Deputat oliqarxlara müraciət etdi: “Bu haqda ciddi düşünsünlər”backend

Deputat oliqarxlara müraciət etdi: “Bu haqda ciddi düşünsünlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Elmira Axundova bildirib ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində hələ 3 ay əvvəl, yəni 4 dekabr 2015-ci ildə qəbul etdiyi dəyişikliyin indi ləğv olunmasına həm sevinir, həm də təəssüflənir:

“4 dekabrda mən bəlkə də yeganə millət vəkili idim ki, bu dəyişikliklə bağlı geniş çıxış etmişdim. Həmin dəyişikliyin lazımsızlığı və hətta zərəri barədə ifadələr işlətmişdim”.

Deputat əvvəlki çıxışından bəzi sitatlar gətirib: “Davamiyyət məsələsi ilə ciddi məşğul olmaq lazımdır, lakin belə üsullamı? Məncə, cərimə də olsa, pul məsələsini məktəb mühitinə gətirmək məqsədəuyğun deyil, onsuz da Təhsil Nazirliyinin indiki rəhbərliyi rüşvət, valideynlərdən pul yığma və digər bu kimi neqativ hallara qarşı ciddi mübarizə aparır…

…Fikrimcə, davamiyyətin aşağı olmasını cərimələrlə həll edə bilməyəcəyik, çünki bunun səbəbləri ilə mübarizə aparmaq lazımdır…

Cərimələrə gəlincə, ali məktəblərimizdən nümunə götürməliyik: orada, əgər tələbə dərslərinin 20-25 % buraxıbsa, onu imtahana buraxmırlar, kursda saxlayırlar və s. Bizdə də dərsə rüb, ya da il ərzində az gələn şagirdi eyni sinifdə saxlamaq, imtahanlara buraxmamaq kimi üsullardan istifadə etmək olar. Amma pul cərimələri bir sıra neqativ halların çoxalmasına, alverə gətirib çıxaracaq”.

E.Axundovanın sözlərinə görə, hələ 4 dekabr tarixindəki çıxışının sonunda xahiş etmişdi ki, bu dəyişikliyin qəbuluna tələsmək lazım deyil:

“Lakin məni dinləyən olmadı, hətta çox dəyər verdiyim həmkarlarımdan biri mənə irad da tutdu. Mən bu qanunun mövcudluğuna 1-2 ay vaxt verdim. Cəmi 1 ay yanıldım. Bu gün şükürlər olsun ki, biz İnzibati Xətalar Məcəlləsinin 189-cu maddənin 2-ci bəndini ləğv edirik. Təəssüf edirəm isə ona görə ki, bu son üç ay ərzində artıq üçüncü presedentdir. Yəni artıq üçüncü dəfə bizim qəbul etdiyimiz qanunu cənab prezident bizə geri qaytarır və ləğv edilməsi üçün müzakirəyə təqdim edir.

İstərdim ki, çox hörmətli cənab prezident İlham Əliyev tərəfindən bizə göndərilən qanunun preambulasına nəhayət ki, diqqətlə fikir verək. Orada yazılmır ki, bu və ya digər qanun qeyd-şərtsiz və düzəlişsiz qəbul olunmalıdır. Burada sadəcə qeyd edilir: “AR Konstitusiyasının 96-cı maddəsi rəhbər tutularaq AR-nın Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununun layihəsi “müzakirənizə təqdim edilir”. Eyni ilə Prezident Administrasiyasından gələn digər qanun layihələri də bizə müzakirə üçün təqdim olunur. Ona görə mən millət vəkillərimizdən xahiş edirəm ki, müvafiq strukturlardan göndərilən bu və ya digər sənədlərə daha diqqətlə yanaşaq, onları analiz etməyi bacaraq və lazım olsa prinsipial fikirlərimizi səsləndirməyə çəkinməyək. Əgər bu fikirlər ümumi işimizin xeyrinə olacaqsa, heç kim bizdən inciməz. Çünki geri qaytarılan qanunlar, 1-2 ay keçməmiş ləğv edilən yeni qanun dəyişiklikləri və bu kimi hallar Milli Məclisin adına, intellektual səviyyəsinə və işgüzar nüfuzuna xələl gətirir”.

