Əslində yer dəyişik düşüb. Hər zaman DAK qurultayı öncəsi yaşananlar bu dəfə Qurultaydan sonra yaşanır. Açığı, hər zaman bir təşkilatda fəaliyyət göstərmisənsə, orada yaşananlar orada qalmalı deyə, düşünmüşəm. İşin əxlaqi tərəfi də təşkilat içində bütün yaşananların elə orada “dəfn olunmasıdır”.
İki illik NTK sədri olduğum dönəmdə də, ondan əvvəl də, sonra da baş verənləri nə yazdım, nə danışdım… Ona görə, yox ki, heç bir şey görmədim, duymadım. Tam əksinə, DAK daxilində yaşananların yazılmasının bu millətin birləşməsinə azacıq inamı qalanları da küsdürə biləcəyini düşündüm… Mövlana demişkən, nə əlbisələr gördüm, içində insan yox… Ancaq danışmadım, yazmadım…
Axı necə yaza bilərdim ki, Avropadan DAK Qurultayına filan ölkəni təmsil etməyə gələnlər ata, əmi, qardaş uşaqlarıdır. Sanki o ölkədə on minlərlə güneyli soydaşımız yaşamır.
Brüsseldə kimin kimi ən ağır söyüşlərlə, pullarını oğurlamaqda ittiham etdiyini necə yaza bilərdim?
Sadəcə, bumu?
Sənə canıyanan kimi görünüb, sənə dediyi sözləri bir başqasına sənin sözün kimi çatdıran təzə gəlin kimi bəzənənlərdənmi danışaydım, axşam bərabər yemək yediyinə səhər xəyanət edənlərdənmi?
Banan görən meymun kimi birilərinin yalnız təlimatla işləyib, bananın ucunu gördükdə, bütün dəyərləri tapdalamağa hazır olduqlarındanmı?
Çox məsələ var, çox…
Bu gün birlikdə poz verənlərin bir-birləri haqqında ən ağır söyüşlərinin şahididir bu bəndeyi fəqir. Sırf o səbəbdən illərdir, DAK-dan uzaq qaçıram, çox vaxt tədbirlərinə belə qatılmıram. Baxmayaraq ki, rəhbərliyi ilə illərdən bəri çox yaxşı münasibətimiz var… Son qurultaya belə sırf xətrini istədiklərimizin istəyi üzərinə getdik. Hətta Qurultaya dəvət etdiyi gün Sabir bəylə bir zarafatımız da olmuşdu. Kimin sədr seçilməsindən söz düşəndə, “Bəy, burax bu təşkilatı. Qoy necə istəyirlər, etsinlər”, deyib, gülmüşdük. Çünki illərdir hər kəs pilləkənaltı “toplantı”lardan cana doydu… Onu bilirəm ki, Sabir bəy də, Firudin bəy də bu intriqalardan yoruldu…
Unudulmasın ki, DAK-dan küsüb gedənlərin əksəriyyətinin bir narazılıq mənbəyi olub. Bütün sədrlərə və həmsədrlərə tutulan irad hər zaman ƏJDƏRhaya qarşı loyal davranmaları olub. Bütün konfliktlərin episentrində olan adamın DAK-dan getməsinin özü bu təşkilatdan gedənlərin bir gün geri qayıdacağının xəbərçisidir…
Bəlkə illər keçib deyə, bəziləri unudub. Sabir Rüstəmxanlı DAK-a həmsədr gəldiyi zaman təşkilatın Osmanlının son günlərini yaşayırdı…
Bu gün hələ də DAK qalıbsa, Sabir Rüstəmxanlıya minnətdar olmalısınız…
Və adını düzgün yaza bilməyən, intriqadan başqa fəaliyyəti olmayanların ilk dəfə at oynatdığı bir Qurultay keçirildi İstanbulda… Qüsurları yox idimi? Əlbəttə, var idi… Səhvsiz qurultaymı olar? Sabir bəyin səhvi yoxdurmu? Əlbəttə var. Hər bəşər övladının səhvi var, Sabir bəyin ən böyük səhvi isə heç vaxt dostu ilə düşmənini tanımamasıdır. Ancaq ilk dəfə bu qurultayda oyunlar oynayıb, çevrilişlər etmək mümkün olmadı… Küncdə-bucaqda pusuya yatanlar istədiklərinə nail ola bilmədilər. Bu belə DAK adına yetərli uğurdur…
Eyni zamanda DAK tarixində ilk qurultayı idi ki, bu qədər xarici ölkə mediası maraq göstərirdi… Açıqcası, türk mediasının maraq göstərdiyi, canlı yayınladığı DAK Qurultayı ən son 2008-ci ildə, Kölndə keçirilmişdi. O zaman da Əjdər Tağızadənin söylədiyinin əksinə Tənzilə Rüstəmxanlı “salona doldurduqları kimliyi bilinməyən insanlar” media mənsubları idi, eynən İstanbulda olduğu kimi…
