“Tektonik zonalarda vəziyyət fon səviyyəsindədir. Yəni ölkə ərazisində hiss olunan zəlzələlər baş verə bilər”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zələlənin dağıdıcılıq qabiliyyəti onun dərinliyindən asılı olaraq dəyişir.
Bu gün səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələdən misal gətirən baş direktor söyləyib ki, Yer səthinə yaxın, yəni 5-10 km-dərinlikdə baş verən yeraltı təkanlar daha çox dağıntı və fəsadlar törədə biləcək gücə malikdirlər:
“Əgər 7,5 maqnitutalı zəlzələ 60-100 km dərinlikdə baş verərsə, o qədər də fəsadlar törədə bilməz. Məsələn, Yaponiyada, Sakit okeanda 100 km və daha çox dərinliklərdə yeraltı təkanlar qeydə alınır. Onların gücü 7 və ondan daha çox olanlardır. Həmin zəlzələnin intensivliyi balla ölçülür. O da tikililərlə müəyyənləşdirilir ki, 8-9 baldır”.
Hazırda Azərbaycanda tektonik zonalarda vəziyyət nə yerdədir?
Azərbaycanda tektonik zonalarda hiss olunan yeraltı təkanlar barədə məlumatların mütəmadi olaraq ictimaiyyətə açıqlandığını xatırladan Q.Yetirmişli deyib ki, hiss olunmayan zəlzələlər sadəcə elmi tədqiqatlar üçün əhəmiyyətlidir:
Onun sözlərinə görə, Azərbaycanda çox vaxt zəlzələlər yerlərindən asılı olaraq dəyişir: “Məsələn, episentr Kür çökəkliyində Xəzərə nisbətən daha dərindir. Böyük Qafqazın cənub-şərq yamacı – Şamaxı-İsmayıllı zonasında isə bu, 10-15 km dərinlikdədir. Digər bölgələrdə də həmçinin xüsusiyyətləri var. Harada nə qədər zəlzələ baş verirsə, hamısı tərəfimizdən araşdırılır. Belə götürdükdə fon səviyyəsindədir. Yəni bunların içərisində hiss olunan zəlzələ olmalıdır. O da qorxulu bir şey deyil. Yəni lap güclü, katastrofik törədə biləcək elə bir seysmogen zona yoxdur ki, orada nəsə bir təşvişə düşəsən”.
Sadiq Cavadov