MTN-in tutduğu iş adamları azadlığa buraxılacaqbackend

MTN-in tutduğu iş adamları azadlığa buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan sonra isə mətbuatda Milli Təhıükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərinin işdən çıxarılmasının səbəbləri haqqında müxtəlif versiyalar yazıldı.

Ötən gün isə MTN-nin 10-dək zabiti barəsində Səbail Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. Hələ ki

həbs edilənlərdən 3 nəfərin adı bəllidir: MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi Natəvan Mirvətova və polkovnik Füzuli Ələsgərzadə.

Eldar Mahmudovun nazirliyi dövründə MTN-nin sahibkarları boğması, iş adamlarını həbs etməsi barədə mətbu orqanlar silsilə yazılarla çıxış edir.

Modern.az saytına hökumətdəki mənbələrdən verilən məlumata görə, MTN-nin həbs etdirdiyi biznesmenlər, iş adamları dəmir barmaqlıqlar arasından çıxma fürsəti qazanıblar. Belə ki, onlar barəsində irəli sürülən ittihamların yenidən araşdırılacağı və məhkəmənin qərarı ilə haqlarında bəraət hökmü veriləcəyi gözlənilir.

Bununla bağlı ölkə başçısının MTN-nin fəaliyyətində yol verilən ciddi qanunsuzluqların araşdırılması üçün Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət yaradılan istintaq qrupuna tapşırıqlar verildiyi vurğulanır.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında sahibkarlara qarşı təzyiqlərə görə məmurlara xəbərdarlıq edib.

“Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil.

Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.

Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər.

Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var.

Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.

Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur.

Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik.

Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”-deyə İlham Əliyev Nazirlər Kabinetinin 12 oktyabr tarixdə keçirlmiş iclasında vurğulayıb.

İnterpress.az