“Onun hekayəsi” – Əli Rzazadənin hekayəsibackend

“Onun hekayəsi” – Əli Rzazadənin hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir səsə öyrəşər qulaqlarımız… Sonra zehnimiz adət edər… Sonra ruhumuz köklə-nər…Və bizim olar o səs:
mövcudiyyətimizlə vəhdətləşər…
Belə bir səsin əsirinə çevrilmişdi o… Həmin səs müxtəlif saatlarda gecənin bətnindən qopurdu, sanki, sirrini gün işığına çıxmağa qoymaq istəmirdi. Və o, artıq neçə gecə idi ki, bu səsi iti bir maraqla gözləyirdi.

…Bu dəfə səs daha ucadan eşidildi. Hə, darvazanı tıqqıldadan barmaqlar daha əzmliydi bu gecə… “Yenə bir addımda gecənin örpəyini sirrinin üstünə örtəcək!”-deyə düşündü, uşaq oyanmasın deyə barmaqlarının ucunda irəlilədi, qapı əvəzinə asılmış qara pərdəni ehmalca kənara çəkib otaqdan çıxdı. Pərdə bağı ilişdirilən kiçik mismardan asmışdı çadrasını, bir hövllə onu da başına keçirdi. Qovanı varmış kimi yüyrək endi ikinci mərtəbədən daş pilləkənlə.

Ayaqlarını başmaqlarına əmanət etməyi unutdu; elə ayaqyalın açdı darvazanı. Kimsə çıxmadı qarşısına… Sağa-sola boylandı… Əyri-üyrü daş döşəməli küçənin sinəsinə qonşunun pəncərəsindən bir ovuc işıq çilənmişdi.

-Yenə qoca Əhməd yuxunu yad eləməyib. Səhərəcən dünyanın təsəllisini ibadətində axtaracaq…-deyə pıçıldadı öz-özünə.

Baxışlarını küçənin qaranlığına çırpıb geri çəkdi, qulağını həzin bir xışıltı qıdıqladı. Qoca Əhmədin işıqlı pəncərəsinin altında bir pişik yumaq kimi o yana-bu yana yuvarlanırdı. Diqqətlə baxanda pişiyin çörək qırıntısıyla oynadığını gördü. Bir addım atdı küçəyə tərəf, pişik onun kölgəsindən diksindi, tüklərini qabardıb fısıldadı, qəfildən özünü qaranlığa təpib gözdən itdi.

Çilənmiş işığın zərrəsindən pay alan çörək qırıntısının rəngi get-gedə küçə daşlarına elə oxşayırdı ki…

Məyus halda döyükdü, çiyni üstdən darvazanın soluna baxdı; taxta tabaq ordaydı. Bir əliylə çadrasının ucunu sinəsinə sıxdı, əyilib tabağı götürdü, içəri keçdi. Əlini sinəsindən çəkib darvazanı kilidlədi, asta addımlarla pilləkənə yönəldi.

…Nə zamandır ki, “məchul adam” hər gecə bu vaxtlar onun darvazasını döyürdü və hər dəfə də o, darvazanın sol tərəfindən taxta tabaqda gah meyvə, gah yemək tapırdı. Dəridən tikilmiş uşaq çarığı, baş çəkisi, iki yumaq yun tapdığı da az olmamışdı darvazasının eşiyindən. İlk günlər qorxa-qorxa götürmüşdü “pay”ını, sonra adət etmişdi. İndi isə payın özündən çox pay çıxan haqqında düşünürdü.

-Axı, kimdi o? Bu qıtlıq, qəhətlik vaxtında öz boğazından, əynindən kəsib mənim darvazamı yad edən kimdi?
Ağlına bir ad gəlmirdi… Əllərini qoşalaşdırıb üzü göyə bir şükür duası oxumağa çatırdı gücü. Yenə yaxşı-pis, birtəhər gözünə yuxu gedirdi əvvəllər, indi isə o yuxusu da ərşə çəkilmişdi. Əri şəhid olandan sonra çox adamın baxışına yazıqlığı yük eyləyib gözlərini ona zillədiyini görmüşdü. Əzilmişdi bu baxışların ağırlığı altında, körpə qızını sinəsinə sıxıb qaçmışdı, qaçmışdı, özünü darvazasından içəri atanadək rahatlamamışdı.
Yuxusuz gecələrində kiminsə şəhid ailəsinə yazığı gəldiyi üçün kömək etdiyi də keçmişdi xəyalından. Bu fikir də onun həssas ürəyinə yük olmuşdu:
-Heç olmasa, kim olduğunu biləm, bir “sağ ol” deyəm…-fikriylə canı üzülürdü…

