Geriyə dönüş yoxdurbackend

Geriyə dönüş yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Dirçəliş Günü də sakitcə keçib getdi. Rəsmi münasibəti qoyuram bir kənara, mediyamız, ictimai qurumlar da sükutla adladılar bu günün üstündən. İzləyə bildiyim mətbuat orqanlarından yalnız \”Yeni Müsavat\” qəzetinin, bir də ANS televiziyasının layiqli münasibətini gördüm. Məncə,başqa cür də ola bilməzdi, çünki bu gün həm də onların günüdür, çünki Rauf Arifoğlu Azərbaycanda ilk qeyri- leqal, demokratik, milli ruhlu qəzet təsisçilərindən biri, ANS-çilər isə həmin dövrün tələbə hərəkatının iştirakçıları olmaqla yanaşı, Milli Dirçəlişin gətirdiyi havayla azad televiziya yaratmağın ilk təşəbüsçüləriydilər. Noyabrın 17- də insanların və dünyanın qayğısı başdan aşırdı, Azərbaycan hakimiyyətində baş verən son olaylar, İŞID, Böyük 20 lərin görüşü, müharibə və terror, işsizlik, iqtisadi böhran, manatın ucuzlaşması, və s.

Yəni heç kim tarix hayında deyildi. Çörək qayğısı milli hissləri korşaldır. Bununla belə Milli Dirçəliş gününə bu biganə münasibətin pərdə arxasında dəhşətli bir milli nihilizmin və saxtakarlığın dayandığını da heç kim inkar edə bilməz. Biz hələ həyatdayıq, ölməmişik, lakin iştirakçısı olduğumuz yaxın tarix silinir və unutdurulur; həm də o tarixin yetirməsi olan milli dövlətimizdə… Bunu anlamaq, anlayıb etiraf etmək və anladığını cəmiyyətə çatdırmaq çox çətindir. Bu, rəsmi dövlət münasibəti deyil, belə olsa bu gün bayramlar sırasından silinərdi. Üzdə bayram elan edib arxada tarix kitablarından çıxartdırmaq siyasəti də hakimiyyət maraqlarına uymayan bir işdir və özünə, öz kökünə sayqı göstərən heç bir iqtidar belə bir işə yol verməz. Həm də bizdə hakimiyyətin nəzarətində olmayan, onun dediyiylə oturub durmayan geniş bir mətbuat şəbəkəsi var, elektron media var…

Bunları kim susdurur? Milli Dirçəliş günü və 18 günlük Meydan Hərəkatı, Milli Azadlıq mübarizəsinin başlanması XX yüzil Azərbaycan tarixinin 1918-ci il 28 may günündən sonra ən parlaq tarixi hadisəsidir. Bunu kimsə inkar edə bilməz. Haqlı olaraq qürur və böyük təmtəraqla qeyd etdiyimiz Milli Müstəqillik, Konstitutsiya, Bayraq günlərinin hamısının başında Milli Dirçəliş günü dayanır. Çünki o olmasaydı sonrakıların heç biri olmayacaqdı. Sonrakı bayramlarının bir çoxu SSRİ -nin dağılmasının nəticəsində mümkün oldu, lakin Noyabr-Dekabr Meydan hərəkatı imperiyanın güclü vaxtında baş verirdi, Moskva hakimiyyətinin yarıtmaz və satqın, ikiüzlü siyasətinə qarşıydı, milli iradənin ifadəsiydi və milli birliyin təntənəsiydi…

Meydanın əsil qəhrəmanı xalq idi və xalq hər adama inanmırdı, inandıqlarını irəli çıxartmışdı, inandıqların sözünü dinləyir, onları eşidir və onlara sayqı göstərirdi. Fəxr edirəm ki, o meydan həm də Menim Meydanın idi və 18 gün o meydanı gənc, lakin qətiyyətli Nemət Pənahlı ilə mən yönəltmiş, idarə etmişik. Meydanın onlarla başqa qəhrəmanı da var, heç kimi unutmaq olmaz, ancaq hamısını eyniləşdirib üzünü bir dəfə gördüklərimizlə 18 gün orda həyatını girov qoyanları bir arşınla ölçmək də olmaz. Bu barədə geniş danışmaq istəmirəm. inanıram ki, bu qeydləri oxuyanlar məni düzgün başa düşəcəklər. Yaşanmış bu tarixə görə nə əlavə imtiyaza, nə əlavə şöhrətə ehtiyacım var. Elə o vaxtkı kimi düşünürəm, mən milli borcumu yerinə yetirirdim və millətimin böyük sevgisi mənə yetər. O hərəkata qarşı olanların, o meydanı istehzayla evinin eyvanınıdan seyr edənlərin sonralar İstiqlal ordeni almalarını və milli dövlətin imkanlarından hayasız bir acgözlüklə yararlanmalarını da faciə saymıram. Faciə – milyon yarım adamı bir araya yığan və bir yumruğa çevirən duyğunun bu gün heç olmayıbmış kimi öləziməsi, unutdurulması və millətin bununla barışmasıdır. Bu təkcə sonra yaşadığımız acı günlərlə, Qara Yanvar və müharibədəki ugursuzluqlarla bağlı ola bilməz. Olsaydı bu ölkənin qaçqını da özünü bu qədər şad – xürrəm, xoşbəxt apara bilməz bu ölkənin televiziyalarında bu qədər çal- çağır olmazdı. O günlərin unutdurulması öz millətinə və keçmişinə həqarətlə baxan , tarixindən xəbərsiz, ya Avropanın, ya Dini radikalizmin əsiri olan xəstə şüurlu nəsillərin yetişməsinə gətirib çıxarar…

