Əslində bu ad məşhur Çexiya rəssamı Alfons Muxanın adı ilə bağlıdır. Qadın gözəlliyinin vurğunu olan Alfons əsərlərində ancaq qadın gözəlliyini təsvir edib, onun cazibəsinin təsirindən çıxa bilməmişdi. Beləliklə zaman keçdikcə bu ad əvvəllər yalnız qadın vurğunlarına, sonralarsa qadın hesabına yaşayan kişilərə verilmişdir.
Ara-sıra düşünürəm, hara baş alıb gedirsən, ay “Alfonsluq”? Artıq iş o həddə çatıb ki, Azərbaycan gənci də öz bədənini açıq-aydın pulla satmaqdan belə utanmır.
Bu yaxınlarda Alizadə soyadlı 24 yaşlı alfons gəncin yerli xəbər saytlarının birinə verdiyi açıqlama məni dəhşətə gətirdi. Müsahibəni sizə də təqdim edirik:
– Özünüzə başqa peşə tapa bilmədiniz?
– Bu iş daha çox xoşuma gəlir. Rahat və asan pul qazanma yoludur.
– Utanmırsız?
– Alfons olmağımdan niyə utanmalıyam ki? Əksinə, işimlə fəxr edirəm.
Məni narahat edən bəzi suallarla “Gənc ailələrə dəstək” ictimai birliyinin sədri, ilahiyyatçı Cavid Cabbarlıya müraciət etdim. Düşünürəm sizə də maraqlı olacaq.
İnterpress.az saytı müsahibəni sizə təqdim edir:
Cavid müəllim, alfonsluq keçmişdən gəlir?
– Cəmiyyətdə bir çox ənənələrin yaşı insan yaradılış tarixinə bərabərdir. Ümumi ənənələri iki hissə ilə təsnifatlandıra bilərik. Milli və dini əsaslardan formalaşan adətlər, insan hiss və duyğusundan irəli gələn adətlər. Milli zəmində formalaşan adətlər konkret mənsub olduğu millət yaxud dinlə bağlılığına görə müəyyən zaman və məkana aid ola bilir. İkinci təsnifatın tarixi isə daha qədimdir. Çünki insan yaradılan gündən onun sevgi və nifrət hissi, paxıllıq və qibtə duyğusu dəyişməyib. XXI əsrin kişisi sahib olduğu qadını necə qısqanırsa, XXI əsrin qadını sevilmək istəyini necə yaşayırsa, ilk insan olaraq dünyaya gələn Həzrət Adəmin dövrundəki insanlar da eyni duyğuları yaşamışlar. (Söhbət normal insanın rəftarından gedir. Qadına sahib çıxmaq istəməyən kişilərin istisnası hər zaman olub). Bu məntiqlə yanaşsaq, qadın hesabına yaşayan kişilərə hər zaman rast gəlinib və düşünürəm ki, bundan sonra da rast gəlinəcək. Ona görə ki, bu cür yaşam tərzi hiss, duyğu, xəyal, əksər hallarda da eqoizmdən və tənbəllikdən irəli gəlir. Lakin heç kim bu adı üstünə götürmək istəmir. Qadın özünü satışa çıxardanda çox ciddi fəsadlara səbəb olduğu kimi, cəmiyyətdə belə halların artması da mənəvi inkişafı ciddi zədələyir. Həm də özü tənqidə uğramaqla yanaşı bir çox ciddi çətinliklərə yol açır. Bir cümlə ilə desəm, belə bir ifadə işlətməyə məcbur olaram. Cəmiyyətdə qadın hesabına yaşayan kişilərin sayı çoxalarsa, idarəçilik və nizam-intizam kəskin pisləşər, tez bir zamanda xaos yaranar. Əslində qadın hesabına yaşamağı adən-ənənə kimi təqdim etməyin əleyhinəyəm. Bu, fərdlərin yaşam tərzidir. Kütləvi hala çevirib ənənə kimi təqdim etmək ciddi yanlışlıq olardı. Qeyd edim ki, bu cür kişilər həmişə yararsız hesab olunublar.
