Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk dil qurumunun üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının müəllifidir. Azərbaycan Respublikası 1990-cı ildə müstəqillik əldə etdikdən sonra Kiril qrafikasından latın qrafikasına keçid əsas məsələlərdən biri kimi görkəmli alim Afad Qurbanovun rəhbərliyi ilə geniş müzakirə olunmuşdur. Alim kiril əlifbasının müasir tələblərə cavab vermədiyini əsaslandıraraq yazırdı ki, “kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə cavab vermir və indi işlətdiyimiz kiril qrafikalı əlifbada bir sıra düzəldilməsi mümkün olmayan qüsurlar vardır. Eyni zamanda kiril qrafikalı əlifba xalqımızın milli mədəniyyətinin birləşməsinə ancaq mənfi təsir göstərir. Müxtəlif yerlərdə yaşayan azərbaycanlılar bir-birinin nailiyyətləri haqqında birbaşa məlumat ala bilmirlər, milli mədəniyyət arasında möhkəm əlaqə yaranmır. Buna görə də xalqımızın birliyi, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün mütərəqqi və yararlı əlifba lazımdır. Bu da indi və gələcəkdə özünü doğrulda bilən latın qrafikası əsasında yeni əlifba olmalıdır”.
Afad Qurbanov yeni əlifbanın latın qrafikası əsasında tərtib edilməsinin vacib tərəflərini elmi cəhətdən əsaslandırmışdır. Azərbaycan əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanı bəziləri kiril, bəziləri ərəb, bəziləri isə latın əsaslı əlifbanın qəbul edilməsini təklif etmişdir. Görkəmli alimin təşəbbüsü ilə 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmışdır. Bu sahədəki uzunmüddətli yaradıcılıq işləri nəzərə alınaraq Azərbaycan SSR Elmlər Akademiyasının o zaman yeganə dilçi alim üzvü olan Afad Qurbanov həmin Komissiyanın sədri seçilmişdir. A.Qurbanov qəti şəkildə bəyan etmişdir ki, kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə tam cavab vermir. Afad Qurbanov yeni əlifbanın yaradılmasında latın qrafikasının vacib tərəflərini şərh etmişdir. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçilməsi, onun Azərbaycan dilinin ədəbi-bədii xüsusiyyətlərinə uyğun gəlməsi Afad Qurbanovun təşəbbüsü sayəsində əlverişli sayılmış və müsbət əhəmiyyəti ictimaiyyətə çatdırılmışdır. Xüsusilə, bir neçə əlifba sistemindən bəhrələnən Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin yazısını lazımi dərəcədə təmin edən Müasir Azərbaycan əlifbasından ̶ latın əlifbasından istifadə etməyin zəruri tərəflərini və beynəlxalq əhəmiyyətini qeyd etmişdir.
Müstəqilliyin ilkin dövründə istedadlı alim, bacarıqlı təşkilatçı olan A. Qurbanov bütün qüvvə və səylərini xalqın arzu və istəyi olan Azərbaycan əlifbasının latın qrafikasına keçməsinə həsr etmişdir. Müasir əlifbanın yaradılması və ona verilən tələblər, A.Qurbanovun hazırladığı əlifba layihəsi Azərbaycan Əlifba Komissiyasında geniş şəkildə onun rəhbərliyi ilə müzakirə olunmuşdur. Müzakirə zamanı Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan dilinin əlifbasında yazı üçün 32 hərf öz əksini tapır. Qeyd olunan hərflərdə müasir Azərbaycan ədəbi dilinin fonetik xüsusiyyətləri nəzərə alınmışdır. Ümumxalq sərvəti olan bugünkü əlifba xalqını dərindən sevən, görkəmli dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanunun qüvvəyə minməsi haqqında 34 saylı qərarla ölkəmizdə rəsmi olaraq latın qrafikalı əlifbaya keçildi. 1991-ci ilin dekabrında Afad Qurbanovun tərtib etdiyi latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmiş və yeni latın qrafikalı əlifbaya keçid ilk dəfə ölkəmizdə reallaşmışdır.