Biganəliyin arxasında həm də konkret insanların haqlarının tapdalanması var. Övladlarımız da bilməlidir bu həqiqətləri. Milli Dirçeliş gününü həm də öz günüm adlandırdım…

hələ yüz minlərlə şahid həyatdadır. İstər-istəməz, deməyə məcburam ki, o ərəfədə mənim kitablarım əl-əl gəzirdi, qızlara cehiz kimi verilirdi və hər yerdə, o cümlədən meydanda da müzakirələri gedirdi…

Deməli, meydanın kitabı idi. Belə çıxır ki, sən, yəni bir vətəndaş, həm Meydanın kitabını yazacaq, həm o meydanda 18 gün çəkinmədən, hakimiyyətə qafa tutaraq xalqının dərdlərini deyəcək, həm xalqın müqavimət gücünün artırılması üçün gecə-gündüz çalışacaq, həm ölkənin birinci müstəqil , demokratik qəzetini buraxacaq, həm o vaxtkı satqın hakimiyyət tərəfindən qanına qəltan ediləcək, həm parlamentdə Müstəqil Azərbaycan Deputat blokunun həmsədri kimi xalqın sözünü deyəcək, Qaçqınlarla iş komissiyasının sədri olmaq kimi bir zülmü çəkəcək, həm referendiumda SSSR-nin əleyhinə çıxacaq, həm Dövlət müstəqilliyi Aktını çətinliklə qəbul etdirənlərdən biri olacaq, həm dünyada yaşayan soydaşlarımızın təşkilatlanmasına illərini sərf edəcək, həm milli ruhun ən həssas nöqtələrinə toxunan onlarla kitab yazacaq, həm 25 il bu dövlətin Milli Məclisində ardıcıl olaraq xalqın sözünü deyən millət vəkili olacaq, beynəlxalq qurumlarda ölkəni ləyaqətlə təmsil edəcək, həm illər uzunu milli birlik və vətəndaş həmreyliyi kimi mühüm bir ideyanın daşıyıcısı olacaq və bütün bunlardan sonra həm də bu dövlətdə ögey övlad müamiləsi görəcəksən, bu dövlətin yaranması və inkişafı üçün daşı daş üstə qoymayan, ağzını açıb bir kəlmə söz deməyənlər, ona ancaq şəxsi çıxarlarıyla bağlı olanlar sənə sərvətlərinin və vəzifələrinin yüksək mərtəbələrindən saymazyana baxacaq,iqtidardan yallanan minüzlü zurnaçılar kefləri istəyəndə gizli sifarişlərlə səni ağ yuyub qara sərəcəklər.

Türk düşmənləri, yəni əslində millətin və dövlətin düşmənləri ortada at oynadıb, masanın yuxarı başında oturacaqlar… Bunları yenə yazmazdım. gördüyüm bütün işlərə həmişə öz milli və vətəndaş borcum kimi baxmış, ondan zövq almış, yalnız öz vicdanına hesabat vermiş və tarixin gec- tez hər şeyə ədalətlə qiymət verəcəyinə inanmışam…Ancaq görünür \” nə yoğurdum, nə tapdım, hazırca kökə tapdım\” prinsipilə yaşayıb, özlərinin və millətin keçdiyi yolları unudulmuş sayanlara ara- sıra bəzi olayları və həqiqətləri xatırlatmaq lazımdır. Bir də heç kəs narahat olmasın,bu millət də,onun müqavimət gücü də ,lazım gələndə öz sözünü demək bacarığı da yerindədir.