Günümüzdə texnologiyanın sürətli inkişafı ilə yaranan sosial medialar artıq cəmiyyətimizin bir parçası halına gəlməkdədir. İnsanlar artıq rəqəmsal məkanda bir-biriləri ilə davamlı bağ yaradır ki,bu bağlar da məhz sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Bugünkü yazımızın mövzusu da məhz bu şəbəkələrin faydaları və zərərləri haqqında olacaq. İstifadə qaydalarına, etibarlı və təhlükəsiz şəkildə olmağının üsullarına nəzər salaq.
Sosial şəbəkələr insanların davamlı əlaqəsini təmin etməklə yanaşı, bu bağlantı vasitəsi ilə fikirlərini və duyğularını paylaşmaqlarına, dünyada baş verən xəbərləri izləmələrinə, məhsullarını və ya xidmətlərini bazara çıxarmaqlarına vasitə olan internet platformlarıdır.
Sosial şəbəkələrin insanlar, ümumiyyətlə cəmiyyət üzərindəki təsiri mübahisəli mövzulardan sayılsa da, danılmaz həqiqətdir ki, bu şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçası halına gəlib. Bu baxımdan məsələyə yanaşılsa, internet dünyasının, sosial şəbəkələrin nə olduğunu, istifadə qaydalarını, bununla yanaşı olaraq bu istifadənin avantajlarını və dezavantajlarını anlamaq çox vacib əhəmiyyət kəsb edir.
2004-cü ildə, Mark Zuckerbergin yaratdığı Facebook, 2006-cı ildə qurulan, xəbər qaynağı kimi tanınan Twitter, 2003-cü ildən fəaliyyət göstərən və daha çox iş dünyasına yönələn Linkedin, son illərdə isə daha çox İnstagram və TikTok sosial şəbəkələri aktiv istifadəçi, geniş izləyici toplamağa başladı.
İnstagram istifadəçiləri daha çox foto və video paylaşmasına yönəlmiş platforma, TikTok isə qısa video paylaşımları ilə gündəmə gələn bir sosial şəbəkə olaraq tanınır və xüsusilə gənc nəsil arasında məşhurdur.
İnternetdə kifayət qədər populyar olan bu platformların əvvəlcə topluma qatdığı avantajlardan- fayda qata biləcək yönlərindən danışaq.
1.İnsanlar arasında ünsiyyətə əngəl olan bütün məsafələri yox edir və dünyanın hər yeri ilə əlaqəni asanlaşdırır.
2. İş üçün nəzərdə tutulan sosial platformlar insanların iş elanlarını daha asan və tez əldə etməsini təmin edir.
İstifadəçilər iş sahibləri ilə birbaşa bağlantıya keçə bilir, iş elanlarını izləyə bilir və karyeralarına fayda verə biləcək digər fürsətlər əlçatmaz yox, gözönündə ola bilir.
3.Təhsil,tədris və hətta təlimlər üçün yeni imkanlar aça bilir.
İstifadəçilər onlayn kurslara qatılaraq, müzakirə forumlarında iştirak edə bilir və işinin mütəxəssisləri ilə bağlantı qurub yeni bilgilər də öyrənə bilirlər.
4. Müxtəlif iş yerlərində dünya bazarına çıxış və reklam fürsətləri yaradır.
Sosial şəbəkələr iş dünyasında yeni hədəflərə çatmaq, müştərilər qazanmaq, məhsul və xidmətlərini tanıtdırmaq üçün ən əlverişli vasitələrdən biridir.
Sosial şəbəkələrin nəzərə çatdırdığımız bu faydalı yönləri ilə yanaşı kifayət qədər zərərləri də var.
1.Məlumat Gizliliyi Risk daşıyır:
Sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilmə riski həmişə var. Bu məlumatlat kiber cinayətkarlar tərəfindən ələ keçirilə və naməlum səbəblər üçün istifadə oluna bilər.
2.Asılılıq.
Çox təəssüf ki, sosial şəbəkələr istifadəçilər tərəfindən bir asılılıq halına gələ bilir. Saatlarca sosial mediada vaxt keçirmək boşa gedən zaman itkisi ilə yanaşı psixoloji və fiziki zərərlər də gətirə bilir.
3.Gerçək olmayan, yanlış məlumatların, reklam niyyətli qeyri-real bilgilərin bu platformalarda yer almağı.
Saxta xəbərlərin,fotoların, montaj olunmuş videoların yayılması ilə cəmiyyət bunlara inana bilir. Bu durum isə məlumat qaynaqlarının hər zaman sorğulanmasına səbəb verir.