Pilləkənin başına çatmamış qızının səsini eşitdi. Nə qədər ehtiyatla davranmağa çalışmışdısa da, Əsmər oyanmışdı. “Yaman ayıq yatır bu uşaq da son zamanlar…” -deyə düşündü, qayğılı-qayğılı otağa girdi.
Anasının əlində tabaq girdiyini görən Əsmər susdu. Qızının geniş açılmış gözlərində yaş sezməyən ananın çöhrəsinə xəfif bir təbəssüm çökdü:

-Can… Sən də adət etdin daha gecənin bu vaxtında pay gələcəyinə? –dedi, gəlib qızının yastığının yanında oturdu, tabağa səliqə ilə düzülmüş xurma, çörək, halva, bişmiş qarğıdalıya göz gəzdirdi, çörəkdən bir tikə qoparıb qızına uzatdı:-Ye, mənim ay işığım, ye. Bu axşam da payımız budur.
Uşaq ağzını geniş açdı, ana çörək tikəsini onun ağzına qoydu. İştahla çeynədiyi çörək tikəsini udmağa çalışan qızcığaz boynunu irəli uzadıb tabaqdakılara maraqla baxmağa başladı. Ana onun baxışlarındakı sevinci gördükcə qəhərin qarşısında aciz qaldı, amma var gücünü topladı, udqundu: “Yazıq balam, daha yuxudan kəm oyandığına ağlamır da… Bilir ki, nəsə gələcək… –deyə düşündüsə də son təsəllisi qızının qarnının doyması və bu paya sevinməsi oldu.

İçində yemək qalan tabağı ehmalca pəncərənin ağzına qoydu, qayıdıb qızının yanına uzandı, qollarını onun sısqa bədəninə doladı, saçlarından öpdü…Öpdü…
-Ana!-pıçıldadı Əsmər.
-Hə, qızım…- Ərşə çəkilmiş yuxusunun acığını çıxırmış kimi mürgülüydü səsi.
-Bəlkə, bu yeməkləri bizə gətirən atamdır? Bəs, niyə evimizə girmir? –Qızcığaz yerində dikəlməyə çalışdı:-Məni görmək istəmir? Niyə yeməyi qapının qırağına qoyub gedir?-Birtəhər anasının qolları arasından sivişib çıxdı, ovcunun içiylə gözünü ovxaladı, iri gözlərini anasının bəbəklərinə zillədi:- Məgər atam daha bizi sevmir?

Qəhəriylə cəngə çıxan iradəsinin yenik düşdüyü an gəlib çatdı; yanağı boyunca iki gilə yaş süzüldü, kirpikləri payız leysanının döydüyü gilənar çırpılarına döndü… O da dikəldi, qızının başını ikiəlli tutub özünə çəkdi, onun qara saçlarından yenə öpdü… Öpdü… Göz yaşları ürəkləndi, bu qara saçları islatmağa yetəcək qədər çoxaldı.

Əsmər uşaq sadəlövhlüyüylə hələ anasından cavab gözləyir, amma anasının niyə ağladığını anlayammırdı. Sükunətin məğrurluğuyla keçən bir neçə dəqiqədən sonra Əsmər başını geri çəkdi, indi o, elə bilirdi ki, anasını onun dedikləri ağladıb. Günahını yumaq istəyirmiş kimi, söhbəti dəyişdi:
-Ana! Ay ana!
-Gül qızım… Çiçək qızım…-Səsi titrəyirdi ananın.
-Bir dəfə Leyla xala dedi ki, mən atamla görüşəcəyəm. Çünki o, məni çox sevir. Məndən ötrü darıxır. Düz deyirdi?
-Əlbəttə, qızım, elə vaxt gələcək ki, biz atanın yanına gedəcəyik. Onunla birlikdə gözəl diyarda, gözəl bir evdə yaşayacağıq.
-Bizim evmiz kimi bir evdə?
-Bundan da qəşəng evdə…
-Əhməd babagilin böyük çırağından da olacaq orda?
-O diyarda heç vaxt qaranlıq olmur, gözəl qızım. Ona görə də, bizə heç çıraq lazım olmayacaq. Orada atan, sən və mən daim günəşin işığının altında xoşbəxt yaşayacağıq.

