Müharibə yenidən başlaya bilər? – “Ermənistanın təxribatları Şuşa Bəyannaməsinə qarşı edilən sabotajdır”backend

Müharibə yenidən başlaya bilər? – “Ermənistanın təxribatları Şuşa Bəyannaməsinə qarşı edilən sabotajdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycanla sərhədində gərginlik yaratmaqla, həm Avropa Birliyinin 2,6 milyardlıq yardımının qarşılığını verir, həm də yeni yardımlar qazanır“.

Bunu son günlər Ermənistanın Azərbaycan ərazilərində yenidən təxribatlara əl atmasını dəyərləndirən Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, gərginlik bir neçə regional və qlobal təsirə hesablanmış təhlükəsizlik, siyasi-iqtisadi gedişlərlə müşahidə olunur və bu gərginliyin sifarişçisi erməni cəmiyyəti və xalqı deyil. Mövcud gərginlik kənar qüvvələrin və Paşinyanın bu dairələrin sifarişi ilə həyata keçirdiyi təxribatlardır:

“10 Noyabr Bəyannaməsinin imzalanmasından sonra bu miqyasda gərginlik ilk dəfə müşahidə olunur.
Bu gərginliyin nəyə hesablanmasını bilmək üçün atəşkəsin pozulmasının miqyasını nəzərə almaq lazımdır.
İstər ötən ilin iyulunda Tovuz istiqamətində baş vermiş təxribatların ildönümü, istərsə də sonrakı günlərdə Kəlbəcər, Qazax və Naxçıvan istiqamətində ermənilər tərəfindən Azərbaycanın mövqeləri atəşə tutulur.
Bu gərginlik ilk baxışdan Azərbaycan-Ermənistan sərhədində aparılmalı olan və hətta gecikmiş delimitasiya və demarkasiya məsələlərinin, bir sözlə iki ölkəarası sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində gedən proseslərin pozulmasına hesablanmış gərginliyə oxşasa da, məsələ bununla bitmir. Mövcud gərginlik kənar qüvvələrin və Paşinyanın bu dairələrin sifarişi ilə həyata keçirdiyi təxribatlardır. Əlbəttə, gərginlikdə seçkiyə qədər “Mənə dəyməyin”, “Məni xilas edin” deyən Ermənistan baş nazirinin seçkidən sonra parçalanmış Ermənistan cəmiyyətini öz ətrafında bütövləşdirmək üçün alət olaraq istifadə etmək cəhdini də blok edə bilmərik, amma bu təşəbbüs məhz bu gərginlikdə ikinci dərəcəlidir”.

Yeganə Hacıyeva qeyd edib ki, müharibədən sonra bölgədə yaranmış yeni reallıq daxilində maraqlı tərəflərin bir neçə istiqamətdə, xüsusən də təhlükəsizlik və iqtisadi baxımdan divident qazanmaq istəyini də unutmaq olmaz:

“ABŞ və Avropa Birliyi 44 günlük müharibədən sonra Cənubi Qafqaza təsir vasitələrini itirib və Rusiya yaranmış bu vəziyyətdən Cənubi Qafqazda daha da möhkəmlənmək və öz maraqları üçün məharətlə istifadə etməkdədir. Son günlər ATƏT-in Minks Qrupu həmsədr ölkələrinin də istər Azərbaycan-Ermənistan sərhədi, istərsə də Qarabağ və s. haqqında fikirlərinə diqqət etməliyik. Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyin səbəblərini bu qrupun mövqeyində axtarmaq lazımdır. Həmçinin 30 illik işğal dövründə Avropa Birliyi Azərbaycanın iqtisadi inkşaf etmiş rayonlarını talan edib, viran qoyduğu halda Ermənistanı 2,6 milyardlıq ( 60% hədiyyə, 40% kredit olan ) yardımla mükafatlandırıb. İndi isə Ermənistan Azərbaycanla sərhədində gərginlik yaratmaqla, həm Avropa Birliyinin 2,6 milyardlıq yardımının qarşılığını verir, həm də yeni yardımlar qazanır.

Digər tərəfdən, 44 günlük müharibə regionda iqtisadi, təhlükəsizlik sahələrində dəngələri dəyişib, bütün bunların isə siyasi sahədə dəyişikliyə gətirməsi sadəcə zaman məsələsidir. Məsələ ondadır ki, Azərbaycan Türkiyə ilə müttəfiqlik haqda Şuşa Bəyannaməsini imzalayıb. Bu bəyannamə Azərbaycan ərazilərinə müdaxilə zamanı Türkiyə ilə birgə hərəkəti özündə ehtiva edir. Son gərginlikdə, atəşkəsin pozulması hallarının artmasının səbəblərindən ən birincisi də Şuşa Bəyannaməsinə qarşı edilən sabotajdır və bu sabotajı tək Ermənistan etmir”.

Ermənistanın təxribatlarının müharibəyə səbəb olacağı ilə bağlı ehtimala da toxunan Yegabə Hacıyeva vurğulayıb ki, sözügedən gərginliyin müharibəyə qədər gedə biləcəyi gözlənilən deyil:

“Son günlər erməni mediasında tirajlanan, gərginliyin nəticəsi kimi Rusiya sülhməramlılarının və ya başqa qüvvələrin Azərbaycanın sərhədinə yerləşdiriləcəyi ilə bağlı informasiyalar da reallığı əks etdirmir. Ümumilikdə Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi çoxsaylı hərbi təlimlər, onların verdiyi mesajlar fonunda regionda söz sahibi olan güclərin bir-biri ilə regional və qlobal maraqları ətrafındakı ittifaqları, koordinasiyalı addımları növbəti müharibə təşəbbüsünü heçə endirir. Regionda iştirakçı olmayan üçüncü qüvvənin dövrəyə girə biləcəyi haqqında gözləntilər sadəlöhvlükdür”.

Gülşən