İnterpress.az xəbər verir ki, Bakı şəhərindən sonra respublikanın rayonlarında yerləşən “ASAN Xidmət” mərkəzlərində də “Chek up” müayinələrin həyata keçirilməsi nəzərdə tutulub. Xidmətin təşkili Sağlıqlı Yaşama Dəstək Təşkilatıdır.
Xidmətin gedişatı ilə tanış olmaq üçün 1 saylı “ASAN Xidmət” mərkəzində olduq. Təşkilatın direktoru, xidmətin layihə rəhbəri Şahlar Paşayevin virtualaz.org-a bildirdiyinə görə, ASAN “Chek up”ın yaradılmasında məqsəd insanların günlük yaşam tərzinin özlərinin idarə etməsinə yardım etməkdir.
“Yanlış qidalanma, yanlış həyat tərzi piylənmə, yüksək təzyiq, ürək-damar xəstəliklərinin yaranmasına təsir edir. Ümumi sağlamlığımızın 25%-i genetikamızdan, 75%-i isə gündəlik həyat tərzimizdən asılıdır. Biz istədik elə bir sistem yaradaq ki, günlük yaşamımızı optimal idarə etsin. İnsanları maarifləndirək, öz sağlıqlarını özləri kontrol eləsinlər”.
Sağlıq stansiyası bir çantadan ibarətdir. Onu hər yerə götürüb qısa müddətdə “Chek up” etmək mümkündür. Xidmətə müraciət edən hər bir pasient üçün “Sağlıqlı Yaşama Dəstək” portalında hesab açılır. Pasient sonra istədiyi vaxt həmin hesab nömrəsi ilə Bakıda yerləşən bütün asanlarda “Chek up”dan keçə bilər. Nəticələr cəmi 6 dəqiqə ərzində müəyyən olunaraq sms-lə pasientin telefonuna və e-mail ünvanına göndərilir.
“Sistem avtomatik olaraq nəticələri incələyir. Gələcək gedişatı göstərir. Diqqət edilməsi, təhlükəli parametrlər haqqında tövsiyələr verir. Əgər kritik vəziyyət varsa, həkimə yönləndirir. Bu şəxsi elektronik, hər hansı təşkilatdan asılı olmayan sağlıq sistemidir. Bizim müalicənin gedişatına hər hansı kontrolumuz yoxdur. İstifadəçilər müalicənin gedişatını nəzarətdə saxlaya bilirlər. Əgər müraciət edən şəxs sistemin parametri çərçivəsində müalicə alırsa və qrafik normala gəlmirsə, demək aldığı dərmanların dozası ya müalicəyə uyğun deyil, ya da müalicə düzgün aparılmır. Bu mexanizmlə müalicənin gedişatına nəzarət etmək mümkündür. Bununla da sağlıqlı yaşam haqqında insanları maarifləndirərək çıxan problemlərlə bağlı vaxtında tədbir görərək qarşısını almaq və sağlıqlı yaşam müddətini uzatmaq mümkündür. Məqsədimiz sağlıqlı fərddən sağlıqlı cəmiyyət inşa etməkdir”, – deyə Ş. Paşayev bildirir.
ASAN “Chek up”-ın bir özəlliyi də ondadır ki, burada sistemli şəkildə müayinə aparılır, bütün məlumatlar sistemdə qalır, həkimlər baxanda bütün gedişatı gördüyü üçün daha rahat diaqnoz qoya bilirlər. Həm də hkimlər xəstəni bu sistem vasitəsilə uzaqdan da kontrol edə, daha keyfiyyətli servis verə bilərlər.
“ASAN Xidmət” mərkəzində bu müayinələrə yeni başlansa da, əhali arasında marağın yüksək olduğu müşahidə olunur. Hətta artıq müayinələrlə sığorta şirkətləri də maraqlanmaya başlayıblar.
Müayinəyə görə xidmət haqqı 19 manatdır. Müraciət edən vətəndaşlar ödənişi banka edəndən sonra laboratoriyaya yaxınlaşaraq 44 parametr üzrə müayinə olunurlar. Müayinələrdə ürək-damar xəstəliklərinin yoxlanılmasına xüsusi önəm verilir, həmçinin 10 illik ürək-damar riski də yoxlanılır. Layihə rəhbərinin sözlərinə görə, gələcəkdə böyrəyə aid olan avadanlıqların da tətbiqi planlaşdırılır.
