Övladından imtina edən valideynlərdən aliment tələb edilməsi təklif edilib. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən irəli sürülən təklifdə qeyd olunur ki, imtina səbəbi araşdırıldıqdan sonra belə valideynlər uşaq 18 yaşına çatanadək aliment ödəsinlər və bu məbləğ uşağın hesabında toxunulmaz qalsın. Bu barədə birliyin “facebook” hesabında yazılıb: “Onu da qeyd edək ki, hazırda sığınacaqdakı bəzi uşaqların valideynləri onlardan imtina edib və yenidən ailə quraraq (yeni körpə dünyaya gətirərək) həyatlarına rahat şəkildə davam edirlər”.
Məsələyə Milli Məclisin deputatı Vüqar İskəndərovun yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında bildirdi ki, valideynlərin uşaqlarından imtina hallarının artması narahatedici haldır:
“Qloballaşma bütün dünyanı sərhədsiz edib. İnformasiya texnologiyalarının inkişafı sürətlənib, artıq istənilən informasiyanı anındaca qəbul edib və ya istehsal edib ötürə bilirik. Bu kontekstdən baxsaq, ailə dəyərlərini itirməyə başlamışıq. Qərbdən gələn yad təsirləri artıq bir çoxları norma kimi qəbul edir. Bu, əsasən də gənclərin həyat tərzinə mənfi təsirini göstərməkdədir. Ailə vacib dəyərdir, onun varlığı, möhkəmliyi dövlətin gələcək inkişafında böyük rol oynayır. Son zamanlar atılmış uşaqların sayında artım görürük. Dövlət bu istiqamətdə vacib işlər görməkdədir. Uşaqların uşaq evlərindən ailələrə verilməsi müsbət hal olsa da uşaqlardan imtina edilməsi narahatedicidir”.
Deputat sözügedən təklifi dəstəkləyib:
“Fikrimcə, uşağın məsuliyyətsiz valideynlər tərəfindən böyüdülməsindənsə dövlətin himayəsində olması və ya seçilmiş ailələrin qayğısı ilə əhatələnməsi daha yaxşıdır. Öz övladını atıb yenidən ailə quran insanlar məsuliyyət daşımalıdırlar. Bəziləri düşünür ki, dünyaya gətirdiyi uşaq onların şəxsi “mal”ıdır, bu belə deyil. Uşaq həm də cəmiyyətin, dövlətindir, hər biri bizim genefondumuzu təşkil edir. Səsləndirilən təkliflə tam razıyam. Əsassız yerə uşağından imtina edib sığınacağa, uşaq evinə qoyan məsuliyyətsiz valideynlərdən aliment alınmalıdır. Belə insanlar bilməlidirlər ki, uşaq dünyaya gətirmək hələ valideyn olmaq demək deyil. Uşağı layiqli böyütmək, ona təhsil vermək, həyatını müsbət məcrada istiqamətləndirmək hər bir valideynin borcudur. Bunu etmirsə, əvəzinə, təbii ki, dövlət edir. Amma bu cür valideynlər də cavabdehlik daşımalıdır və imtina etdiyi övladına görə aliment ödəməlidir”
İnterpress.az