Nizami Gəncəvi yaradıcılığında ideal insan faktoru – şərqüşünas-yazıçı Əli Rzazadə yazır
Dünya ədəbiyyatının dahi şəxsiyyəti, şərq aləminin mütəfəkkiri və o cümlədən, Azərbaycan xalqının görkəmli nümayəndəsi Nizami Gəncəvi, bir mütəfəkkir kimi öz əsərlərində insan faktorunun bütün ölçülərinə, yəni insanın fərdi yaradıcılığına, sosial özəlliklərinə, həmcinsləri ilə qarşılıqlı münasibəti və mənəvi keyfiyyətlərinə geniş şəkildə diqqət yetirmişdir. Çünki ideal cəmiyyətin inkişafı üçün insan ilk növbədə özünü yetişdirməli, əxlaqi saflığa nail olmalı, varlığının fəzilətlərini dərk etməli və neqativliyi özündən uzaqlaşdırmalıdır ki, ictimai həyatda başqaları ilə yaxşılıq, ədalət və hikmətlə davrana bilsin. Bununla yanaşı kamalata çatmaq və gözəl həyata nail olmaq üçün fərdi və ümumi fəzilətlərdən (fəzilət-insanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı) istifadə edərək, mənəvi və ilahi ölçülərini gücləndirməlidir. İnsan öz varlığının mənəvi xüsusiyyətləri olan hikmət, qəlb, nəfsi istəklərindən üz döndərmək əvəzinə, onları ağıl və şüurunun vasitəsilə idarə etməyi bacarmalıdır. Əgər insan varlığının ölçüləri islahat (reform) yolu ilə kamilləşərsə, ideal cəmiyyət meydana gələr. Buna görə də Nizami Gəncəvi müəllifi olduğu “Xəmsə” də insan varlığının bütün ölçülərinə diqqət yetirmiş, insanı və onun mənəvi sifətlərini müəyyən etmişdir.
Ümumiyyətlə, Nizami Gəncəvi yaradıcılığında əsas yeri insan faktoru tutur. Nizaminin yaradıcılığında ideal insan faktorunu görmək üçün ilk növbədə Gəncəli dahinin insana münasibətini və ona qarşı şəxsi düşüncəsini, onun hansı mənəvi keyfiyyətə malik olmasının zəruriliyini müəyyən etmək olduqca vacibdir.
Eləcə də Nizaminin düşüncəsində xüsusilə qadınların cəmiyyətin bir hissəsi kimi rolunun nədən ibarət olduğunu araşdırmaq məqsədəmüvafiqdir. Nizaminin qələmə aldığı əsərlərdə ideal insan simvolları kimlərdir və o şəxsiyyətlər hansı mənəvi-əxlaqi xüsusiyyətlərə malikdirlər?
Xüsusilə qeyd etmək lazımdır ki, Nizaminin əsərləri dini, mistik, əxlaqi, mühakimə, zahid və hətta teoloji ünsürlərə malik olsa da, antropoloji çağırışlar üçün uyğun platformadır.
Çünki dahi şairin yaratdığı müxtəlif obrazlar , bir tərəfdən onun əqidəsinin isbatına, digər tərəfdən də onun ideal və hərtərəfli bəşəri şəxsiyyətinin tanıdılmasında təsirli olmuşdur.
Onun hekayələrində yer alan qəhrəmanlarının diqqətəlayiq şəxsiyyət formasında yaradılmasında uğur qazanmasının başlıca səbəblərindən biri, onların davranışında, fərdi və sosial xüsusiyyətlərində nəzərə çarpan ziddiyyətlərin olmasıdır. Nizaminin hekayələrindəki insan xarakterlərinin təsvirində ziddiyyətlər daha çox müşahidə olunur, çünki idealizm ruhunda təqdim etdiyi qəhrəmanları qüsusrsuz və mütləq şəxsiyyət kimi təsvir edir, onların ədaləti təkcə insanları deyil, heyvanları da əhatə edir, aşırı məhəbbət hissi onların məsuliyyət və fəallıq ruhuna mane olmur və onların hər biri nisbi olmayan yüzlərlə başqa xüsusiyyətlərə malikdirlər. Hətta əgər bu qəhrəmanların kiçik bir qüsuru olmuş olsa belə, təhkiyə ərzində o qədər dəyişəcəklər ki, təsvir etdikləri pislikdən mütləq xeyirə çevriləcəklər.