Məsləhətçi həkim Almaz Paşayevanın sözlərinə görə, hələ yeni olduğuna görə insanların çoxu müayinələrlə bağlı məlumatsızdırlar.
“Amma yəqin ki, bilsələr daha çox gələcəklər. Çünki vətəndaş hər hansı klinikada gəlir, analiz verirdikdə sabaha, o biri günə nəticələr açıqlanır. Burada isə vaxt itkisi olmur. Həm də bundan əlavə, tövsiyələr üçün həkim də var.
Bizim məqsədimiz vətəndaşların rifahını yaxşılaşdırmaqdır. Əminəm ki, vətəndaşlara faydası dəyəcək. Elə insanlar var ki, ya maliyyə problemi, ya fiziki imkanının olmaması səbəbindən həkimə gedə bilmir. Amma bu sistemin ev modelindən istifadə edərək nəticələri xəstəxanada oturan həkimə ötürə, o isə uzaqdan xəstənin səhhətini kontrol edə bilər. Əgər kritik vəziyyətdədisə, ora təcili yardım göstərə və ya özü gedə bilər. Bu sistem ucqar ərazilərdə də istifadə oluna bilər. Məsələn, klinikanı ucqar kəndə daşıya bilməzsiniz, amma bir çantadan ibarət olan bu sistemi ucqar kəndə daşıyıb yardım göstərmək olar”.
Həkimlərin sözlərinə görə, xidmətdən istifadə edərək müayinədən keçənlərin bir çoxu ilk dəfə şəkərli diabet xəstəliyindən əziyyət çəkdiklərini öyrəniblər. Mərkəzdə olduğumuz müddətdə də “Chek up” müayinədən keçənlər oldu.
18 yaşlı Kamran Nəzərovun sözlərinə görə, əvvəlcədən bu müayinələrlə bağlı məlumatlı olmayıb. Təsadüfən xidmətdən istifadə edərkən “Chek up”dan xəbər tutub:
“Şəxsiyyət vəsiqəmi dəyişmək üçün gəlmişdim. Girişdə “Chek up” müayinə ilə bağlı plakatı gördüm, diqqətimi çəkdi. Sıra götürüb müayinə olundum. Əvvəlcə boy və çəkimi ölçdülər. Qulaqdan bədən temperaturunu yoxladılar, təzyiq ölçüldü. Sonra barmaqdan qan götürərək şəkərin miqdarını müəyyən etdilər. Şükür Allaha, elə bir problem çıxmadı, sadəcə çəkim bir az aşağıdır, onu qaldırmalıyam”, – deyə K.Nəzərov bildirdi.
Qeyd edək ki, “Check-up” müayinələrin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur. Xidmətin digər bir üstünlüyü isə ondadır ki, buradakı tibbi dataların hər hansı şəkildə itirilməsi və ya qarışıq düşməsi mümkün deyil. Histolik data olduğu üçün insanlara daha dəqiq məlumat vermək mümknüdür.
Sistem ingilis, rus, türk və Azərbaycan dillərində qurulub. Belə bir stansiya hər 6 dəqiqədə 1 nəfərə xidmət göstərə bildiyi üçün bir saata 10 nəfərə, 1 gündə 80-ə, bir ayda 2400-dən çox, bir ildə 28000-dən çox insana xidmət edə bilir.
Həm də “n” sayda belə paralel çalışan stansiyalar quraşdırmaq mümkündür. Layihə rəhbəri əmindir ki, gələcəkdə müraciət edənlərin sayı milyonlarla olacaq. Bu həm də problemləri birinci səviyyədə müəyyən etmək, tədbir görməyə kömək edəcək.
Bundan əlavə, pasientin cinsini, yaşını, mənsub olduğu şəhəri və ən son ölçümləri götürərək coğrafi statistik informasiya çıxarmaq mümkündür. Ölkə rəhbərliyi bununla həmin bölgəyə aid problemləri görüb ona uyğun da tədbirlər görə bilər. (virrualaz.org)
İnterpress.az