İnterpress.az-ın Moskvaya ezam olunmuş xüsusi müxbiri Toğrul Allahverdilinin verdiyi məlumata görə, artıq paytaxtda \”Ölməz alay\” yürüşünə start verilib.
Yürüşə Böyük Vətən müharibəsinə həsr olunan şüarlar səsləndirilib. Yürüşdə iştirak edən məktəbli uşaqlar tərəfindən vətənpərlik mövzusunda şeirlər ifa olunub.
Yürüşdə azərbaycanlılar qələbə şüarları səsləndirirlər.
\”Ölməz alay\” yürüşündə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının bütün üzvləri iştirak edir.
Qeyd edək ki, ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı \”Ölməz alay\” ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələri deyiblər ki, DİN rəhbərliyi və \”Ölməz alay\” təşkilat komitəsinin əmirinə əsasən yürüşə Böyük Vətən müharibəsinə dəxli olmayan bayraqlar, simvollar və atributlar gətirmək qadağandır. Bunu etməyə çalışan şəxslərdən həmin əşyalar, simvollar alınacaq. Yalnız Rusiyanın bayrağı, Qələbə simvolu və Böyük Vətən müharibəsi veteranlarının portretlərini gətirməyə icazə verilib.
İnterpress.az