Dilimizin banisi xalqımızdır – Cahid İsmayıloğlubackend

Dilimizin banisi xalqımızdır – Cahid İsmayıloğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şəmil Sadiq və Elxan Nəcəfovun müəllifi olduğu kitabda Müasir Azərbaycan dilinin banisinin Səməd Vurğun olduğu göstərilib.

“Hədəf nəşrləri”nin çap etdiyi abituriyentlər üçün nəzərdə tutulmuş “Ədəbiyyat” kitabında müəllifin bu iddiası böyük rezonans doğurub.
Məsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim Cahid İsmayıloğlu dilin banisinin hər hans bir şəxs olduğu iddiasını yanlış adlandırıb: “Səməd Vurğun Azərbaycan dili üçün çox işlər görüb. Onun əsərlərində dilin bir çox qatları üzə çıxıb. Ona görə də, S.Vurğunun Azərbaycan dili üçün etdiyi xidmətləri yüksək qiymətləndirirəm. Amma S.Vurğun dilin banisidir ifadəsi yanlış ifadədir. Yəni, bu xidmətlər qarşısında onun dili banisi olması ifadəsini işlətmək məna cəhətdən doğru olmaz”.

\”Dilin banisi hər hansı şəxs deyil, xalqdır\”

C.İsmayıloğlu bildirib ki, Azərbaycan dilinin banisi Azərbaycan xalqıdır. İstənilən dilin banisi onun yaradıcısı xalqdır: “Ona görə də, dilin banisliyini daha çox xalqa aid eləmək lazımdır. Təbii ki, ədiblərin, yazarların, mütəfəkkirlərin dilin inkişafı üçün böyük rolu olub. Bu, danılmazdır. Amma dilin banisi məsələsini hər hansı bir şəxsə aid eləmək, dediyim kimi, məna cəhətdən düzgün olmaz. Hətta, Nizaminin də, Füzulinin də ədəbi dilin inkişafında əvəzedilməz rolu olub. O dövrlərdən hesablasaq, görərik ki, bütün ədiblər Azərbaycan dilinin inkişafı üçün yeni işlər görüb. Amma dilin banisi ifadəsini hətta onlara da aid etməkdə ehtiyyat etmək lazımdır”.

\”Müəllif, sadəcə, Səməd Vurğunun xidmətlərini qabartmaq istəyib\”

C.İsmayıloğu istənilən dərsliyinin bir nəfərin tam qüsursuz şəkildə tamamlamasının mümkün olmadığını bildirib. O, bunun böyük bir komanda işi olduğunu vurğulayıb. O qeyd edib ki, ona görə də, dərsliklər Təhsil Nazirliyində nəzarətdən keçməlidir: “Nəzarətdən keçdikdən sonra, həmin dərsliyin çapına icazə verilməlidir. Düşünürəm ki, bu cür kitablarda məna səhvi, ifadə səhvi korrektə səhvi ola bilər. Burada isə, müəllif S.Vurğunun Azərbaycanın ədəbi dilində danılmaz xidmətlərini qabartmaq istəyib.Həmin ifadəni isə bədii ifadə kimi anlamaq lazımdır. Təəssüflər olsun ki, biraz anlaşılmazlıq olub. Doğrudur, S.Vurğun Azərbaycan dilinə yeni bir nəfəs gətirdi. Məsələn, bir nəfər kompüter haqqında çoxlu bilgilərə malikdirsə, ona komputerin banisi deyirlər. Yəni, həmin ifadə bədii cəhədən ifadəni gücləndirmək üçün deyilib. Eyni zamanda, Üzeyir Hacıbəyovu Azərbaycan opera sənətinin banisi hesab etmək olar. Burada bani sözünün mənası uyğun gəlir. Amma S.Vurğunu Azərbaycan dilinin banisi kimi təqdim etmək uyğun gəlmir”.

Səid Qərib

İnterpress.az