Media üçün yeni hüquq: Agentlik rəhbəri ilə jurnalistlərin “söz savaşı” – ŞƏRHbackend

Media üçün yeni hüquq: Agentlik rəhbəri ilə jurnalistlərin “söz savaşı” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 6-da Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun Milli Məclisdə akkreditasiyadan keçən bir neçə jurnalistlə görüşü keçirildi.

Bu görüş “Media haqqında” qanun layihəsinin təkmilləşdirilməsi, sənəddə media ilə bağlı dairənin genişləndirilməsi üçün səslənən təkliflərlə yadda qaldı.

Qaynar müzakirə atmosferində keçən görüşdə tərifə yer verilmədi, parlament jurnalistləri “ölkəmiz uğurla inkişaf edir”, “milli mətbuatın analoqu yoxdur” kimi fikirlərdən uzaq idilər, qanun layihəsinin ümumi xarakteri ilə tanışlıq zamanı yalnız təkliflər səsləndirildi və boşluqların doldurulmasının zərurəti vurğulandı.

Ara-sıra bir az bənzətmə ilə desək, “söz savaşına” da çıxdıq, layihənin xarakteri bunu tələb edirdi.

“Media haqqında” qanun layihəsinin ictimaiyyət üçün məlum olmayan bəzi detallarını açıqlamayacağıq, ən azından görüşdə bu barədə razılığa gəlindi deyə, nəzakətli davranış sərgiləyəcəyəm, güman edirəm ki, oxucular da bunu anlayışla qarşılayar.

Keçək qanun layihəsinin qəbulunu zəruri edən amillərə.

Hazırda qüvvədə olan “KİV haqqında” qanun media fəaliyyətinin müasir tələblər çərçivəsində hüquqi tənzimlənməsini hərtərəfli həyata keçirə bilmir, səbəbə gəlincə, loru dildə desək, bu qanun köhnədir.

1999-cu ildə qəbul olunan həmin qanun sosial şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə qanun KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil.

Birincisi, qanunda müasir dövrün trendinə çevrilən onlayn medianın statusu müəyyənləşməyib.

İkincisi, qanunda dünya informasiya məkanında əsas söz sahibi olan sosial şəbəkələrin fəaliyyətinə dair bir dənə də müddəa yoxdur.

Hazırkı qanunvericilikdə kimlərin konkret olaraq jurnalist olması, jurnalist adının daşınması üçün kriteriyalar göstərilməyib, lakin yeni layihədə bunun tərifi verilib.

Əhməd İsmayılov deyir ki, qanun layihəsi hazırlanarkən bir neçə ölkənin təcrübəsi də nəzərə alınıb, onu da əlavə edir ki, dünyada mediaya münasibət, onun hüquqi tənzimlənməsinə dair fikirlər müxtəlifdir.

Yeni qanun layihəsində medianın hüquqi tənzimlənməsinə dair müasir yanaşmaları görmək olar, hərçənd ki, baza olaraq Konstitusiya da kütləvi informasiyanın azadlığına təminat verir, dövlət senzurasını qadağan edir.

Əhməd müəllim qeyd edir ki, yeni qanun layihəsi dövlətin mətbuata müdaxilə imkanlarını aradan qaldıran hüquqi mexanizmləri gücləndirir.

Onu da xatırladaq ki, mətbuatın fəaliyyəti hərbi vəziyyət dönəmində, komendant saatlarında məhdudlaşdırılır ki, bu da normaldır.

Bununla belə qanun layihəsinə konseptual baxış zamanı bir sıra təklifləri də səsləndirdik:

1. Hər nə olursa olsun, media azad olmalıdır. Medianın azadlığı rəqabət mühitini canlandırır və onun iqtisadi müstəqilliyinin təminatçısına çevrilir;

2. Media məmur maliyyələşməsindən qurtulmalıdır, məsələ ilə bağlı qanuna müddəa daxil edilməlidir;

3. Fotoqrafların jurnalist təyinatı üzrə məsələ qanunda həllini tapmalıdır;

4. Hər bir redaksiyanın etik kodeksi olmalıdır, bu redaksiya daxili etik məsuliyyəti ümumi media etikası ilə uzlaşdırılması baxımından vacibdir.

Qanun layihəsinin maddələri bizə təqdim edilmədiyinə görə, hələlik sənədlə bağlı konseptual baxışımızı dilə gətirdik.

Güman edirik ki, səslənən təkliflər nəzərə alınacaq və parlamentin müzakirəsinə təqdim olunana qədər ictimai diskusiyaların mərkəzinə gətiriləcək.

Əhməd İsmayılov bizi əmin edir ki, bütün tənqid və təkliflərə açıqdır, təbii ki, söhbət qıy-qışqırıqdan və təyinatı üzrə olmayan yersiz tənqidlərdən getmir.

Qanun layihəsi tam hazırlandıqdan sonra da gərgin müzakirələr yeni fazaya keçəcək – parlamentdə də bununla bağlı müzakirələr “ağrısız” keçməyəcək.