Ərdoğanın körfəz gəzintisi böhranın həllinə təsir etmədibackend

Ərdoğanın körfəz gəzintisi böhranın həllinə təsir etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər və körfəz ölkələri arasında yaranmış gərginliyi aradan qaldırmaq üçün cəhdlər edən Türkiyə ən yüksək səviyyədə prosesə qatılıb. Ötən aylarda bir neçə dəfə “telefon diplomatiyası” aparan və münaqişə tərəflərini barışdırmağa çalışan Türkiyə prezidenti körfəz səyahətinə çıxıb. İlk olaraq Səudiyyə Ərəbistanına səfər edən prezident Ərdoğan, daha sonra bir neçə ölkədə olacaq. Bu səfərlərin əsas məqsədi yaranmış böhranı aradan qaldırmaqdır. Ərdoğanın ikinci səfəri Küveytə olub.

Ancaq ilk jestlərdən məlum olub ki, Ankaranın vasitəçilik cəhdi o qədər də uğurlu olmaya bilər. Bunun ilk əlaməti Ciddə Beynəlxalq Hava Limanında özünü göstərib. Hava Limanının qarşılanma meydançasında prezident Ərdoğanı Səudiyyə rəsmiləri qarşılayıb. Halbuki 5 öncə eyni hava limanında Türkiyə prezidentini qarşılamağa Səudiyyə kralı Salman bin Əbdüləziz özü gəlmişdi. Ancaq görünür ki, bu dəfə Qətər böhranı zamanı Türkiyənin “qarşı tərəfdə” yer alması ər-Riyadı narazı salıb və bu narazılığı bu şəkildə ifadə ediblər.

Ərdoğan və onunla birlikdə iqtisadiyyat naziri Nihat Zeybəkçi, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, baş qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Nurəddin Canikli və MİT rəhbəri Hakan Fidandan ibarət heyətin Səudiyyə Ərəbistanı heyəti ilə görüş keçirilib və eyni zamanda prezident Ərdoğan və Kral Salman arasında təkbətək görüş olub.

Daha sonra Ərdoğanın şərəfinə ziyafət verilib. Bundan sonra Küveytə səfər edən Türkiyə prezidenti Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabirlə görüşüb. Küveytdən sonra isə Ərdoğan Qətərə keçib. Doha beynəlxalq hava limanında Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani qarşılayıb. Qətər əmiri və Ərdoğan birlikdə Dohada yerləşən Əmirlik mərkəzi sarayına gedib və burada təkbətək və heyətlər arasında danışıqlar aparılıb.

Xatırladaq ki, Qətər və 4 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn arasında böhran bu ilin iyununda baş verib. 4 ölkə Qətərin terrorçulara yardımı dayandırmasını tələb edib, ardınca isə diplomatik əlaqələr məhdudlaşdırılıb, quru, dəniz və hava məkanlar bağlanıb. Bir qədər sonra isə 4 ölkə Qətərə 13 maddədən ibarət ultimatum irəli sürülüb. Ancaq rəsmi Doha bu tələblərin “alçaldıcı” olduğunu bəyan edərək rədd edib.

Türkiyə isə həm Səudiyyə Ərəbistanı, həm də Qətərlə yaxşı münasibətləri olması səbəbindən bu yaranmış vəziyyət Ankaranı narahat edir. İlk gündən Ankara fəal diplomatiya aparmaqla yanaşı, Qətəri dəstəkləyib və Dohada Türkiyə hərbi bazasının yaradılması qərarını rəsmiləşdirib, bu ölkəyə əsgər göndərib. Ancaq istənilən halda 4-lük ölkələri ilə münasibətlərin daha da gərginləşməsi Ankaranın maraqlarına ziddir. Çünki bu ölkələr ötən 6 ildə Yaxın Şərqdə birgə əməkdaşlıq edib, “İslam ordusu” kimi böyük layihələrə imza atıblar. İndi isə Türkiyənin Qətərə arxa durması heç şübhəsiz ki, digər ölkələri qəzəbləndirir, bu qəzəbin Türkiyənin üzərinə yönəlməsinin qarşısını almaq, həmçinin hazırda Suriyada yaranmış böhranı aradan qaldırmaq üçün Ankaranın tərəfləri barışdırmasına ehtiyac var.

Çünki hazırda Suriyanın İdlib vilayətində məhz Qətər və Səudiyyə Ərəbistanının dəstəklədiyi silahlı qruplar arasında ciddi toqquşmalar davam edir. Görünən odur ki, bu vəziyyətin daha da dərinləşməsi bir çox ölkələrə təsir edəcək. İdlib hazırda Suriyada müxaliflərin nəzarətində olan ən böyük bölgədir, əsas müxalif güclər də məhz burada yerləşir. İdlibdə baş verən toqquşmalar, nəzarətin böyük miqyasda ən-Nusra kimi radikal qruplaşmanın əlinə keçməsi, İdlibin və ümumiyyətlə, Suriyada silahlı müxalifətin taleyi ilə bağlı ciddi suallar yaradır.

Bu mənada Ankaranın hərəkətə keçməsi həm Qətərə olan təzyiqlərin dayandırılması ilə yanaşı, həm də Yaxın Şərqdə dəyişən şərtlərlə bağlıdır. Çünki münaqişə dərinləşdikcə digər ölkələrə də təsir göstərir. Ancaq səfərə reaksiyalardan görünür ki, hələlik bu səfərdən gözlənilən nəticə alınmayıb. Yeri gəlmişkən, bugünlərdə Qətərin xarici işlər naziri deyib ki, böhran davam edəcəyi təqdirdə Qətərin Türkiyə, Oman kimi ölkələrlə birlikdə alternativ planı var. Qətər əmiri isə böhrandan sonra ilk dəfə ötən həftə televiziya qarşısına çıxıb. Böhrandan sonra vəziyyətin normala döndüyünü qeyd edən Qətər əmiri dövlətlər arasında münaqişənin xalqlara təsir etməməli olduğunu deyib. Əmir deyib ki, embarqo ölkələri ilə bərabərhüquqlu danışıqlara hazırdırlar. Eyni zamanda əmir Türkiyəyə təşəkkür etməyi də unutmayıb.

Beləliklə, böhran davam etdikcə, Yaxın Şərqdə çat da dərinləşir. Bunun təsirləri hər keçən gün özünü daha bariz şəkildə büruzə verir. Yeri gəlmişkən, bazar ertəsi Səudiyyə kralı Salman dövlətin idarə edilməsi səlahiyyətlərini oğlu və bu yaxınlarda vəliəhd təyin etdiyi Məhəmməd ibn Salmana verərək Mərakeşə dincəlməyə gedib. Bir neçə gün əvvəl isə Səudiyyə sarayı barədə gizli məlumatları “müctəhid” niki ilə yayan sosial şəbəkə hesabı Kral Salmanın taxt-tacı oğluna verib kənara çəkiləcəyini yazıb. Görünən odur ki, Yaxın Şərqdə bu yay getdikcə daha da istiləşir. (musavat)

İnterpress.az