«Hər kəsə potensial virus daşıyıcısı kimi yanaşmalıyıq» – Həkim-infeksionistbackend

«Hər kəsə potensial virus daşıyıcısı kimi yanaşmalıyıq» – Həkim-infeksionist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda bütün dünyada pandemiyanın kulminasiya dövrü yaşanır. Bir çox ölkədə yenidən qapanmalar tətbiq olunur. Havaların soyuması da yoluxmanın artmasına təsir edir. Havalar soyuyarkən təkcə koronavirus deyil, bütün respirator infeksiyalar üçün münbit şərait yaranır. Buna səbəb insanların daha çox qapalı məkanlara üz tutmasıdır. Bu zaman təmaslar artır, məsafə minimuma enir. Təbii ki, nəticədə xəstə insanlardan virusun yoluxması daha da asanlaşır. Bütün dünyada da koronavirusa yoluxmada qeydə alınan artımı bununla izah etmək olar”.

Bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

“Sevindiricidir ki, müharibəni qələbə ilə başa vurduq. Buna görə də vətəndaşlar həm qələbə sevincini paylaşmaq məqsədilə, həm də şəhidlərimizin dəfnində kütləvi toplaşırlar. Bu zaman maskadan istifadə olunmaması və ya düzgün taxılmaması müşahidə olunur. Həmçinin ara məsafə də gözlənilmir. Bu da virusun yayılma riskini artırır. Bizə müraciət edən xəstələr arasında da ən çox yoluxma halı yas mərasimlərində iştirakdan sonra qeydə alınıb. Ona görə də məsafə saxlanılması, xüsusilə qapalı məkanlarda və sıx toplanma yerlərində maska istifadəsi vacibdir. Kimin virus daşıyıcısı olduğunu bilmirik. İnsan virus daşıyıcısı olub, xəstəliyi erkən dönəmdə simptomsuz da keçirə və ya assimptomatik ola bilər. Ona görə də hər bir insana potensial virus daşıyıcısı kimi yanaşmalı və özümüzü ondan qorumalıyıq”, – deyə V.Əliyev qeyd edib.

Həkim-infeksionist bildirib ki, koronavirusa xas olan xarakterik simptomlar çoxdur: “Əlamətləri bir xəstənin üzərində də görə bilərik. Hətta fərqli simptomlar müxtəlif xəstələrdə də müşahidə oluna bilər. Bunlar hərarətin yüksəlməsi, öskürək, təngnəfəslik, ishal, əzələ ağrısı, halsızlıq, dadbilmə və iybilmənin itməsi, başağrısıdır. Bəzi vətəndaşlar virusun mutasiyaya uğradığını deyir. Lakin yay dönəmi ilə indiki dövr arasında çox ciddi bir fərq müşahidə olunmur. Yenə də xəstəliyi ağır və yüngül formada keçirənlər var. Hətta cavanlar arasında xəstəliyi ağır keçirənlər kifayət qədərdir. Bu baxımdan kimdə virusun necə keçəcəyini öncədən demək qeyri-mümkündür.

Koronavirusa yoluxanların təxminən 80 faizi xəstəliyi yüngül formada keçirir. Lakin xəstəliyi ağır formada keçirənlərdə də əvvəlcə yüngül forma müşahidə olunur. Həmin şəxslərin xəstəliyin təxminən 7-ci, 10-cu günündə ağırlaşdığını görə bilirik. Ona görə də koronavirusa yoluxan xəstə həkim nəzarətində olmalıdır. Evdə müalicə alan xəstəyə nəzarət edən sahə həkimi ehtiyac görərsə, xəstə sonradan xəstəxanaya yatırıla bilər. Yoluxmuş xəstəyə həkim nəzarəti olmalı, günlük hərarəti ölçülməli, ağciyəri dinlənməlidir, ağciyərin oksigen saturasiyası müayinə olunmalıdır. Buna əsasən xəstənin xəstəxanaya yatışına qərar verilməlidir. Yəni, test nəticəsi pozitiv olan xəstənin ilk gündən xəstəxanaya yatışı üçün göstəriş yoxdur.

Əgər kimdəsə virusun hər hansı simptomları varsa, ilk olaraq onun xəstə insanla təmasda olması müəyyənləşdirilməlidir. Bundan əlavə, hərarət, ishal, başağrısı, boğaz ağrısı, təngnəfəslik, iybilmə və dadbilmənin itməsi olduqda mütləq test verilməlidir. Təbii ki, bu simptomlara fərqli xəstəliklərdə də rast gəlinə bilər. Lakin pandemiya dönəmində ilk olaraq şübhələndiyimiz xəstəlik koronavirus infeksiyasıdır.

Əgər əvvəllər günlük test sayının təxminən 10 faizində müsbət nəticə olurdusa, hazırda bu göstərici daha yüksəkdir. Hələ ki, kritik günlər davam edir. Ona görə də xüsusilə ara məsafəsinə, tibbi maskanın doğru istifadəsinə, gigiyena qaydalarına əməl etməliyik. Onu da qeyd edim ki, parça maskaların qoruyuculuğu yoxdur. Onlar virusu özündən keçirir və vətəndaşlar onu görünüş xətrinə, cərimədən qaçmaq üçün istifadə edirlər”.

 

İnterpress.az