Ölməyin ən ucuz yolubackend

Ölməyin ən ucuz yolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qan Turalı yazır …

Türkiyədə “İntel”in apardığı “Türkiyənin xəyal xəritəsi” araşdırması gənclərin ancaq 15 faizinin xəyal qurduğunu göstərir. 15 faiz, yəni hər 7 gəncdən biri…

Məqsədin yoxdursa, mənzilin də yoxdur. Xəyallar yoxdursa, demək onlar heç zaman gerçək də olmayacaq. Və bu anda çilik-çilik olan xəyallar belə xəyalsızlığın yanında insana qələbə kimi gəlir. Məğlub olacağını bildiyin döyüşə girmək kimidir bu. Qələbə xəyalın belə yoxdur. Xəyal qurmaq insanı carilikdən xilas edir, onu bir ideal, bir məramın arxasınca aparır. Xəyalları boydadır insan…

Bəli, əslində araşdırma da xəyalı bəsit bir arzu kimi nəzərdən keçirmir. Misal üçün, rəyi soruşulanların 48 faizi peşə sahibi olmaq xəyalındadır. Bu əlbəttə ki, pis bir şey deyil, ancaq məhz peşə sahibi olmaq bir xəyal ola bilərmi? Xəyal insan qədər xüsusidir. Və xəyal bəlkə də heç zaman gerçəkləşməyəcək bir şeydir.

Xəyalı müəllimlik olan biri diplom alıb müəllim olduqdan sonra necə olsun? Ya kimiləri ailə, uşaq xəyalları qurur. Bəs uşaqdan sonra?! İyirmi bir yaşında hər şey bitməməli həyatda… Ölkəmizdə xəyal araşdırması aparılsa, vəziyyət necə olar, görəsən… Nəticələr Türkiyədən yaxşı olar, ya pis? Araşdırma olmadan nəsə demək çətindir amma… Fəlsəfənin də mühakimə yürütmək azadlığı var. Məsələ belədir: Hamı öz gələcəyi ilə bağlı xoş xəyallar qurur. Ancaq məmləkətin taleyi ilə bağlı bədbin… Öz taleyini xalqın taleyindən ayırır. Və bir çoxumuz anlamırıq ki, xoşbəxt cəmiyyətdə yaşamaq elə ən böyük idealdır.

İnsanın ən təməl instinkti budur: Şikayət. Gündəlik danışığımızın 80 faizdən çoxu şikayətdir, gileydir. Havadan şikayət… Qonşudan şikayət… Hökumətdən şikayət… Ofisiantdan şikayət… Sürücüdən şikayət… Arvaddan şikayət… Ərdən şikayət… Bu psixoloji baxımdan insanı sakitləşdirir. Günahı başqasına atmaq həmişə hüzur verir. Bir yerə qədər bunu anlamaq da mümkündür. Ancaq sosial planda bu faciəvi vəziyyətə gətirib çıxarır.

 

Heç düşünürsünüzmü, niyə əyyaşa olan nifrətimiz rüşvətxora olan nifrətimizdən dəfələrlə çoxdur? Niyə feministlər bizi korrupsioner məmurlardan daha çox hiddətləndirir? Vəya bir fahişə bizdə savadsız həkimdən daha çox nifrət doğurur? Axı birincilərin cəmiyyətə vurduğu ziyan ikincilərin yanında az qala yaxşılıq kimi görünür… Bu münasibətin dərin sosioloji kodları var. Və bunlar deyinməklə, şikayət etməklə, gileylənməklə həll olmur.

Məsələ bundadır ki, şikayətlə biz ancaq yaxamızı kənara çəkirik. Halbuki vətəni şəxsi taleyinə çevirmək, öz gələcəyini xalqın gələcəyindən ayrı görməmək üçün şikayətə özümüzdən başlamalıyıq. Bəli, ölkədə problemlər var ancaq biz bu problemi aradan qaldırmaq üçün nə edirik? Xalqımızın müdrik misalı var: “Mərd özündən bilər, namərd özgədən”. Sosial media səhifələrində başqalarını, misal üçün dənizi hasarlayanları yamanlayarkən özümüzün belə bir seçim qarşısında nə edəcəyimizi düşünsək… Ya qandallanan rüşvətxor məmura qarğış edəndə özümüzü onun yerinə qoysaq…

Ölkədə təhsilin vəziyyəti barədə şikayət edəndə hərf səhvləri buraxmasaq… Azərbaycan “xalq kitab oxumur” deyibən, özünün kitab oxumadığını mühakimə etməyənlərin ölkəsidir. Bəs sən? Sən xalqdan deyilsən? Hər birimiz özümüzü dürüst, əxlaqlı, aqil, kamil hesab edib bütün cəmiyyəti “qamışlıq” sayacağıqsa, elə bu cəmiyyət də bizim üçün lüksdür. Özünü alim, xalqı avam saymaqdan böyük riyakarlıq yoxdur.

Başqa bir misal da verim: TV-dən şikayətlənənlər. Bunlar çox böyük bir ordudur və şəxsi heyəti Silahlı Qüvvələrimizdən dəfələrlə çoxdur. Bütün günü maarifçi verilişlər arzular, ancaq Xoşqədəmə baxarlar. Saytlarda intellektual məqalə axtarır, ancaq “Türk ordusu Irəvana bayraq sancdı” xəbərinin altında topalaşarlar. Məsələnin qısa məzmunu da budur: Şikayət edərkən özünü unutmaq… İsa “daşı məsum olanınız atsın” deyirdi. Ancaq tarix İsanın da gözəl bildiyi kimi ən günahkarların, ən qabaqda, ən yekə daşı məsumlara atmasının tarixidir. Bu yazıdan bircə cümlə yadda saxlamaq istəyirsinizsə, o da bu olsun: Şikayət edəndə özünüzü unutmayın.

Bir də ki, xəyal demişkən… Yaşamamaq üçün ölümə ehtiyac yoxdur, xəyalsız yaşamaq elə ölümdü…