Xəbər verdiyimiz kimi, dünən səhər Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin direktoru Telman Qardaşov vəfat etdi. Onu da qeyd etmişdik ki, Telman Qardaşovun ailəsi ATV telekanılının “Yoxlama” verilişinin 171 saylı məktəbdə icazəsiz çəkiliş aparmasından sonra direktorun səhhətində problem yarandığını idda edirlər.
İnterpress.az xəbər verir ki, Moderator.az baş vermiş hadisəyə, həmçinin təhsil müəssisələrinə “Yoxlama” tipli verilişlərin müdaxilə etməsinə tanınmış təhsil eskperti Əjdər Ağayevin münasibətini öyrənib.
Əjdər Ağayev bildirib ki, hər hansı bir kənar şəxsin, hansısa təşkilat və ya televiziya, mətbuat nümayəndəsinin məktəbə daxil olub, dərs prosesini pozması pedaqoji baxımdan qəti qadağandır:
“Hər fəaliyyət sahəsinin öz sistemi, nəzarət, qiymətləndirmə forması və bu işləri həyata keçirən şəxslər var, o cümlədən də təhsil sisteminin. Yalnız həmin şəxslər təhsil müəssisələrinə girə, monitorin keçirə bilər. Bu gün ümumiyyətlə yoxlama məvfumu yoxdur, bu anlayış dildən də yavaş-yavaş çıxır. Prezident İlham Əliyev də yoxlamaların sıradan çıxarılması, xüsusilə də qəfil yoxlamaların tətbiqini bir neçə il bundan əvvəl pisləmişdi. Yoxlama əvəzinə indi monitorinq sözü işlənir və monitorinq aparan şəxs də prosesə daxil olur, müəyyən meyarı, ölçü sistemi var. Bu monitorinqi aparmaq isə televiziyanın, mətbuatın borcu deyil. Televiziyanın ümumiyyətlə “Yoxlama” adında verilişinin olması qeyri-məqbuldur. Həmçinin kobud şəkildə məktəbə daxil olub, dərsə, iş prosesinə müdaxilə etməsi tamamilə yolverilməzdir. Hər hansı bir hadisə baş verməsə belə bu hərəkətin özü cinayət tərkiblidir. Çünki nə qədər insanlara, şagirdlərə psixoloji təsir göstərirlər, iş prosesini ləngidirlər və bu da əməldə ziyankarlıq tərkibinin olmasıdır. Mən ümumiyyətlə bu işə təəccüb edirəm, anlaya bilmirəm ki, buna necə yol veriblər”.
Ekspert daha sonra qeyd edib ki, belə hallar ürək xəstəliyi olan insanlara mənfi təsir edə və son həddə ölümünə gətirib çıxara bilər:
“Əlbəttə ki, belə hallar atəş açıb öldürmək olmasa da, ölümə gedən yolu təşkil etməkdir. Telman Qardaşov köhnə maarifçidir, pedaqoji tələbləri bilən adamdır, uzun müddət məktəb direktoru işləyib. O çür səhmanlı sistemlə işləmiş, pedaqoji qaydaların normalarını görmüş adamlara bugünkü qeyri-qanuni yollar təəccüblü görünür və əsəbləşdirir. Bu baxımdan güya veriliş adıyla məktəbə girmək, müdaxilə etmək təbii ki, məktəb direktoruna mənfi təsir göstərə bilər. Ürəyi xəstə olan insanlar bundan insult keçirə bilər və nəticəsi də ölüm ola bilər. Əlbəttə ki, diaqnoz qoymaq, bu işə tibbi nöqteyi nəzərdən qiymət vermək mənim səlahiyyətlərim daxilində deyil. Amma hamımızın ağlı var, prosesləri izləyirik və hansı halın da nədən yarandığını görürük. İndi də deyə bilmərəm ki, direktorun ölümü sırf o hadisəylə bağlıdır, bəlkə də təsadüfdür. Amma ailə, görənlər bunu deyirsə, biz də hadisənin şahidi olanlara inanmalıyıq”.
Ə.Ağayev onu da vurğulayıb ki, aidiyyati qurumlar baş vermiş hadisəni dərindən araşdırıb, lazımi tədbirlər görməlidirlər:
“Bu hadisə oldu, Telman Qardaşov kimi maarifçini itirdik. Amma bundan televiziyalar, ümumiyyətlə qeyri-qanuni fəaliyyət göstərən, ordan-burdan pul yığmağa çalışan qəzetlər nəticə çıxarmalıdır. Onların hərəkətləri onlara pul yığmaq üçün fayda gətirsə də, digərlərinin ölümünə gətirib çıxarar. Bu hadisəyə hökumət reaksiya verməlidir, ATV bunu niyə edib, nə üçün bu cür hərəkətlərə yol verilib, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Səhiyyə Nazirliyi kəskin tənqidi münasibət bildirməlidir. Bu hadisəylə bağlı hərtərəfli araşdırma aparılıb, günahkarlar meydana çıxarılmalıdır. O şərtlə ki, cavablar obyektiv, ədalətli, düz olsun, üzgörənlik etməsinlər, ailə üzvlərinin, şahidlərin sözü əsas götürülsün. Kimə görəsə, nəyə görə söz dəyişdirmək, ikibaşlı söhbətlər olmasın. Onların necə cəzalandırılması ilə işim yoxdur, sadəcə istədiyim odur ki, bir də belə hallara yol verilməsin. KİV adından dərəbəylik, özbaşınalıq, müdaxilələr birdəfəlik yığışdırılsın. Bunu ölkə başçısı deyib, ancaq əməl edən yoxdur”.
Ekspert KİV-ləri bu kimi hadisələrə biganə qalmamağa çağırıb:
“Bu hadisə KİV-lərdə də pislənilməlidir, hətta ölüm hadisəsi olmasa belə məktəbə o cür müdaxilə etmək pislənilməlidir, “Yoxlama” tipli verilişlər ləğv edilməlidir. Televiziyanın işi maarifləndirməkdir, savadlandırmaqdır, dünya görüşünü artırmaqdır, vətənpərvərlik hissləri aşılamaqdır. Yoxsa televiziyaya, vətənə, jurnalistikaya və nə qədər dəyərli jurnalistlərə kölgə salmaq deyil. Qurunun oduna yaş da yanır və buna görə mətbuat da bu işi pisləməlidir. Bu cür hallara birdəfəlik son qoyulmalıdır”.
İnterpress.az