Deputat Elmira Axundova Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti barədə hesabata da münasibət bildirib:

“Hesabatı oxuduqda əmin olursan ki, geniş, əhatəli və bir o qədər də konkret hazırlanıb. Belə ki, burada Hesablama Palatasının qanunvericiliyin təkmilləşdirilməsi, ekspert-analitik və audit tədbirləri və s. kimi geniş fəaliyyəti ilə yanaşı neqativ halların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı konkret faktlar, nəzarət tədbirləri öz əksini tapıb”.

E.Axundova bildirib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri və xərcləri sahəsində nöqsanlar aşkar edilib və onların aradan qaldırılması istiqamətində işlər görülüb ki, bu çox müsbət haldır.

“Ümumiyyətlə malların satınalınması, vəsaitlərin təyinatının dəyişdirilməsi, həmçinin vəsaitlərdən səmərəli istifadə olunmaması büdcənin xərclər hissəsinin ən yaralı yeridir. Mən bununla bağlı hökumətin hesabatı zamanı da öz fikrimi bildirmişdim. Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 milyon 286 min 7 yüz manat və 60 min 2 yüz avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib. Sözün düzü mən bu məbləği bir qədər az hesab edirəm. Düşünürəm ki, nəzarət tədbirlərinin artırılacağı təqdirdə daha böyük həcmdə vəsaitlərə qənaət edə bilərik.

Bununla yanaşı istərdim ki, Hesablama Palatası ölkədə manatın devalvasiyasından sonrakı ticarət bazarında yaranmış vəziyyətə də diqqət ayırardı. Çünki bildiyimiz kimi manatın qeyri-stabilliyi nəticəsində dollar qıtlığı yaranıb, əhalinin manata inamı azalıb, bankların çoxu manatla kredit verilməsini dayandırıblar, valyuta dəyişmə məntəqələri kütləvi şəkildə bağlanıb, bu da turistik sektoruna mənfi təsir göstərir, həm də, bildiyimə görə, minə yaxın insan işsiz qalıb. Bank sistemində digər neqativ hallar da mövcuddur. Yaxşı olardı ki, Hesablama Palatası mühüm nəzarət orqanı kimi, bu məsələlərə də münasibətini bildirərdi”.

E.Axundova Hesablama Palatasının rəhbərliyinə təşəkkür edədək, bildirib ki, qurum əlavə dəyər vergisini indiki kimi vahid tarif üzrə yox, bu və ya digər subyektlərə münasibətdə fərqli tariflərlə ölçməyi təklif edib.

“Digər tərəfdən Vergilər Nazirliyi nəğdsiz ödənişlərə 18 faiz yox, 9 faiz ƏDV təklif edir. Bü təkliflər təqdirəlayiqdir və bizə müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, ƏDV məsələsi tezliklə öz həllini tapsın. Çünki bir çox kiçik və orta ticarət obyektləri 18 faiz ƏDV ödəməkdə çətinlik çəkirlər. Nəticədə obyektlər maliyyə çətinlikləri ucbatından bağlanır, iş yerləri azalır.

Həmçinin sahibkarlıqdan danışmışkən bir mühüm məsələni də qeyd etmək istəyirəm. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra seçicilərimin, həm də tanıdığım iş adamlarının dediyinə görə qaz, su, işıq kimi sahələrdə texniki şərtin verilməsində əksər hallarda yerli idarələr süni maneələr yaradırlar. Söhbət təkcə yeni obyektə qaz, su və işıq xəttinin çəkilməsindən getmir, süni maneə həmçinin mövcud olan obyekt sahibinin, iş adamının müraciəti əsasında sərfiyyatın artırılması ilə bağlı texniki şərtin yenilənməsində də yaradılır. Təklif edərdim ki, hökumət təcili surətdə texniki şərtin verilməsinin asan və rahat formasını müəyyən etsin. Cənab prezident axırıncı müşavirədə də respublikamızda biznes mühitin yaxşılaşdırılması haqqında mühüm tapşırıqlar vermişdi, mənim indi səsləndirdiyim və kiməsə xırda görünə bilən problemlər isə əslində bu mühitə öz mənfi təsirini göstərir.
Ümumilikdə yuxarıda da qeyd etdiyim kimi hesabatı əhatəli və qənaətbəxş hesab edirəm. Bütün həmkarlarımı onun lehinə səs verməyə dəvət edirəm”.