Əsmər gözlərini bərk-bərk yumdu…Qulağına atasının səsi gəldi:
-Yat, mənim qəşəng qızım…Yuxun bütün şirnilərdən şirin olsun…

…Əsmər bu səsə tərəf qaçırdı. Min rəngli, min ətirli gülləri sinəsinə taxmış yaşıl təpənin başında böyük, pənəcərələri işıqlı bir ev vardı. Atası o evin qarşısında durmuşdu… Əynindəki ağ libasın ətəyini sərin yay küləyi dalğalandırır, iri əlləri qıvrım saçlarını alnından geri itələyirdi. Əsmər sevincək yüyürür, atasına çatmağa çalışırdı. Atası ona baxıb mehribanlıqla gülümsəyirdi. Əsmər çataçatda atası dizlərinin üstünə çökdü, qollarını geniş açdı:
-Ay mənim qəşəng qızım!-dedi.
-Atacan!-deyib özünü onun qucağına atdı Əsmər…
-Qızım… Gül qızım, çiçək qızım, oyan, gün qalxdı, boyu boyunu ötdü, oyan görüm. –Anasının səsi gəlirdi.

Əsmər gözlərini açdı. Anası başının üstündə durmuşdu, əlindəki gil fincanda mixəkli çay buğlanırdı. Başını dikəltdi, diqqətlə anasına baxdı. Atasını yenə soruşmaq istədi, amma tezcə də anasının ağlaya biləcəyi gəldi ağlına. Balaca ürəyi titrədi.
-Azca soyusun, içərsən, gülüm-çiçəyim… İndi isə dur, əl-üzünü yuyaq bir…

Anası fincanı taxta masaya qoydu, əyilib əliylə onun kürəyini yoxladı:
-Tərləmisən bir damcı…Bircə damcı… Gəl, dəyişək köynəyini…

Anası divarın bir küncündəki həsir sandığa tərəf yönəldi, dizlərini yerə qoyub ordan bir çəhrayı köynək çıxardı, gətirib Əsmərə geyindirdi. Əsmər asta addımlarla anasının arxasınca gedib əl-üzünü yudu, burnunda mixəkli çayın qoxusu, ürəyində atasının haçansa gələcəyi ümidi ilə baxışlarını darvazaya zillədi…
… Xeyli keçmişdi atasını gördüyü vaxtdan. Anası deyirdi altı ay keçib, amma yox, çox, çox, lap çox keçmişdi atasının getdiyi gündən. Nə qədər çox? Nağıllardakı qədər… Amma kimsə o nağılın arxasını danışmırdı daha Əsmərə. Danışsaydı, onun da atası tez gələrdi…

Onda atası Əsmərin yatağının yanında dizüstə oturub qızının gözlərindən, yanağından öpmüşdü, saçlarını qoxulamışdı:
-Mən gələnədək ananın sözünə bax, qəşəng qızım.-demişdi.
-Getmə, ata…-Xəlvət bir söz deyirmiş kimi pıçıldamışdı.
-Getməliyəm, qızım… Biz, axı, Onu tək qoya bilmərik. Belə vaxtda biz Onun yanında olmalıyıq.
-Kimin? –ağlamsınmışdı: -Məndən çox istəyirsən Onu?
Atası iri əlləriylə onun yanaqlarından tutmuş, burnunun ucundan öpmüş, balaca qulağının dibində amiranə səslə demişdi:
-Əziz qızım, səni çox sevirəm. Sən mənim və ananın bircə cücərtisisən. Amma O, bizim hamımızın canıdır, gözümüzün nurudur. Onun haqqında sənə, az da olsa, danışmışdım. Yadındadırmı, qızım?
-Sən yenə də Onunla gedirsən ata?- Əsmər, başını bayaqdan bəri söykədiyi atasının çiynindən qaldırıb əllərini onun hər iki yanağına qoydu, atasının gözlərinə, ağappaq surətinə, səliqəli daranmış qapqara saqqalına və tək tük ağarmış tüklərinə diqqətlə baxıb təbəssüm etdi.

