dünyada öz dəsti-xətti, yüksək keyfiyyətli siyasi-diplomatik, iqtisadi, hərbi və enerji əlaqələri olan müasir hüquq dövlətidir. Bizimlə bu tərzdə davranmağın nəticələri, özünü İrandaki molla rejiminin əsaslarının sarsılmasıyla büruzə verəcək. Biz Cənubi Azərbaycan torpaqlarında yaşayan 40 milyondan çox soydaşlarımızla bərabər, İrandaki digər millətlər və etnik qruplara da öz dostumuz kimi yanaşırıq. Ancaq, molla rejiminin fars şovinizminin dəyənəyi ilə uzun illər ərzində soydaşlarımıza tutduğu divan, heç bir halda Azərbaycan dövlətinin və xalqımızın diqqətindən yayınmayıb”.