Əlifba layihəsi qəbul edilən zaman Ə ə hərfi Ä ä şəklində yazılmışdır. Qəbul edilmiş ilkin layihədə bu hərfin oxunuşu bir neçə il işlədilmiş, sonra isə Ə ə olduğu kimi saxlanılmışdır. Layihədə verilən Ҝҝ hərfi də iki formada-həm Ҝҝ, həm də G g şəklində verilmişdir. Son variant kimi G g qəbul edilmişdir. Qeyd edilir ki, əvvəlki əlifbadakı Ҝҝ hərfini G g əvəz edir. Hərfin adı (ge)-dir, çap forması böyük hərf G, kiçik hərf g şəklindədir;
Qəbul edilmiş əlifbada qrafika problem də A. Qurbanovu düşündürmüşdür. Dilin ayrı-ayrı səslərinin yazıda hərflərlə əksolunma forma və üsulları qrafik sistemi təşkil edir. Qrafik sistem hərflərdən və yazıda istifadə olunan digər işarələrdən ibarət olsa da, qrafikanın əsasını əlifba təşkil edir. bLakin əlifbanın tərkibi dəyişən kimi yazının qrafik sistemi də müxtəlifləşir yəni, əlifa ilə qrafika bir-birinin eyni olmasa da, bir-birinə çox yaxındır. Qeyd edilir ki, qrafika əlifbadakı bu və ya başqa bir hərfin hansı fonemi bildirdiyini və necə oxunduğunu müəyyənləşdirir. Bir sıra dillərin əlifbalarında işlənən eyni formaya malik şərti işarələr – hərflər işləndiyi əlifbalarda müxtəlif dillərin eyni, yaxud yaxın fonemlərini bildirir. Deməli, qrafika əlifba ilə, əlifba isə yazı ilə bağlıdır. Bu nəzərə alınaraq müəllif tərəfindən Azərbaycan əlifbasındakı hərflərin dildəki fonemləri nə dərəcədə əks etdirdiyi və hər bir hərfin hansı vəzifə daşıdığı da aydınlaşdırılır. Qeyd edir ki, Azərbaycan əlifbasında hərflər quruluşuna görə həm kiçik, həm də böyük olur. Həmçinin hərflərin çap və əlyazısı formaları da mövcuddur. Azərbaycan hərflərinin çap forması ilə əlyazısı şəkli bir-birindən az-çox fərqlidir. Bütün bunlar xarakterizə edilərək yazılır ki, bir sıra başqa yazılarda olduğu kimi, Azərbaycan yazısında da hərflərin çap şəkillərini fərqləndirmək və oxumaq çox asandır. Sözləri yazarkən çox zaman qələmin ucunu qaldırmaq lazım gəlmir. Bu da, əlbəttə, əlifbamızın müsbət əlamətlərindəndir. Azərbaycan əlifbasının əlyazması şəklində bəzi hərflər özündən əvvəl və sonra gələn hərflə bitişir. Söz tərkibində əksər hərflər bitişdirilərkən eyni qaydaya tabe olur. Bəziləri isə ümumi qaydadan fərqlənərək müstəsnalıq təşkil edir. Hərflərin asan şəkildə bir-biri ilə bitişməsi məhz sürətli yazmağa imkan verir və yazının estetik keyfiyyətini daha da artırır.
Göründüyü kimi, qəbul edilmiş əlifbada hərflərin yazılışı, sürətli yazılma formaları, hətta yazının estetik gözəlliyi də nəzərə alınmışdır. Bununla yanaşı Azərbaycan dilinin səsləri ilə əlifbasındakı hərfləri miqdarca müqayisə edilmiş, dilimizdəki səslərin sayı çox, əlifbamızdakı hərflərin miqdarı isə azlığı da təyin edilmişdir. Bunun səbəbi ilə bağlı qeyd edilir ki, əgər əlifbamızda dilimizdəki bütün səslərin çalarlıqlarına aid hərf olsa idi, onda yazımız ağırlaşar, oxumaq və yazmaq işi olduqca çətinləşərdi. Qəbul edilmiş əlifbada sait səslərin və samit səslərin əks olunmasi formaları da müəyyənləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, hazırkı latın qrafikası dilimizin fonetik quruluşunu uğurla ifadə etdirməsi ilə seçilir və dilimizin bütün fonemlərini əks etdirir.
Qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində, beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanının mühüm rolu olmuşdur.
Fərmanda digər məsələlərlə yanaşı, Azərbaycan dilçiliyinin inkişafında durğunluğun müşahidə olunması, latın qrafikasının bərpa edilməsi barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsi qeyd edilir. Göstərilən qüsurları aradan qaldırmaq üçün mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdu və həmin proses hazırda davam etməkdədir. Fərmanda, eyni zamanda, latın qrafikalı əlifbaya keçilməsini başa çatdırmaq haqqında göstəriş verilmişdir.
Bu Fərmanının 9-cu maddəsində yazılırdı: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin; 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni fərman imzalandı. Həmin fərmanda yazılır: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.
Bununla da 2001-ci il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman verilmiş, on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilmiş və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, mədəniyyətimizin tarixində mühüm hadisə olmuşdur. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Heydər Əliyev tərəfindən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir.
Sayalı Sadıqova
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının sədr müavini, professor