Atasının iri gözlərinin parıltısında o qədər sevgi görmüşdü ki, Əsmər, ikinci dəfə: “Getmə!”-demək istəməmişdi:
-Get, atacan. Onu da mənim kimi çox sevirsən. İndi bilirəm.-demişdi, atasının boynuna sarılmış, çoxlu-çoxlu saqqalından, dən düşmüş saçlarından öpmüşdü.
Atası da onu öpmüş, qoxlamış, sonra ayağa qalxmışdı… Pəncərədən düşən günəş işığının altında par-par parıldayan zirehində atası Əsmərin nağıllardan eşitdiyi cəngavərlər kimi idi. Qəfil yadına düşənlərin təsiriylə dönüb anasına baxdı. Hə, düz xatırlamışdı, atası cəngavərlərə oxşayanda həmişə anası ağlayardı. İndi atası anasına yaxınlaşacaq, onun saçlarının üstündən saldığı ağ, zərif örpəkdən öpəcək, sonra da həyətdəki xurma ağacına bağladığı atına minib gedəcək… Sonra…Sonra da o, gələnədək anası hər gün xurma ağacına baxıb səssiz-səssiz ağlayacaq. Bir gün də atası geri dönəcək, anası daha ağlamayacaq, Əsmər atasının sinəsinə başını söykəyib yuxuya gedəcəkdi.
Atası pilləkəni düşənədək Əsmər otaqdan çıxmış, taxta məhəccərə çatmışdı. İki əlli məhəccərin yuxarısndan yapışdı, balaca üzünü iki taxtanın arasına sıxışdırıb atasına daha diqqətlə baxmağa başladı. Atası atına mindi, açıq darvazadan eşiyə çıxdı, küçədə onu gözləyən bir dəstəyə atlıya qoşuldu və getdi… Anası yüyürüb darvazanı bağladı, sonra kürəyini darvazaya söykəyib əllərini göyə açdı. Əsmər diqqətlə anasına baxmışdı, amma onun dodaqları hərəkət etməmiş, səsi eşidilməmişdi.
Sonra, həm də çox sonra o, atasının getdiyi günü xatırlayıb qurtaranda anasından soruşmuşdu:
-Ana, heç nə demədən, eləcə ağlayaraq da dua etmək olur, elə?
-Hə, qızım… Ağlaya-ağlaya da dua eləmək olur.
-Leyla xala da elə dua eləyir. Bizə gələndə gördüm mən.-demişdi gözlərini qıyaraq.
Anası mat-mat onun üzünə baxmışdı:
-Qızım, ay gülüm-çiçəyim, demişəm, axı, böyüklərin danışdığını gizlincə güdmək olmaz.
-Leyla xala onda qızı Əsmanın atasından, bir də mənim atamdan danışırdı, axı… Deyirdi ki, Əsmanın atası da mənim atamla gedib. İkisi də uzaqda, lap uzaqda, sənin dediyin o qəşəng yerdədirlər. Bir də dedi ki, vaxtı çatanda biz də oraya gedəcəyik. Mən də dedim ki, Əsmaya da, mənə də anam təzə don tiksin, onları geyinib gedək. İndi, bax, donum köhnədi… Bax, cırığı da var…-Əsmər barmağını donunun cırılan yerinə salıb çəkişdirə-çəkişdirə soruşmuşdu: -Düz demişəm, ana?
Anası da barmağını onun donunun cırığına salmışdı, analı-balalı o cırıqla oynamışdılar dəqiqələrlə… Axırı, cırıq yekəlib-yekəlib yamaqtutmaz olmuşdu. Onda anası həmin donu çəkib Əsmərin əynindən çıxarmış, bükələyib həsir sandığın küncünə soxmuşdu. Qızcığaz anasını yanağı boyunca axan yaşları gördükdə, sualını ikinci dəfə dilə gətirməmiş, eləcə susmuşdu. Ürəyində isə bu dəfə Leyla xalanı günahlandırmışdı.
Leyla xala onlara gələndə Əsmanı Əsmərin yerində yatırtmış, sonra anasını götürüb həyətə enmiş, xurma ağacının kölgəliyinə çəkmişdi. Orda nə demişdisə, həmin andan anasının üzü gülmürdü, göz yaşları axır, axır, dayanmırdı.
Balaca əlləriylə anasının yanağındakı yaşları silməyə çox çalışmışdı… Bir dəfə istəmişdi, anasından soruşsun ki:
-Ana, sənin gözlərin ağlamaqdan yorulmur?
Amma soruşmamışdı. Ürəyində elə hey Leyla xalanı günahlandıra-günahlandıra qalmışdı. Hətta özlüyündə qərara gəlmişdi ki, bu dəfə gələndə Əsmanı içəri buraxsın, Leyla xalanı yox. Və bütün bunların hamısını atasının yanına gedəndə ona danışmaq üçün unutmamağa çalışırdı.

