Belə ki, hər ilin bu günü türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiasını yaşadırlar. Bildiyiniz kimi, türkçülük bayramı ilk dəfə 1945-ci il mayın 3-də Topxana Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkan başda olmaqla 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunub.
Azərbaycanda Türkçülük günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunur. Turançılıq ideologiyasının Azərbaycanda da kifayət qədər tərəfdarları var. Amma buna baxmayaraq, Türkçülük bayramı rəsmi şəkildə, dövlət səviyyəsində qeyd olunmayıb.
Bəs, görəsən, Türkçülük bayramının Azərbaycanda rəsmi bayram kimi qeyd olunması zəruridirmi?
Məsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən millət vəkili fazil Mustafa bildirib ki, sözügedən bayramın dövlət səviyyəsində qeyd olunmasının əleyhinədir:
\”Bunun dövlət bayramı kimi qeyd olunmasının izahını vermək biraz çətindir. Çünki, bu, müəyyən düşüncə və ideologiyanın daşıyıcısı olan insanların təqdim etdiyi bayramdır. Ona görə də, bu bayramın elə qeyri-rəsmi şəkildə insanların öz arasında keçirilməsi daha doğrudur. Mən də fikirləşirəm ki, bunun dövlət bayramı kimi qeyd olunmasının ciddi bir əhəmiyyəti yoxdur. Hər hansı bir xalqın taleyində bu kimi məsələlər onsuz da böyük bir yer tutur. Təbii ki, türkçülük bayramı milli etnik kimliyin təcəssümü olan bir hadisədir. Amma bunun bir bayram kimi təqdim olunması məncə, doğru olmazdı”.
F.Mustafa bildirib ki, sözügedən bayram rəsmi dövlət bayramı olmasa da, hər bir şəxs qeyd etməkdə azaddır: “Buna baxmayaraq, kim istəyirsə, qeyri-rəsmi şəkildə qeyd edə bilər. Heç bir maneçiliyi yoxdur. Ona görə də, bu məsələdə heç bir maneçilik ola bilməz. Hər kəs öz ideyasını təbliğ edə bilər. Azərbaycan da sivil və modern dövlətdir. Ona görə də, burada narahatlıq doğuracaq heç bir əsas yoxdur”.
Səid Qərib
İnterpress.az