4.Kiber Zorbalıq.
Sosial şəbəkələr kiber zorbalıq və şantajlar kimi mənfi xüsusiyyətlərin, yanlış davranışların yayılması üçün də bir vasitə halına gələ bilər. İstifadəçilər qarşılaşdıqları zorbalıq və ya təciz durumlarında, təqibetmə və şantaj hallarında dərhal yardım istəməli, platformaların şikayət bildirmə və əngəlləmək xüsusiyyətlərindən istifadə edərək özlərini qorumalıdırlar. Qarşısıalınmaz hallarla rastlaşdıqda isə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Texnologiya ilə birlikdə dəyişən, inkişaf edən dünyanı əhatə edən bütün bilgiləri bir toxunuşla əldə edən, işıq sürəti ilə və daha az maliyyətlə əldə olunan sosial media dünyası cəmiyyət tərəfindən artıq bir ehtiyac halına gəlmişdir. Bu ehtiyacın bir çox hallarda insanların üzərində mənfi izlər buraxdığının da sıx-sıx şahidi oluruq.Məsələn,bəzən sosial media istifadəçiləri artıq hər kəs haqqında hər şeyi ən sərt halı ilə söyləyə bilmək iqtidarında olduqlarını zənn edirlər. “Söz azadlığı” və “azad media” fikirlərinə öz səviyyə,baxış açısından yanaşaraq bu qavramanı yanlış şəkildə təbliğ edərək insanları doğru olmayan yola yönləndirirlər. Özünə biçdiyi dəyər duyğusuna qane olmayanda isə psixoloji baxımdan ruhi sarsıntılar yaşayan fərdlər alınan hər bəyənmə (like) sayını bir dəyər biçimi olaraq görürlər.
Bir başqa qrup isə gördükləri, izlədikləri insanların həyatlarını arzulamağa başlayanlardır. Qarşı tərəfin mükəmməl bir həyata sahib olduğunu, özlərinin isə əsla o həyata sahib ola bilməyəcəklərini düşünürlər. “Niyə mən yox?” düşüncəsi,həsəd duyğusu və şüuraltı əqidəsinin hökmü ilə yanlış addımlar ata bilirlər. Halbuki bütün sosial mediadakı insanların bu tərz platformalarda əks etdirməyə çalışdıqları yalnız ən yaxşı cəhətlərini sərgiləmək və yaxud da mükəmməli göstərmək səyləri olur. Bəli,bu bir gerçəkdir ki, bəzən əks olunanlar olmağını istədiklərimiz olur. Xoş təbəssüm və gülüşün xoşbəxtlik göstərişi olması kimi…
Məsələyə bu baxışdan baxsaq,gördüyümüz hər yazı, şəkillər və videolar doğru yanaşılmadıqda zehnimizi bulandırmaqdan başqa bir işə yaramır. Yaradıcılığımızı əngəlləyən, zamanımızı boşa israf edən hər durumdan uzaq durmaq şəxsiyyət olaraq ilk öncə bizim özümüzə fayda verər.
Hər bir ortamın faydalı və zərərli tərəflərini ilk olaraq araşdırsaq, özümüzə, ətrafımıza, mühitimizə dəyə biləcək bütün mənfi xüsusiyyətlərə hazırlıqlı olarıq, bununla da gələn bəlalardan ən az zərərlə qurtulmuş olarıq.
Sosial şəbəkələrin zərərli tərəflərini də əslində biz insanlar yaradırıq, buna yol verməmək üçün öncə öz düşüncəmizdən, əməlimizdən əmin olmalıyıq. Doğru düşüncənin yaratdığı əminliklə ətrafımızda yanlış yola sürüklənənləri də maarifləndirməliyik.
Sosial mediadan doğru məqsədlər və amallar üçün istifadə edək, müasir texnologiyanın insan şüurunu idarə etməsinə yox, insan şüurunun müasir texnologiyanı idarə etməsi ilə möcüzələrə imza atmasına şahid və səbəb olaq…Bu yolda da gəlin,birlik olaq, axı biz birlikdən doğan gücün nələrə qadir olduğunu görən nəsilik…
Sosial medianı cəmiyyətimizin zərərinə istifadə edənlərə qarşı nümayiş etdirəcəyimiz güc, bu yolda atılan hər addım uşaqlarımızın güvəndə olacağı, bizim də rahat nəfəs ala biləcəyimiz bir ortam naminə olsun. Əminliklə deyirəm,buna dəyər…
Ekspert-yazar Gülər Mübariz