-Ana! Ana!
-Can, qızım. Can, Əsmərim.-Anası pilləkəni birnəfəsə çıxdı, gəlib taxta məhəccərə üzünü pərçimləmiş qızının yanında dayandı.
Əsmər alçaq damlı evlərin başı üstündən görünən günəşi göstərdi əliylə:
-Ana, günəş niyə o rəngdədir?
-Qürub edir, gözəlim. Gedir ki, yatsın, sabah səhər gəlsin.
-Onu bilirəm ey… Atam da demişdi onu. Günəş niyə o rəngdədir, axı?
-Xoşuna gəlmədi bu günəş, gülüm? –Anası əliylə onun saçlarını qarışdırdı.
-Xoşuma gəlir… Sarı günəş də qəşəngdi, qırmızı günəş də qəşəngdi, bu rəngdə günəş qəşəngdi…
-Gördüyün qəşənglərin hamısı Tanrının əsəridir, qızım. Bax, gör, nə deyirəm.-Anası aşağı çöməldi, qızcığazın balaca başını əlləriylə tutub özünə tərəf çevirdi və düz gözlərinin içinə baxa-baxa dedi: -Biz gördüyümüz, yediyimiz, geyindiyimiz hər şey üçün şükür eləməliyik. Elə?
-Hə….-Əsmər əllərini taxta məhəccərdən çəkdi, qoşalaşdırıb göyə uzatdı:- Min şükür! Min şükür! –Sonra da etdiyinin təqdirini almaq istəyircəsinə anasına baxdı.
Anasının gözlərinin içi gülürdü… Əsmər uzun zamandır bu gözləri qəmli, yaşlı görmüşdü. İndi anasının gözlərinə sevinc bəxş edənə də şükür etməyə tələsdi, yenə əllərini göyə uzatdı:
-Anam güldü, şükür! Min şükür!-dedi tələsə-tələsə.
Anası ayağa qalxıb otağa keçdi. Əsmər onun arxasınca yüyürmək istədisə də, gözünü gözəl rəngli günəşdən çəkəmmədi. Qayıdıb üzünü yenə taxtaların arasına pərçimlədi…
…Qaranlıq asta-asta çökdü şəhərin üstünə. Gəlib onların pəncərələrinin eşiyinə də dirəndi. Əsmər balaca əlləriylə dünəndən qalan qarğıdalını o yan-bu yana çevirir, arada barmağının birini salıb bir dənə çıxarır, ağzına atır, asta-asta çeynəyirdi. Duzun iri dənəsi ağzına getməsin deyə, hərdən qarğıdalını köynəyinin sinəsinə də sürtürdü. Anasının başı məhəccərin başında nəyəsə qarışmış, Əsmərin yatmaq vaxtı keçmişdi. Handan-hana anası içəri gəldi, əlləri qəhvəyi-sarı palçığa bulaşmışdı. Əsmər maraqla anasının əllərinə baxdı:
-O…O nədi?-dedi barmağını anasının əllərinə tuşlayaraq.
-Bıy…Hələ yatmamısan, gülüm? – Anası qayğıkeşliklə dilləndi.
-Bunu yeyirəm.-deyib qarğıdalını yuxarı qaldırdı.
-Hə… Ye, çiçək qızım, mən də bizə çanaq düzəldirəm ki, gecədən qoyum, sabah gün işığına qurusun. Ye, mən bir həyətin o başındakı novdandan su götürüb gəlim.
Anası palçıqlı əlləriylə taxta vedrəni götürüb pilləkəni endi. Əsmər qarğıdalını yatağının üstündə qoyub eşiyə çıxdı, məhəccərin arasından həyətin o biri başına-anasının getdiyi yerə baxdı. Az sonra suyun şırıltısı eşidildi, anası parçla vedrəni doldururdu.
