Dünya tarixinə yüzlərlə, minlərlə qanlı hadisələr, qırğınlar yazılıb, saysız təcavüzkarlar, xeyli işğallar və müharibələr yaşanıb. Amma ən qanlı savaşın, ən qaddar işğalçının belə insanlıq baxımdan bir qırmızı xətti olub. Xocalı soyqırımı bütün insanlıq qaydalarının pozulması, bəşər tarixinin də ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
Xocalı dəhşətinə, müsibətinə bənzər hadisə bu zamana kimi yaşanmayıb. Körpə uşaqlara atəş açılmayıb, diri-diri yandırılmayıb… Hamilə qadının sinəsinə süngü sancılmayıb… Diri-diri insanların dərisi soyulmayıb… Ayağı güclə yer tutan ahıllara zor tətbiq edilməyib… Gənclərin əl-ayaqları bağlanaraq başları kəsilməyib…
Bütün bu insanlığa sığmayan vəhşilikləri ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədiblər. Bu faciənin ürəklərdə açdığı dərin yaralar sarınsa da, heç vaxt tam sağalmayıb, zaman-zaman qanayıb, bizi incidib. Xocalı faciəsi Azərbaycan cəmiyyətində mənəvi-psixoloji sarsıntılar yaşatdı. “Xocalıya ədalət” hər bir azərbaycanlının düşüncəsində, yaşamında ən mühüm devizə çevrildi. Qarşıda isə haqdan və ədalətdən uzaq bir dünya…
Xocalı soyqırımına xristian təəssübkeşliyi ilə geosiyasi maraqlar kontekstindən yanaşan, ədalətsiz mühakimə yürüdən və “xristian klubunu” təmsil edən beynəlxalq təşkilatları Xocalıya “ədalət” məsələsində 30 illik “sükut” dövrü yaşadılar. Xocalı faciəsi ilə bağlı cinayətləri etiraf etmək, tarixin daha dəqiq və əhatəli başa düşülməsini vacib sayan beynəlxalq təşkilatların və qlobal dünya nizamında iştirak edən hər bir dövlətin əsas işi olmalı idi.
Otuz ilə yaxın “Xocalıya ədalət” mübarizəsində Azərbaycan xalqı məruz qaldığı soyqırımı, faciəsi, ərazi itkisi ilə beynəlxalq təşkilatlar, qlobal güclər tərəfindən baş-başa buraxıldı. Azərbaycan dövlətinin və xalqının Xocalı faciəsini illər keçdikcə unudulacağını ehtimal edən və bunun üçün bütün vasitələrlə təsir edən geosiyasi mərkəzlərin bu yanaşmaları özünü doğrultmadı. Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, münaqişənin həll olunması ilə bağlı yaradılmış xüsusi missiyadan umduqları “ədaləti” 44 günlük müharibədə verdiyi qərarları, diplomatiya meydanında özünəməxsus gedişlər etməsi ilə Ali Baş Komandan İlham Əliyev həyata keçirdi.
Lakin bu böyük Qələbə XX əsrin faciəsi sayılan Xocalı qurbanlarının doğmaları üçün təsəlli olsa da, Xocalıda şəhidlərin qanı hopmuş müqəddəs torpaqların üzərində “hərbi xunta” rejiminin fəaliyyəti ədalətin tam bərpasında ciddi əngəl olaraq qalırdı. Böyük Qələbə sevincini Azərbaycan xalqı “içindən” keçirdiyi zaman müddəti sona yetməmiş, 2023–cü ilin 19-20 sentyabrında cəmi 23 saatlıq antiterror tədbirlərindən sonra Azərbaycan xalqı suverenliyin bütün əraziləri əhatə edən tam Qələbə sevincini Ali Baş Komandanın Xankəndidə ucaltdığı Dövlət Bayrağının dalğalanması ilə yaşadı. Azərbaycan xalqı 30 illik beynəlxalq təşkilatlardan, dünya ölkələrindən “Xocalıya ədalət” görmədi. Ədalətsizliyə qarşı illərlə mübarizə aparan Azərbaycan xalqı və onun lideri İlham Əliyev dünya gücləri qarşısında yenilmədi, milli davadan geri çəkilmədi və 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramı ilə XOCALIDA ƏDALƏTİ özü bərpa etdi.
Xalqımızın başı sağ olsun, Allah şəhidlərimizə rəhmət eləsin! Xocalı qurbanlarının ruhu şad olsun!
Təmzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri.