Yunus Əmrənin, Aşıq Paşanın vətəni-KIRŞEHİRbackend

Yunus Əmrənin, Aşıq Paşanın vətəni-KIRŞEHİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan çıxandan cəmi bir neçə saat sonra insanlığin fikir tarixinin ən parlaq səhifələrinin yarandığı, o səhifələri yaradan insanların adının, sözünün, xatirəsinin müqəddəs tutulduğu yerlərdəydim. Burdakı bilgilər bir çox sirlərin üstündən pərdəni götürür. Böyüklərimizin keçdikləri yollar, Türkü altıyüz il üç qitənin Baş ağası (Paşası) etmiş böyük fiziki və mənəvi gücün qaynaqları burda daha canlıdır və daha aydın görünür. İdrak qapısı təkcə keçmışə yox, həm də gələcəyə açılır…

Çünki, zaman insan ağlının çox böyük imkanlarını göstərsə, bir çox sahələrdə ağlasığmaz intellekt sıçrayışları olsa da, İnsanlığın zəiflikləri də davam edir və bir sıra mənəvi məsələlərdə irəliləməkdənsə geriləmələr müşahidə olunur. Türk ərənlərinin, pirlərin, dədələrin, babaların, abdalların, dərvişlərin, övliyaların əxlaq dərsləri bu meydanda öz parlaq gözəlliyi ilə yenidən ortaya çıxır, yeni savaşları dinc yola yönəldən ən təsirli, çağdaş vasitə, məktəb kimi dəyər qazanır.

Hacı Bəktaşi Dərgahınin mətbəx bölümündə əfsanəyə görə eyni zamanda 12 inəyin ətinin bişirildiyi nəhəng qazanlar var. Bu dərgahda minlərlə, on minlərlə insan illər uzunu bu mətməxin bərəkətini dadıb, aclıqdan xilas olub. Ancaq indi daha o qazanlar da, onlarin iki metrlik sapı olan, yekə çömçələri də, ocaq qurdalamağa uzun maşaları da sadəcə muzey əşyalarıdır. Amma Hacı Bəktaşinin söz və hikmət qazanı odsuz-alovsuz hələ də qaynamaqda və fikir aclarını doyurmaqdadır…

Kirşəhir həm də Türk dünyasının ən böyük şairlərindən olan Yunus Əmrənin, Aşıq Paşanın vətənidir…

İmdat bəy və dostlarının buraxdıqları \”Koroğlu\” dərgisinin mənə həsr olunmuş irihəcmli nömrəsini başqa vaxt görsəm \”buna ehtiyac varmı?\” deyə narahat olardım. Ancaq indi böyük Yəsəvilərin, Hacı Bəktaşilərin, Yunus Əmrələrin,, Aşıq Paşaların yolunda olmağın, onların dilində yazmağın, onların sözünü, ürfan və mənəviyyat ənənələrini davam etdirməyin nə qədər böyük bir xoşbəxtlik olduğunun .rahatlığı dolmuşdu ürəyimə.

Axşam Universitetdəki görüşün təşkilatçısı olan Ayfər xanım da bizə qoşuldu. Gördüm elə o da Qardaşlıq ruhunu, türk birliyi ruhinu yaşadan qız qardaşlarımızdan, Türkiyənin əsil aydınlarından biridir.

Ertəsi gün şəhərlə tanış olduq, Cacabəy Gökbilim (astronomiya) Mədrəsəsinə baxdiq., Aşık Paşa türbəsini ziyarət etdik. Türkiyənin böyük xalq aşığı, ozan Neşet Ərtaşın muzeyindən aldığım təsssürat, dinlədiyim musiqilərin oyatdığı duyğular ayrıca qeyd olunmalıdır.. Burda yenə Türkiyə ilə Azərbaycan bir yerdədir. Anadolu sazı ilə yanaşı Azərbaycan sazı…Kamança, tar, tulum da beləcə. Yunus Əmrə, Aşıq Paşa ilə yan-yana Nəsiminin, Füzulinin, Xətainin, Aşıq Ələsgərin rəsmləri və şeirləri təqdim olunur. Ayri-seçkilik qoyulmadan..Muzeyin ən gözlənilməz eksponatı Ərtaşın öz mum heykəlidir…

Kənardan baxanda elə bilirsən canlıdır; geyim-kecimi yerində, saz sinəsində, \”çalır, oxuyur\”…

Unudulmaz görüşlərimizdən biri Kİrşehir valliyində oldu. Vali Necati Şentürk məni çoxdankı tanışı kimi qarşıladı. Şair olduğunu dostlarımız öncədən demişdilər; aramızda əsil ruh qohumlugu varmış. Yeni çapdan çıxmış kitabını açıb \” gəl sənə şiir oxuyum, görüm bəyənirsən?.\” deyərək oxumağa başladı:

Yesəvicə kükrəmiş, bizə Pir-i… Türküstan,
\”Anadolu Türkündür, Diyar-i Rum müslüman,\”
Horasandan yürümüş, nice alp, nice aslan,
Horasan, insanlığın irfan çağlayanısan,
Tarixi istikbala hale bağlayanısan.