Nizami, həmişə olduğu kimi, həm zahiri hadisələrin təsvirində, həm də hekayələrin şəxsiyyətlərinin daxili aləmlərinin dəqiq və dərin təsvirində, mütləq gözəllik və zəriflik yaratmağa çalışır. İstədiyi obrazın şəxsiyyətinə uyğunluğundan və ya uyğun gəlməməsindən asılı olmayaraq, ona istənilən ideal xüsusiyyəti aid etməyi və onu özünəməxsus şəkildə unikallaşdırmağı xoşlayır.
Gəncəli dahi bəzən qəhrəmanın real və konkret motivlərini izah etmək əvəzinə, onun mütləqiyyət ruhuna zidd olmayan şəkildə şərh etməyə çalışır.
Məsələn, Məcnunun xarakterinin təsvirində istifadə edilən ifadələr onun qəhrəmanlıq və idealizm nümunəsi göstərdiyinin bariz nümunəsidir:
ســــلطان ســــرير صــــبح خيــــزان
ســـر خيـــل ســـپاه اشـــک ريـــزان
متــــــــــــواري راه دل نــــــــوازي
زنجــــيري کـــوي عشـــق بـــازي
قانـــــــــــــون مغنيـــــان بغـــــداد
بيـــــــــــــاع معـــاملان فريـــاد
Yuxusuz gözlərin taxtına sultan,
Matəm ordusuna sərkərdə olan,
Sövda yollarının o yalnız səsi,
Aşiqlər mülkünün qəm divanəsi.
Fəryada, naləyə, bəlayə məftun
Bağdad ellərinin qanunu, Məcnun (1)
Nizaminin təfəkküründə insan Allahdan sonra ali varlıqdır. Çünki o, sonsuz istedada və yüksək potensiala elə malikdir ki, mələk kimi davranaraq dərk və idrakda Allaha bənzəyirsə, dünyanın gözəlliyinin mənbəyinə, varlıqların iftixarına çevriləcəkdir. O, insan zəkasına və sənətinə dərindən inanır və bunu başqa canlılarla əsas fərq hesab edir. Bu səbəbdən elminin fəzilətindən bəhs edir və “Sirlər Xəzinəsi”nın müqəddiməsində insanın ləyaqətindən, rütbəsindən danışır.
Nizami Gəncəvi, insandan onun “əşrəfi məxluqat” (yaradılmışların ən yüksəyi) olduğunu xatırlamasını istəyir. O, hesab edir ki, insan varlığı iki ünsürdən ibarətdir: “yer və səmavi” yəni: bədən və ruh. Ona görə də o, poetik sözləri ilə insanın bu qoşa simasını şərh etməyə çalışır və buna müvəffəqiyyətlə nail ola bilir. Nizami insanın zahiri varlığı haqqında az şey danışsa da onun varlığının ülvi ölçüsünü təsvir etmək üçün torpaq və suyu xatırladır:
کفـــي خـــاکم و قطــــره اي آب سســـت
ز نـــر مـــاده اي آفريـــده نخســـت
پــــروردگيهـــاي پـــــــــروردگار ز
بـــه آنجـــا رســـيدم ســـرانجام کـــار
Bir ovuc torpaqla bir qətrə suyam,
Unlarda yoğrulub əzəldən mayam,
Haqqın sayəsində böyüdüm artdım,
Nəhayət elə bir rütbəyə çatdım (2)
Ümumiyyətlə, Nizami təfəkküründə insan mərkəzmövqelidir və bütün hadisələr ona doğru hərəkət edir, onunla sinxronlaşır və baş verən hər şey bilavasitə adəm övladı ilə bağlıdır. Əslində o, insanın öz mənəvi ölçüsünü dərk etməsi və onu həqiqi kamilliyə çatdırması üçün bütün hadisə və imkanlardan istifadə etmişdir.