İsti meh üzünə vurduqca Əsmər mürgüləyir, gözlərini tez-tez qırpırdı. Amma gözlərini darvazaya zilləmiş, qulaqlarını küçədən gələn hər səsə şəkləmişdi. Bir at keçdi küçədən səssizliyin içindən; nalının taqqıltısı yayıldı gecəyə… Bir az da keçdi… Əhməd babanın boğunuq öskürməsi eşidildi uzaqdan. Bir pişik miyoldadı hardasa, bir quş ötdü yuxulu-yuxulu…
-Tıqqq…Tıqqq…
Əsmərin gözlərini geniş açdı. Yavaş-yavaş pilləkəni düşməyə başladı. Səs təkrar etdi:
-Tıqqq…
Əsmər pilləkənin ayağına çatdı, asta-asta darvazaya yönəldi. İri darvazanın qıfılını aça bilməyəcəkdi, yandakı alaqapını gözünə kəsdirdi; onun tutacağı aşağıdan idi. Bir gözü novdan tərəfdə, bir gözü alaqapıda irəlilədi, tutacağı tutub yavaşca dartdı. İkiqat həsir çatıyla divardakı taxta çıxacağa pərçimlənmiş alaqapı səssizcə açıldı. Əsmər eşiyə çıxdı. Elə bu dəm qarşısından bir kölgə keçib küçənin qaranlığına batdı. Əvvəlcə, qorxdu, amma sonra bu gələnin atasını tanıdığına, harda olduğunu bildiyinə olan əminliyiylə bir addım da atdı. Ayağının dibində parçaya bükülü nəsə vardı. “Mənim payım…”-deyə keçirdi ürəyindən, amma dayanmadı, kölgənin arxasınca qaranlığa tərəf yüyürdü. Ağ libas geyinmiş, başına örtük bağlamış bir adam üzü o yana gedirdi. Əsmər qaranlıqda bu örtüyün rəngini seçəmmədi. Pay çıxanını çağırmaq istədi, bilmədi, nə desin. Ucadan səsləndi:
-Allahın salamı olsun! -Səsində ürkəklik, bir az da gecənin heybətindən doğan vahimə vardı.
Ağ libaslı dayanmadı… Əsmər qorxsa da, irəli getmək istədi, bir-iki addım daha atdı, ağlamsındı:
-Allahın salamı olsun!
Həşəmətli addımlarla küçəni qət edib Əsmərdən uzaqlaşmağa çalışan kölgə durdu. Başını aşağı dikdi. Əsmər bu aşağı dikilən baxışları yaxşı tanıyırdı; anası da dərin fikrə gedəndə belə dayanırdı. “Yoxsa, düşünür ki, dönməyim geri?”-keçdi qızcığazın ürəyindən. Balaca əllərini cütləşdirdi, sinəsinə sıxıb üzünü ulduzlu səmaya tutdu, dodaqlarını bərk-bərk sıxıb ürəyində dua elədi: “Getməsin… Geri dönsün… Onu tanıyım…”
Duası bitən kimi ağ libaslı geri döndü, üzü Əsmərə tərəf dayandı. Bir neçə saniyə keçdi, asta addımlarla irəlilədi… Yaxınlaşdıqca daha da həşəmətli görünürdü; böyüyürdü, surəti açıq-aydın görünməyə, əynindəki geyiminin rəngi daha da ağarmağa, örtüyünün yaşılı seçilməyə başlayırdı. Ayaqları yalın idi…