Tarixə toxum səpmiş bu kəntdən Ahi Evran,
Bursada çinar olmuş Devlət-i Al-i Osman,
Üç qitə, yeddi iqlim, nə möhtəşəm bir devran,
Kırşehir, devranların irfan çağlayanısan,
Sən ki, Anadolunun qədim Xorasanısan…

Şairləri bilirəm, birini oxudumu ikincisini oxumaq istəyir. Amma Vali qardaşımızın şeirərində Kırşəhirə yaraşan yüksək bir milli ləyaqət, tarixinə sahib çıxmaq, sevgi ruhu var. Söhbətimiz uzanır. Bu arada Bakının Qala kəndində hərbi xidmətdə olmuş bir zabit də gəlib məclisimizə qoşulur. Bu da birlik duyğusunu gücləndirən başqa bir reallıqdır.Öz-özümə düşünürəm ki, görəsən Türkiyədə neçə vali, Azərbaycanda neçə icra başçısı ürəyində belə yüksək Vətən sevdası daşıyir, neçəsinin tarix şüuru bu qədər itidir, neçəsi kitaba bu qədər bağlıdır?

Universitetin böyük salonu dolu idi. Türkiyənin demək olar ki, bütün universitetlərində Bakıdan getmiş müəllim və tələbələrlə rastlaşmaq olur. Bura da istisna deyildi. Adını çoxdan eşitdiyim riyaziyyat alimlərimizdən Vaqif Quliyev bu universitetdə çalışır. Onunla, azərbaycanlı tələbəərlə görüşdük..1990-cı ildə Kaysəri Ərciyəz universitetində Keçirilmiş Birinci Böyük Azərbaycan Konfransında tanış olduöum ədəbiyyatşünas-folklorşünas alim Mahmud Sarıkaya, dekanlar Rafik Balay, Nadir İlham, rektor yardımçısı Mustafa Kurt ilə görüşlərimizin xoş ovqatıni xüsusi qeyd etməliyəm.

Konfransda Ayfər xanımdan başqa İmdat Avşar Azərbaycan-Türkiyə əlaqələri barədə öyrəncilərə ətraflı məlumat verdi. Qalan iş mənim boynumaydı..
Ancaq konfransla iş bitmədi. Yorulmaz təşkilatçı olan Ayfər xanım həyat yoldaşı Əli bəy və gözəl qızları Münəvvər İlay Vüslat və Gülbəyaz Dilşadı da yanlarına alıb axşam bizi qonaq çağırdılar. Təkcə bizi yox həm hə Kırşehirin şairləri və musiqiçilərini. ikinci bir şeir axşamı burda başlandı və gecə yarısınadək davam etdi…
Yazımı burda bitirərkən Dostumuz İmdat Avşarın ədəbiyyatımızın Türkiyə türkcəsinə axtarılmasında göstərdiyi fədakarlığı, tərcümələrinin yüksək keyfiyyətini, bir daha minnətdarliqla yada salmaq istəyirəm. Əslində bunun əsas səbəbi onun istedadla yazılmış gözəl şeir və hekayələr müəllifi olmasıdır.

İstanbula Kaysəridən uçacaqdim. Fürsətdən istifadə edib,yolüstü köhnə dostumuz. erməni dili və ədəbiyyatı üzrə sayı çox olmayan mütəxəssislədən biri, Ərciyəz universitetinin müəllimi,Qafar Çaxmaqlı ilə görüşüb onu professor adı alması münasibətiylə təbrik etdik… Özünü gözə soxmadan, sakitcə ,amma vicdanla, elmi dəqiqliklə gördüyü işlər onu bizlərə və tələbələrinə sevdirən əsas keyfiyyətlərdəndir.. bU səfərdə gördüyüm, tanış olduğum adamların hamısının üzündə Hacı Bəktaşi dərgahının, Türk dərgahının işığını gördüm…

(DÜZƏLİŞ. İmdat bəydən bir qeyd gəldi.. Sofular türbəsi yox, Sofu Baba türbəsidir)