Nizami nöqteyi-nəzərindən insan psixikası güzgü kimidir, hansı ki, o güzgü dünyəvi hərislik, şəhvət, günah ucbatından çirk tutur. Şair hesab edir ki, insan bəzən Tanrının planından çıxıb təbiətə zidd hərəkətlər edir və Nizaminin səyi də bu çirkləri təmizləmək, aradan qaldırmaqdır.
Bəhramdan tutmuş İskəndər, Leyli və Məcnun, Xosrov və Fərhada qədər Nizami qəhrəmanları, öz növbəsində fərqli-fərqli bənzərsiz insan obrazının mütləqləşdirilmiş nümunələridir.
Belə ki, onların xüsusiyyətlərindən heç biri nisbi deyil: insan xarakterində mütləq şücaət, mütləq eşq, mütləq şəhvət, mütləq iffət, mütləq hikmət və sayıqlıq, hətta mütləq çirkinlik belə vardır. Yaratdığı şəxsiyyətlərdə Nizami öz bilik və əqidəsindən təsirlənmişdir. Nizami “Xəmsə” əsərində bütün insan növlərindən bəhs edir, müxtəlif semantik yüklərdən istifadə edərək qəhrəmanlarının xüsusiyyətləri ilə bağlı düşüncələrini obyektivləşdirməyə, hər cür tip yaratmağa səy göstərmişdir.
Xəmsədə kamil insan bəzən dini kimliyə malikdirsə, bəzən müdrik olub fəlsəfi kimliyə malik olur, bəzən də dünyəvi eşqi seçərək daha ülvi obraza keçən bir aşiqə çevrilir. Nizamiyə görə, bu zəif və torpaqdan yaranmış insan simasının arxasında həm də nurlu və mənəvi xarakter var. İnsanın yaradılışların ən yaxşısı olduğunu və bütün yaranmışların, onun üçün yarandığını xatırladır. Və mövcudatın yaranmasından əvvəl, sevginin təməli qoyulanda, insanı onu qəbul edən və sevgi çörəyini yeyən ilk məxluq hesab edir:
اين دو سه مرکـب کـه بـه زيـن کـرده انـد
از پي ما دستگـــــــــزين کـرده انـد
پيشــتر از جنــــــــــــبش ايــن تازگــان
نــو سفـــــــران و کهــن آوازگــان
پايگه عشــــــق نـــه مــــا کـرده ايـم؟
دســتکش عشــق نــه مــا خــورده ايــم؟
Neçə yəhərli atın bizik süvariləri,
Səyyar ulduzlar hazır yalnız bizdən ötəri.
Eşqi bizdən öyrənib, bu göy pərgardan öncə,
Öncə xəlq olunanlar, sonrakılar da, məncə.
Qoyan biz deyilikmi eşqin bünövrəsini?
Yalnız biz yemədikmi sevginin silləsini? (3)
Nizami istəyir ki, insanlar özlərinin bütün varlıqlardan fərqli olduğunu, özünəməxsus bir şəxsiyyətə malik olduqlarını qəbul etsinlər:
اي بــه زمــين بــر، چــو فلــک نــازنين
نــاز کشــت هــم فلــک و هــم زمــين
کــار تــو زانجــا کــه خــــــبر داشـــتي
برتــر از آن شــد کــه تــــو پنداشــتي
Sən, ey fələklər qədər uca, dəyərli İnsan!
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkaşan.
Heç xəbərin varmı ki, səsin yetişir hara?
Sənin zənn etdiyindən xeyli ucalıqlara! (4)
Nizami insanın fərdi kimliyini ifadə etmək üçün yaradılışın başlanğıcına nəzər salır, Adəmin məqamından, onun dünyadakı yerinin əhəmiyyətindən bəhs edir, onun ilahi xilafət məqamına işarə edərək, günah və tövbəsinə də toxunmağı unutmur. Bununla da insana, şəhvətin məzəmmət olunası bir hiss olduğunu və insanın səma zirvəsindən enməsinin əsas səbəbi olduğunu xatırladır:
بـــاز پســـين طفــــــل پـــري زادگـــان
پــيش تــرين بشـــــــــري زادگــان
آن بـــه خلافـــت علـــــــم آراســـته
چــون علــــــم افتــاده و برخاســته
علــــم آدم« صــــفت پــــاک اوســــت
خمــر طينــة شــرف خــاک اوســت
چــون ز پــي دانــه هــوس نــاک شــد
مقــــطع ايــن مزرعــة خــاک شــد
Pərilərin sonuncu çocuğuydu bu bəndə,
İnsan oğullarının ilkiydi Yer üzündə!