\”Qurbanlar\”əsasən tənha qadınlarmı?
– Bu məsələdə kiməsə birmənalı qurban demək insafsızlıqdır. Belə hallar dediyim kimi, fərdi xarakter daşıdığı üçün bu hala düşməyin də şəxsi səbəbləri ola bilər. Siz əgər bugünü nəzərdə tutursunuzsa, sualın cavabı tam başqadır. Əslində bu hala düşməyin bir az əvvəl ötəri olsa da səbəblərini qeyd etdim. Bu səbəblərə sosial çətinlikləri də əlavə etməliyəm. Cəmiyyətdə balans pozulanda, sosial ədalətsizlik hökm sürəndə qadın hesabına yaşayan kişilərin sayı arta bilər. Müasir dövrü nümunə göstərə bilərik. Əslində kişi qadın hesabına yaşamağı istəmir və hətta nifrət edir belə yaşayışa. Lakin günün tələbləri məcbur edir ki, qadın gedib evə çörək gətirsin. Belə hallarda intiharlar da artır. Təklif olunan 10 iş yerindən səkkizi qadınları tələb edirsə, deməli 8 kişi evdə uşaq saxlamaq məcburiyyətindədir. Sosial səbəblərə görə qadın hesabına yaşamaq günün ciddi problemidir, lakin bütün halda həmin kişiyə alfons deyə bilmərik. Alfons qadının maddi və yaşamaq üçün digər imkanlarından sui-istifadə edən kişilərə deyilir. Bu hal əksər vaxtlarda qadının bilgisi ilə baş tutur. Yəni qadın istifadə olunduğunu bilir və belə halın baş verməsi onun da maraqlarını təmin etdiyi üçün vəziyyəti susqunluqla izləyir. Qarşılıqlı razılaşma olduğu halda kiminsə qurban getdiyini demək olmaz. Bəzi hallarda isə tənha və imkanlı qadınların qurban getdiyini düşünürəm. Tənha deyəndə subay xanımları nəzərdə tutmuram. Minlərlə xanım var ki, ailəli olsa da özünü tənha hesab edir, eyni zamanda bu halı kişilərə də şamil edə bilərik. Belə insanlar bölüşməyə, paylaşmağa çox ehtiyac duyurlar. Ailədə bir-birini anlamamaq və ailəyə zaman ayırmamaq belə halların əsasını qoyur. Xüsusi ilə qeyd edim ki, iman və dindən uzaq şəxslər belə hallarda daha tez qurbana çevrilə bilərlər. Beləliklə maddi baxımdan zəngin olan qadın tənbəl kişilərin toruna düşərək qurbana çevrilirlər.
Məncə günah qadındadır, siz necə düşünürsünüz?
– Belə halda qadın zərərçəkmiş qismində dəyərləndirilir. İnsan iki halda zərərçəkmiş ola bilər, birinci dəfə aldanırsa, qarşıdakına inanıb deməkdir, ikinci dəfər aldanırsa axmaqdır. Təqribən bu mənada Həzrət Əlidən (ə) müqəddəs kəlam var. Qadın əgər ailəlidirsə və yaxud dəfələrlə hiyləgər kişinin toruna düşürsə, əlbəttə günahkardır. Subay xanım hansısa şərəfsiz kişinin xoş sözlərinə uyur, özünü təslim edirsə, ona günahkar deyə bilmərik, artıq qurban hesab olunur.
Alfonsları necə tanıya bilərik?
