Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı “31 Mart soyqırımı – qisas qiyamətə qalmadı” sərlöhvəli məqalə yazıb.
İnterpress.az həmin məqaləni təqdim edir:
Tarixən torpaqlarımıza göz dikən, xain, mənfur, terrorçu ermənilərin qanunsuz əməllərinin nəticəsi olaraq dəfələrlə qətliamlar, qırğınlar, soyqırımlar yaşamışıq. Bu gün yaxın tariximizin ən faciəli günlərindən birini qeyd edirik.
Hələ XVIII əsrin ilk onilliklərində I Pyotr Bakını işğal etdikdən sonra burada Rusiya üçün sosial baza yaratmaq, cənub sərhədlərində güclü müsəlman və türk ölkəsinin formalaşmasının qarşısını almaq məqsədilə, erməniləri həmin ərazilərdə yerləşdirməyə qərar vermişdi. Lakin bu planlar yalnız XIX əsrin birinci yarısından reallaşmağa başladı. Ermənilərin xalqımıza qarşı soyqırımı tarixi və ərazi iddiaları onların Azərbaycan ərazisində məskunlaşdırıldığı dövrdən başladı.
1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 1905-1918-ci illərdə erməni hərbi birləşmələri Qafqazın müxtəlif bölgələrində qətllər, qırğınlar törətmək istiqamətində fəallaşmağa başladılar.
1918-1920-ci illərdə Ermənistanın daşnak hökuməti “türksüz Ermənistan” siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmışdır ki, bu da Azərbaycana məxsus yüzlərlə kəndlərin dağıdılması, əhalinin məhv edilməsi, onların zorla ölüm təhdidi altında doğma yurdlarından qovulması ilə nəticələnmişdir.
Erməni millətçiləri Rusiyaya arxalanaraq XX əsrin əvvəllərində azərbaycanlılara qarşı dəfələrlə, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi soyqırımı törətmişlər. Bu illər ərzində ermənilər Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində yüzlərlə kənd tamamilə dağıdılmışdır.
Düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməzdi və barışmadı.
2020-ci ilin sentyabrında Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etdi. Tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu Zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi. 44 günlük Vətən Mübaribəsi dövrü şanlı tariximizə qızıl hərflərlə yazıldı. Məhz bu döyüşlərdə igidlərimiz şücaət göstərməklə, xüsusi igidliklə torpaqlarımızı azad etdilər. Bu böyük qalibiyyətlə yanaşı istər 31 Mart, istərsə də Xocalı soyqrımı, eləcə də I Qarabağ müharibəsi zamanı, tarixin müxtəlif dövrlərində mənfur düşmənlərimiz tərəfindən həmyerlilərimizə qarşı törədilmiş qətliamların qisası alınmış oldu. Bu böyük qürur hissi ilə tariximizə yazılacaqdır və bu tarixi günlərin imzası cənab İlham Əliyevə məxsusdur. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Allah şəhidlərimizə rəhmət eləsin!