Tanrıya bayraq dikib ilk xəlifəsi oldu,
Bayraq kimi ensə də, bir də qalxıb doğruldu.
“Adəmə ad öyrətdim, torpağını qırx günə,
Yoğurdum!” – ayə gəldi təkcə Adəm şəninə.
Gözləri gah bulaşıq, gah tərtəmiz bir aləm,
Həm qızıldı, həm sərraf, həm məhək daşı Adəm. (5)
Nizami qadını Allahın yaratdığı ən üstün varlıq hesab edir. Lakin bu yanaşma qadını yalnız qadın olduğuna görə məhkum hesab edən dövrünün insanlarının nəzərinə zidd idi. O, hekayələrində qadınların gözəlliyini, cazibədarlığını təsvir etməklə yanaşı, onlar üçün Uca məqama doğru və ülvi bir yol təsvir edir ki, onun təsirini bütün hekayələrində müşahidə etmək olur. Onun qadın personajları heç vaxt niqabdan çıxmır, ancaq digər tərəfdən hər biri Tanrının təşbehləridir. Onun dünyasının yüksələn silsiləsində qadınların görünən gerçəkliyi, şübhəsiz ki, Allahın əzəmətli gözəlliyini əks etdirir. Nizami qadını, kişi şəxsiyyətini tamamlayan varlıq hesab edir; elə bu səbəbdəndir ki, hər bir kişi qəhrəmanın yanında, onun tərbiyəvi və insani rolunu layiqincə yerinə yetirməsi üçün bu gözəllik təcəssümünü qoyur. Şairin qadınlara baxışı digər müasirlərindən kəskin şəkildə fərqlənir; onun hekayələrində qadınlar qəhrəman, islahatçı, dövrün elmindən xəbərdar şəxsiyyət rolunu oynayır, kişiləri tərbiyə, islah edir. Şirin kimi Xosrov da məhəbbət və sədaqət məfhumu ilə tanış olur, yeddi iqlim padşahının yeddi qızı, Bəhramguru həyat həqiqəti və mənəvi ləzzətlərlə tanış edir. Hekayələrinin baş qəhrəmanını qadınlar arasından seçməsi, onların qurucu, yaradıcı təsirinə verdiyi önəm və qayğıdan xəbər verir və “Şirinin taxta oturması” epizodunda qadınları ölkəni idarə etməyə, ən ali məqama yiyələnməyə layiq hesab edir.
Nizami əzab çəkənlərə şəfqət və dözümlülük, bəndəlik, həddi aşmamaq, başqasının namusunu qorumağa, başqasının malına göz dikməməyə, kiminsə çörəyini kəsməməyə, ehtiyaclılara əl uzatmağa dəvət və təşviq edir.
Gəncəli dahinin fikrincə, insan yaradılmışların ən ucasıdır və bu şərəfin yaranmasının şərti xalqa xidmət etmək, onun rahatlığı uğrunda çalışmaqdır:
کـــوش تـــا خلـــق را بـــه کـــار آيـــي
تـــا بـــه خلقـــت جهـــان بيـــارايي
Çalış öz xalqının işinə yara,
Geysin əməlinə dünya zər-xara. (6)
Şair xidmətdən danışarkən onun formasını da səciyyələndimişdir. O xüsusilə qeyd edir ki, xalqa göstərilən xidmət yaxşı əhval-ruhiyyə ilə müşayiət olunmalıdır. Elə bu bu məqsədlə də o, təklif edir: yaxşı olar ki, insan gül kimi gözəl olsun, gələcəyə ümidli olsun, xoş qoxusunu üfüqlərə yaysın, pis xasiyyətdən çəkinsin.