Tənzilə Rüstəmxanlı o qurultaya bəziləri kimi ailə fərdlərini ölkə nümayəndələri adı ilə gətirməmişdi… Dəvət etdikləri Türkiyənin nüfuzlu dərnək rəhbərləri və jurnalistlər idi… Nə “Bengitürk”dən Murat İde, nə “TMB”-dən Ayşə Kərimova, nə “Türk Eğitim Sen”in başqanı İsmail Boncuk, nə də ailə dostu Rəsul Çapan kimisə döyəcək, kiminləsə xısınlaşıb, təxribat hazırlayacaq “Əlibaba və qırx quldurlar” deyildilər… Gəldilər, Qurultaya dəstək verdilər və getdilər…
Əslində, davanın nə güney, nə ləğv olan sturktur olmadığı bu cümlələrdən bəllidir: “DAK-ın bir nömrəli fəaliyyəti indiki İran rejiminin dağılması, ölkədə demokratik düzən qurulması, insan haqlarının bərqərar olması, insanlara milli kimliklərinə görə ayrı-seçkilik qoyulmaması deyilmi?.. Kənarda belə təbliğat aparılır ki, guya Sabir Rüstəmxanlı öz millət vəkilliyi səlahiyyətlərindən, üstəlik, hökumətə yaxınlığından istifadə edib Güneylə bağlı böyük işlər görür. Ona görə də güneylilərin bəziləri bu işlərin hara aparacağını gözləyir. Əslində isə heç bir iş görülmür. ..Gedirik, Azərbaycan Diaspor Komitəsi ilə danışıqlar aparırıq, toplantılar üçün yüklü miqdarda maliyyə ayrılmasını təmin edirik, həmin məbləğ rəsmi qaydada Sabir bəyin hesabına köçür, axırda da ortaya belə bir mənasız, Güney məsələsinə heç bir xidmət etməyən məsələ çıxır”.
Əslində bu cümlə müsahibə boyunca, İrana od püskürən birinin Fars rejiminə ən böyük xidmətidir. İllərlə DAK-ın rəhbər heyətində yer alan birisi deyir ki, Azərbaycan Diaspora Komitəsi, yəni dövlət güney məsələsini gündəmdə saxlamaq üçün DAK-ın hesabına pul köçürür. Bu olsa belə deyilməməsi gərəkən bir cümlədir, hətta illərlə səni bəsləyən dövlətə qarşı xəyanətdir. Çünki faktiki olaraq, burada zərbə altına qoyulan Azərbaycan dövlətidir. Hanı siz dövlətçiydiniz? Bu dövlət siz nə istədiniz vermədi ki, onu qonşu dövlətlə üz-üzə qoyursunuz?..
Qısacası, istefa bir mədəniyyətdir…
Səssizcə, əsil duruşu pozmadan verilən istefa insanı hər zaman hörmətli qılar…
ƏJDƏRha kimi “mən türkəm” deməklə deyil, siz istefa mədəniyyətinizin olmadığını isbatladınız…
Bir yerdə yediyiniz çörək mədənizdən sovrulmadan, kininizi, küdurətinizi və zəhərinizi ortaya qoydunuz…
Kimə zərər verdiniz? Yel olaraq, qayadan nəyi aparmağı düşünürdünüz, əlinizə nə keçdi?
“Dostluq ayrı, iş ayrı” deyərək, yediyiniz qabı sındırdınız…
İllərlə sizə arxa çıxanı arxadan vurduqdan sonra sizə kim nəyi əmanət edə bilər?
Sizin sevmədiyiniz ərəblər deyir ki, kimin evi şüşədəndirsə, başqasının evinə daş atmasın…
Siz atdınız, indi gözlərinizi yumun və şüşə çiliklənməsinin yaratdığı müdhiş melodiyaya qulaq asın…
Aqil ƏLƏSGƏR
P.S. Jurnalistləri ittiham edənlər, bir az da illərlə bərabər çalışdıqlarınıza irad tutun. Jurnalist üçün DAK-da kimin haqlı olması deyil, qalmaqalın olub-olmaması önəmlidir. Siz isə həm DAK-ı hədəfə çevirənlərlə körpülərinizi yandırmayıb, həm də susmadığınızı göstərmək üçün media üzərinə hücum çəkərək, müdafiə etdiyini dediyiniz insanla əlində qələm olanları düşmən edirsiniz…
Tarik ibn Ziyad Aralıq dənizini keçib İspaniya torpaqlarına ayaq basanda, gəldikləri körpünü yandırmışdı. Beləcə, əsgərlər iki ölüm arasında qalmışdılar. Qarşılarından xristian ordusu, arxalarında isə ondan da amansız dəniz… Məsələ tərəf olub, körpüləri yandırmaqdır…