“Moskvanın əvvəlcədən bu səfərdən xəbardar olmaması heç inandırıcı deyil…”backend

“Moskvanın əvvəlcədən bu səfərdən xəbardar olmaması heç inandırıcı deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
28 il ərzində vasitəçilərin Ermənistanın siyasi oyunbazlığına göz yummasının, 27 il boyunca BMT-nin Azərbaycanla bağlı məlum dörd qətnaməsinin kağız üzərində qalmasının cəmiyyətimizə məlum olan cavabı hər ötən gün yeni-yeni təsdiqini tapır. Siyasi riyakarlığın və ikili standartların miqyası  artıq ikrah hissi doğurmaya bilmir. Prezident İlham Əliyev elə bu günlərdə, Brüsseldə İtaliyanın “İL Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə ölkəmizin üzləşdiyi ədalətsizliyi beynəlxalq birliyin diqqətinə bir daha çatdırdı:

 

“Əgər Minsk qrupunun həmsədrləri-dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”
Müharibə günlərində Fransa rəhbərliyi aşkar şəkildə nümayiş etdirdi ki, Ermənistan Fransa üçün çox doğmadır, onun “sevimli bacısıdır”. Əgər belə olmasaydı, Fransa Prezidenti Emmanuel Makron müharibənin ən qızğın günlərində bu bəyanatı verməzdi: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Bəyanatın ardınca Fransa Senatı separatçı rejimin tanınması ilə bağlı  qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Bir vaxtlar münaqişənin guya danışıqlar masasında sülh yolu ilə həlli öhdəliyini üzərinə götürən, BMT-nin həmin o dörd qətnaməsinə imza atan və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Fransa siyasətçilərinin bu cür bəyanat və qərarları sübut etdi ki, hətta Avropanın bu qabaqcıl ölkəsinin indiki siyasi elitası, lazım gəldikdə, beynəlxalq-hüquq normalarını  çox asanlıqla arxa plana keçirir. Bir müddət əvvəl Fransanın öz mətbuatından öyrəndik ki, orada prezidentliyə iddia edən Erik Zemmurun İslama və müsəlmanlara münasibətdə ciddi fobiyası var. O bəyan edir ki, prezident seçiləcəyi təqdirdə, yeni doğulan uşaqlara Məhəmməd adının verilməsinə qadağa qoyacaq. Az əvvəl isə, “Charlie Hebdo” satirik jurnalı Məhəmməd peyğəmbərin (s.a.s) karikaturasını çəkməyə cəsarət etmişdi. Bu, artıq o deməkdir ki, söhbət təkcə prezidentliyə hansısa iddialının şəxsi fobiyasından getmir. Məsələ daha dərindir, Fransa cəmiyyətində siyasilərin məsuliyyətsiz bəyanatları ucbatından demokratik dəyərlər, o cümlədən bu dəyərlərin tərkib hissəsi olan dini dözümlülük də ciddi basqı altındadır…
Brüsseldə qeyri-formal üçtərəfli görüşdən sonra Prezident Makron özünün “Twitter” səhifəsində belə bir paylaşım etdi : “Biz erməniləri heç vaxt darda qoymayacağıq…”. Az qala 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan, işğal dövründə torpaqlarımızı viran qoyan, tarixi, mədəni və dini abidələrimizi, məscidlərimizi təhqir edən, hətta qəbirlərimizdə goreşənliklə məşğul olan, BMT qətnamələrini və beynəlxalq hüququ heçə sayan erməniləri kimlərsə hələ də təqib olunan toplum gözündə görürsə, bu, sağlam məntiqin artıq dalana dirənməsi deməkdir…
Təəssüf ki, məntiqsizlik, hüquqi nihilizm və siyasi riyakarlıq bununla bitmir. Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransa prezidentliyinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Xankəndi şəhərinə qanunsuz səfər edib. Azərbaycan növbəti dəfə Fransaya etiraz notası verib. Qeyd etdiyim kimi, Fransa hakimiyyətinin və siyasi elitasının erməni sevgisi ölkəmiz üçün artıq sirr deyil. Əgər xanım Perkez ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərib beynəlxalq-hüquq normalarına əməl etsəydi və məhz Azərbaycan ərazisindən keçməklə Xanın kəndinə getmək istəyini açıq şəkildə Azərbaycan hakimiyyətinə bildirsəydi, əminəm ki, onun bu müraciəti adekvat şəkildə dəyərləndirilərdi. Lakin o, ölkələrimiz arasında mövcud olan viza rejimi qaydalarını pozaraq, səfərini Ermənistan üzərindən həyata keçirdi. Fransa siyasətçilərinin bu cür addımları ölkəmizin xoşməramlı jestlərinə və dost münasibətinə açıq-aydın edilən hörmətsizlikdir. Elə bu səbəbdən, son il yarımda ikinci belə bir ölkə yoxdur ki, Azərbaycan ona bu sayda etiraz notası versin. İlk növbədə, Fransa ictimaiyyəti və daha sonra siyasi elitası bilməlidir ki, diplomatlarımız peşələrinə uyğun şəkildə davrana və təmkin nümayiş etdirə bilərlər. Lakin bu, o demək deyil ki, Azərbaycan cəmiyyəti onun inamına, xoş niyyətinə və dostluq jestlərinə edilən hörmətsizliyi unudacaq  və tarixi yaddaşına kölgə salanları bağışlayacaq…
Bir önəmli məqamın üstündən də sükutla keçmək mümkün deyil. Fransa siyasətçiləri Xankəndinə Rusiya sülhməramlılarının  müvəqqəti nəzarəti altında olan ərazimizdən keçməklə səfər ediblər. Moskvanın əvvəlcədən bu səfərdən xəbardar olmaması ilə bağlı ehtimal az inandırıcı yox, heç inandırıcı deyil. Görünür, Kremlin belə bir səfərin baş tutmasında öz marağı var. Dünya ictimaiyyəti son beş ildə ABŞ-da baş verən siyasi qarşıdurmanı hələ də unutmayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp  Kremlin adamı olması ehtimalına görə impiçment proseduru ilə üzləşdi. İndinin özündə də bu cür iddialar səngimir. Fransadakı erməni əsilli seçicilərin dəstəyini əldə etmək pərdəsi altında qanunsuz səfərlərə  və absurd bəyanatlara imza atanlar onu da  bilməlidirlər ki, gün gələcək, onların ölkəsinin erməni kökənli olmayan, qat-qat daha böyük seçici auditoriyası seçim etməzdən əvvəl özünə bu sualı verməli olacaq: Rusiya Fransız siyasətçilərinin Xankəndinə qanunsuz səfər etməsinə imkan verərkən hansı marağını güdürdü və onları Rusiyaya bağlayan hansı gizli tellər mövcuddur? Bağlılığın arxasında ABŞ-ın keçmiş prezidenti D.Trampa qarşı səsləndirilən həmin iddianın Fransanın  bu siyasətçilərinə qarşı irəli sürülməsinə də əsas varmı? İnanıram ki, bu cür suallar Fransa ictimaiyyətini düşündürəcək və ya belə sualları onların yadına salan mütləq tapılacaq…
Böyük siyasət adamı Uinston Çörçillin belə bir kəlamı var: “Həqiqət şalvarını geyənə qədər yalan düz dünyanı dolanar”. Bu kəlamın hikmətindən çıxış etsək, inanmalıyıq ki, yalan da bir gün faş olaraq lüt qalır və heç bir bəhanə, hər hansı uydurma arqument, yaxud fobiya onun ayıbını örtə bilmir.
Ülvi Quliyev
Milli Məclisin deputatı