Çünki kim hər hansı xasiyyətə sahibdirsə, öləndə də həmin xasiyyətlə dünyanı tərk edəcəkdir:
هـــر کـــه بدخـــــــو بـــود گـــه ز ادن
هــم بــرآن خوســت وقــت جــان دادن
وانکــــه زاده بــــود بــــه خوشــــخويي
مــردنش هســت هــم بــه خــــوشرويي
Bədxislət oğulub hər kimi aandan,
Ölər o xislədə, gedər binadan,
Kim gəlsə dünyaya xoşxislət,xoşhal,
Tərk edər dünyanı yenə o minval. (7)
Dahimiz insanların bir-birinə qarşı xeyirxahlıq sevgi hissini artırır. Əslində insanlar arasında sədaqət yaratmağın ən güclü yolu xeyirxahlıq və yaxşılıqdır; çünki insan, sevgini anlayır və ona hörmət edir. Sevgi sağlam və firavan cəmiyyətdə olan fəzilətlərin ardıcıllığına səbəb olan görünməz bir xüsusiyyətdir. Nizami Gəncəvi insanın məhəbbət haqqını sübut etmək üçün onun heyvanlara təsirinə də toxunur və belə nəticəyə gəlir ki, hətta insan bəzən heyvan məqamına düşür və çirkinlik içərisində boğulur.
Nizami insanın ictimai bir varlıq olduğunu və ünsiyyət əsnasında dost seçiminin qaçılmaz olduğunu bildiyi üçün dost seçimində diqqətli olmağın vacibliyini vurğulayır ki, insanlar bir-biri ilə danışaraq uğurlu aqibətə nail ola bilsinlər.
صـــحبتي جـــوي کـــز نکـــو نـــامي
در تـــــو آرد نکـــــو ســـــرانجامي
Yaxşı ad qazanmış gözəl dost ara,
Ondan yetişərsən, ağ günə, vara (8)
Nizami bu şəxsiyyətlərin yaradılmasında bütün fəlsəfi, hüquqi və teoloji düşüncələrini insan həyatında davam edən çətinliklərdən qurtulmağın yollarını tapmağa həsr edir və insanı bürümüş xaosdan xilas edə biləcək daha yaxşı bir dünya təsəvvür etmək üçün yaratdığı obrazlardan məharətlə istifadə edir.
Nəticə:
Nizami bütün yaradıcılığında qeyri-rəsmiliklərdən və qayğılardan uzaq bir dünya axtarır. Onun fikrincə, belə bir cəmiyyət ancaq ədalətin və hikmətin bərqərar olmasının kölgəsində görünəcək. Lakin insanlar cəmiyyətin inşa hissəsi olduğu üçün, mükəmməl bir insani sistemə nail olmaq üçün nəfslərini, vicdanını tərbiyə etməli, insanları tərbiyə və insani əxlaqın təsirindən uzaqlaşdıran şeylərdən çəkinməli olduqlarını vurğulamaqdadır.
Nizami Gəncəvinin üstünlük verdiyi üslub, insanın həyat sistemini mükəmməl bir sistemə doğru yaxınlaşdırmaqdan və bu sistemə zidd olan hər hansı bir hərəkəti pislməkdən ibarətdir.
Ədəbiyyat:
1. “Nizami Gəncəvi. Leyli və Məcnun, “Məcnunun eşqi haqqında” ” Bakı, Yazıçı nəşriyyatı, 1982-ci Tərcüməçi: Səməd Vurğun.
2. İskəndrənamə. “İskəndərin anasına məktubu” səh. 194. Bakı, Yazıçı nəşriyyatı 1982- ci il. Tərcüməçi: Rzaquluzadə M.
3. “Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə.
Bakı, Yazıçı, 1988-ci il səh.119- X. R. Ulutürk.
4. Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə,
Bakı, Yazıçı, 1988-ci il səh.125- X. R. Ulutürk
5. Nizami. Lirika. Sirlər xəzinəsi. “Adəmin yaranması ”
Bakı, Yazıçı nəşriyyatı, 1988-ci il səh. 88- X. R. Ulutürk)
6. Yeddi gözəl. Bakı, Yazıçı, 1988-cü il səh. 165. Tərcüməçi: M. Rahim
7. Yeddi gözəl, Bakı, Yazıçı, 1988-ci il səh:42- M. Rahim)
8. Yeddi gözəl. Bakı, Yazıçı, 1983. S:48- M. Rahim)