Düz Əsmərin qarşısında dayandı. Əsmər onun surətini seyr etmək üçün başını yuxarı qaldırdı. Ağ libaslı sağ çiyninə atmış xurcunu çiynindən endirdi, Əsmərin sol, özünün isə sağ tərəfində səsizcə yerə qoydu və yavaş-yavaş kiçilməyə başladı. O qədər kiçildi ki, Əsmər onun surətinə baxmaq üçün daha başını yuxarı qaldırmırdı. Artıq o, Əsmərin boyu qədər əyilmişdi. Ağ libaslının sifətində Əhməd babanın evinin pəncərəsindən düşən işıq süzməsiylə qaranlığın kölgəsi gizlənqaç oynayırdı sanki… Qapqara, iri, amma hüzn və iztirabdan yorulmuş gözlərində sonsuz şəfqət parıldayırdı. Qızcığaz onun başındakı yaşıl örtüyün altından çıxaraq alnına səpilmiş bir tutam saçına baxdı; atasınınkı kimi adda-budda gümüş rənglər vardı… Səliqəli saqqalına baxdı; atasınınkına bənzəyirdi…
-Mən səni tanıyıram!-dedi Əsmər tələsə-tələsə…
Ağ libaslının baxışlarındakı şəfqətə qayğı qarışdı, qaşları çatıldı, Əsmərin kiçik əllərini ovuclarına alıb öpdü, saçına sığal çəkdi:
-Məni tanıyırsan? Kiməm?-dedi.
-Sən Osan!-Qızcığazın səsindəki əminlik boyundan böyük idi:- Atam həmişə danışırdı… Sonra atam dedi ki, “Onun yanına gedirəm.” O… O sənsən!
Ağ libaslı başını sinəsinə əydi, gözlərindən axan yaşlar yanağı boyunca axıb saqqalına çatdı. Əsmər Onun əllərindəki əllərinə baxdı. Bu əllərdən qızcığazın canına xoş, ilıq bir sevgi seli axırdı. Bu sevgi seli Əsmərin atasız keçirdiyi vaxtlarda üşümüş balaca ürəyini isitdi…
-Atam indi haradadır?-dedi atasızlığın açdığı yaralarına məlhəm sürülmüş kimi yetimliyi sağalmağa başlayan qızcığaz…
O, başını astaca qaldırıb Əsmərin gözlərinə baxdı. Bayaqkı hüzn və məyusluqdan əsər-əlamət qalmamışdı gözlərində…Sadəcə, kirpiklərinin ucu şeh düşmüş xurma yarpağı kimi parıldayırdı. Əsmər bu baxışları da atasının baxışlarına bənzətdi; atası Ondan danışanda, həmişə gözlərində belə şəfqətli və sevincli baxışlar olurdu.
-Atan Onun yanındadır, qızım. Atan Ona qovuşdu! –dedi ağ libaslı amiranə bir səslə.
Əsmərə elə gəldi ki, bu səs qarşısındakı ağ libaslıdan yox, səmadan gəldi.
-Sən O deyilsən ki? –Heyrətdən balacanın gözləri bərəldi.
-Biz hamımız Onun yanına dönəcəyik…–deyib ayağa qalxdı ağ libaslı, Əsmərin əlindən tutub darvazaya yaxınlaşdı, əyilib parçaya bükülü ərzağı yerdən götürdü, qızcığazın balaca əllərinə qoydu, onun saçlarından öpdü, təbəssümlə: -Sənə də Allahın salamı olsun!-dedi və ehmalca açıq alaqapıdan içəri ötürdü.
Əsmər alaqapıdan həyətə girən kimi dayandı, çevrilib küçənin qaranlığına baxdı. Ağ libaslının kölgəsi də görünmürdü.
-Qızım? Burda neynirsən?-Anasının təlaşlı səsinə tərəf çevrilən Əsmər qucağındakı bükülünü ona uzatdı:
-Payımı götürməyə gəlmişdim…
Anası bükülünü götürdü, bir əlini də alaqapını bağlamaq üçün uzatdı Əsmər anasının qolunun altından küçənin qaranlığına baxdı. Bayaq onun dayanıdğı yerdə isə indi sərin meh əsirdi.