Elmira Axundova iclasda son 10 gün ərzində Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan kampaniyaya, xüsusilə də 1-ci və RTR kanallarında gedən məlumatlara öz etirazını bildirib.

“Fikir versəniz, hətta gözlədiyimizdən də artıq dərəcədə Qərb, Şərq ölkələri, hətta İsrail kimi uzaq ölkələr bizi və ərazi bütövlüyümüzü dəstəklədilər, bir sıra vacib bəyanatlar verdilər, sağ olsunlar.

Lakin Rusiyanın xüsusilə televiziya və radio məkanı yenə də köhnə avazla oxuyur. Yəni bir dəfə də olsun “separatçı rejim”, “işğal olunmuş ərazilər”, “Azərbaycanın ərazi bütövlüyü” kimi ədalətli ifadələri işlətmədilər. Əksinə, bizi və nədənsə qardaş Türkiyənin bizə olan haqlı dəstəyini tənqid atəşinə tutdular. Uzun illər Rusiya mətbuatında işləyən bir insan kimi tam məsuliyyətlə deyirəm: bizə qarşı belə ədalətsiz münasibət hətta 90-cı illərin ağır günlərində olmayıb. Hal-hazırda Rusiyanın teleməkanını erməni prodüserləri, jurnalistləri, politoloqları, tarixçiləri, aparıcıları zəbt ediblər. Və əlbəttə ki, hər vəchlə bu silahlı münaqişə barədə haqlı mövqeyimizi Rusiya ictimaiyyətinə çatdırmağa maneçilik törədirlər. Mən heç nəyə təəccüblənmirəm, madam ki, Rusiyanın baş naziri “Vesti-nedeli” verilişində açıq-aşkar deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi və dondurulması arasında onun seçimi olsaydı, o, dondurulmasına üstünlük verərdi.

Rusiya saytlarında və sosial şəbəkələrdə vəziyyət bir qədər fərqlidir. Orada Rusiyanın bir sıra politoloq və dövlət xadimləri ədalətli mövqe nümayiş etdiriblər. Amma bu, qərəzli məlumatlar dəryasında bir damla qədərdir. Ona görə mən üzümü Rusiyanın çoxmilyonlu Azərbaycan diasporun tuturam, bu diasporun görkəmli rəhbərlərinə müraciət edirəm və təkid edirəm ki, onlar belə məsələlərdə daha ayıq, daha prinsipial və cəsarətli olsunlar. Öz biznes maraqlarını ümummilli məsələlərdən üstün tutmasınlar. Hal-hazırda Heydər Əliyev Fondunun Rusiya filialından və AMOR təşkilatından başqa Rusiyadakı digər təşkilatlarımızın fəaliyyəti görsənmir, hər halda biz bunu mətbuatdan görmürük. Yeri gəlmişkən, təklif edərdim ki, diaspor təşkilatlarımız, Rusiyadakı varlı insanlarımız, oliqarxlarımız Azərbaycan maraqlarını müdafiə edən, ən azından obyektivlik göstərən güclü informasiya resurslarının, radio və televiziya kanallarının təsis edilməsi barədə ciddi düşünsünlər. Necə ki, ermənilər artıq bunu ediblər. Bu, günümüzün tələbidir, çünki Rusiya məkanı bizim üçün çox vacibdir, amma biz bu məkanda hələki bədnam qonşularımız olan ermənilərə uduzuruq”. (modern.az)

İnterpress.az