Sərhəddə intensivləşən erməni təxribatları: “Paşinyan vaxt qazanmağa çalışır” – Ekspertlərbackend

Sərhəddə intensivləşən erməni təxribatları: “Paşinyan vaxt qazanmağa çalışır” – Ekspertlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bəs Brüssel görüşü ərəfəsində törədilən erməni təxribatlarının məqsədi nədir?

Məsələ ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Bakupost.az -a bildirib ki, müəyyən xarici dövlətlər regionu daim münaqişə regionu kimi saxlamaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyirlər:

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq və post münaqişə mərhələsinə keçməklə bağlı təşəbbüsləri həm Ermənistanın daxilindəki müəyyən qruplar, həm də bəzi digər dövlətlər tərəfindən tam adekvat qarşılıq almır. Azərbaycan istəyir ki, artıq regionda normal münasibətlər qurulsun. Normal münasibətlər ona deyirik ki, Beynəlxalq Hüququn prinsiplərinə əsaslanan, Beynəlxalq Təşkilatların qərarlarına uyğun olan, mehriban qonşuluq ruhunda, yəni, Cənubi Qafqaz və onun ətrafı sülh-əməkdaşlıq bölgəsinə çevrilsin. Amma müəyyən xarici dövlətlər var ki, onlar regionu daim münaqişə regionu kimi saxlamaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyirlər.

Araz Aslanlı qeyd edib ki, Ermənistanda müəyyən qruplar, təbəqələr və bir az da ziyalı təbəqələr Azərbaycanın təkliflərinin daha real olduğunu anlayır:

“Azərbaycanın yanaşması qəbul olunsa, bu, Ermənistanın da lehinədir. Amma Ermənistanda digər bir təbəqə də var ki, onlar daha radikal yanaşmaya malikdirlər və hələ də Ermənistanı revanşizmə meyl etdirmək istəyirlər. Hesab edirəm ki, həm Ermənistan ordusu, həm də erməni siyasətçiləri daxilində revanşizmə meyilli və regionu daim münaqişədə saxlamaq istəyən qüvvələr var. Revanşizmdən əlavə, hətta “böyük Ermənistan” fantaziyası ilə davam etməyə çalışanlar da az deyil. Amma eyni zamanda onları kənardan təhrik edənlər də var. Yəni, post münaqişə dövrünə keçidə mane olmaq istəyənlər qüvvələr çoxdur. Həm Ermənistan, həm region , həm də qlobal müstəvidə bu ab-havanı saxlamağa çalışırlar. Demək istəyirlər ki, “münaqişənin bitdiyini düşünməyin, daim hazır qalın, yenidən nə vaxtsa, 44 günlük müharibədən biri daha olacaq və guya o Ermənistanın müharibəsi olacaq” kimi absurd fikirlərlə yaşayıralar. Azərbaycan rəhbərliyi israrla bunu deyir ki, gəlin bir an əvvəl post münaqişə dövrünün şərtlərinə uyğun addım ataq. Quruculuğa, transport, infrastruktur layihələrini reallaşdıraq, sovet dövründən mövcud olan kommunikasiya xətlərini açaq və əlavə yeni kommunikasiya xətləri yaradaq. Azərbaycan onsuzda muxtar kommunikasiya xətlərinin bir parçasıdır və özünün reallaşdırdığı kommunikasiya xətləri var. Qapalı kommunikasiyalar ilə zərər görən Ermənistandır və açılması isə əksinə Ermənistanın lehinədir. Amma təəssüf ki, həm Ermənistanda, həm də xaricdə sülh mühitini parçalamaq və münaqişə davam edirmiş kimi bir atmosfer yaratmaq istəyən qüvvələr var. Bu provokasiyalar onların niyyətlərindən qaynaqlanır”.

 

Politoloq Məhəmməd Əsədullazadə məsləyə münasibət bildirərkən qeyd edib ki, Brüssel görüşü ərəfəsində Ermənistan tərəfi konkret olaraq belə pozucu fəaliyyəti davam etdirəcəksə, təbii ki, həmin görüşə Azərbaycan qatılmaya bilər:

“Brüssel görüşü ərəfəsində Ermənistan yenidən təxribatlara əl atır və Soçi bəyannaməsinin vədlərini yerinə yetirməməyə çalışır. Eyni zamanda Ermənistan Brüsseldə Azərbaycanla keçiriləcək görüşdə gərginliyi böyütmək, digər əlavə şərtlər irəli sürməklə prosesi pozmağa çalışır. Brüssel görüşü ərəfəsində Ermənistan tərəfi konkret olaraq belə pozucu fəaliyyəti davam etdirəcəksə, təbii ki, həmin görüşə Azərbaycan qatılmaya bilər. Vəziyyət həddindən artıq gərgindir. Ermənistan tərəfi heç bir razılaşmaya əməl etmək istəmir, baxmayaraq ki, 10 noyabr, 11 yanvar və 26 noyabr bəyannamələri var. Həmçinin Ermənistan öhdəlik götürüb amma öhdəlikləri yerinə yetirmir. Yerinə yetirməməkdə əsas səbəb Ermənistan tərəfi əlavə, özünə uyğun şərtlər əldə etməyə çalışır və bunu təxribatlar yolu ilə həyata keçirmək istəyir. Həmin təxribatlar Azərbaycan tərəfinin adekvat addımları nəticəsində baş tutmur. Eyni zamanda erməni lobbisi də Brüssel görüşünə çalışırdı amma Soçi bəyannaməsi demək olar ki, Brüssel görüşünün üstündən xətt çəkdi. Azərbaycanın təklif etdiyi bəndlər konkret olaraq Soçi bəyannaməsində qəbul edildi, amma Ermənistan tərəfinin heç bir şərti qəbul olunmadı. Ermənistan tərəfi Brüssel görüşündə Qarabağ, status, Minsk qrupu məsələsini danışıqlar masaına gətirmək istəyirdi. Azərbaycan tərəfi də qəti buna razı ola bilməzdi. Ona görə də Ermənistan bu kimi təxribatlarla vaxt qazanmağa və vəziyyəti gərginləşdirməyə çalışır ki, bu da Ermənistanın əleyhinədir”.