– İnsanı və kişilik dəyərləri mövcuddur. Yəni, cəmiyyətdə konkret qırmızı xəttlər formalaşır. Bütün cəmiyyətlərin qırmızı xətti eyni deyil. Fərdlərin düşüncə tərzi, dünya görüşü bu xətti təyin edir. Məsələn 90-cı illərin sonu yad bir oğlanın qız arxası ilə başqa məhləyə getməsi qırmızı xətti keçməsi anlamında qiymətləndirilirdi və getdiyi məhlədən ən yaxşı halda qaçaraq canını qurtara bilirdi. İndi isə belə bir qırmızı xətt yoxdur. Hətta liftə bacısı ilə yad oğlanın əl-ələ girdiyini görən “qaqaş” üzünü döndərib gedir. Deməli cəmiyyətdə həm də kişilik problemi yaranıb. Hesab edirəm ki, bir çox problemlərin səbəbi olan “kişilik” belə halların artmasına da rəvac verən əsas amillərdəndir. Kişilik deyəndə cinsiyyəti nəzərdə tutmuram. Ən adi halda etiraz edə bilməyən şəxsə, sahib olduğunu əlindən alanda müqavimət gösrətməyən insana necə kişi deyə bilərik. Məncə kişilik cəmiyyətin immun sistemidir. Bu sistem zəifləyəndə ən yüngül mikrob insanı ağır yatağa sala bilir. Cəmiyyətdə kişilik zəifləyəndə, yaxud olmayanda bu kimi hallar vüsət alacaq. Alfonsları tanımaq fərdi məsələdir. Yəni qadın onun münasibətindən, davranışından, ziddiyyətli hərəkətlərindən anlamalıdır. 6-cı məsum İmam Həzrət Cəfəri Sadiq buyurur: “İnsanları sınamadan onlara dost deməyin”. Başqa bir müqəddəs kəlamda isə insanı sınamaq üçün iki əsas vasitə göstərilir. Onu əsəbləşdirəndə və maddi vasitə ilə. İnsan bütün halda özünü gizlədə bilir. Lakin əsəbləşəndə özü olur. “İnsanın dəyəri əsəbləşdiyi zaman bilinər” mənasını çatdıran bir çox kəlamlara da rast gəlmişəm. Pul isə insan həyatında çox önəmlidir. Uzun illər dostluq edən şəxsləri görürük ki, aralarında yaranan pul mübahisəsinə görə düşmənə çevriliblər.
Necə edə bilərik ki, ətrafımız saglam olsun, yəni xoşagəlməz hadisələrdən və insanlardan necə qoruna bilərik?
– Hesab edirəm ki, bunun xüsusi düsturu yoxdu. Hansı cəmiyyətdə yaşayırıqsa, o cəmiyyətin mənfi və müsbət elementləri ruhumuza mütləq hopacaq. Cəmiyyətdə formalaşan mənfi və müsbət elementlər isə fərdlərin sayəsində formalaşır. “Nə tökərsən aşına, o çıxar qaşığına “ ata sözü bu mövzu barədə yerinə düşür. Düşünürəm ki, insan ruhən və xasiyyət baxımından uyğun gəlmədiyi şəxslə heç zaman münasibət qura bilməz. Bunun üçün də özünü daxilən daim xoşagəlməz əməllərdən qorumalıdır ki, mənəvi cəhətdən saflaşsın və nəticədə sağlam düşüncələrlə bir cərgəyə düşə bilsin. Hər bir insanın durduğu yer onun üçün dünyanın mərkəzi hesab olunur. Mərkəzdən qaçma prosesi isə nizamsızlıq yaradır. Hər insan durduğu yerin mərkəz olduğunu anlasa, insan olaraq davransa mərkəzdən qaçma baş verməyəcək və nəticədə cəmiyyət möhkəm nizama sahiblənəcək. Cəmiyyətdə şəxsi islahata üstünlük verən fərdlərin sayı çoxaldıqca, nizam bərpa olunacaq, mərkəzə meyl artacaq və insanların arasında etibarlılıq yaranacaq. Ən nəhayət normal cəmiyyət formalaşacaq və azsayda olan xəbis insanlar da cəmiyyətin qanunlarına əməl etək zorunda qalacaqlar.
Səidə Mustafayeva
İnterpress.az