Maşallah Əhmədovun azadlığı üçün prezidentə müraciət olunacaqbackend

Maşallah Əhmədovun azadlığı üçün prezidentə müraciət olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin çıxardığı hökmlə tanınmış futbolçu Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Maşallah Əhmədov məhkəmədə son söz deyib. O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla 2014-cü ildə iş ortaqlığı olub. Sonradan isə araları dəyib. İşin alınmaması və şərikinə dəyən ziyanı kompensasiya etmək üçün ona 3 sot torpaq sahəsi verib. Xaricdən ölkəyə satmaq üçün gətirdikləri daşları da Y.Əzizova qaytarıb. M.Əhmədov iddia edib ki, bununla belə, keçmiş şəriki ondan əl çəkməyib: “Ancaq o özü mənə şər atır. Bəzi adamları başına yığıb, məni şantaj etməklə məşğuldur. Yusif Əzizovun məndən nə istədiyini bilmirəm. Mən ona 11 min manat pul və 2 ”KamAZ\” daş qaytarmışam. Ancaq bu adam məndən yenə pul istəyir. 128 min manat tələb edir. Hansı haqla? Mən ona yalnız 25 min manat kompensasiya verə bilərəm. Ötən dəfə 45 min manat borc alıb, gətirib verirəm, götürmür. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir\”.

M. Əhmədov zərərçəkmişə 30 min manat və üstündə mənzil verməyi də təklif edib. Zərərçəkmiş Y. Əzizov isə bununla razılaşmayıb.

Xatırladaq ki, dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. İttihama görə, M.Əhmədov sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb.

Vaxtilə Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədovun həbsinə ictimaiyyət nümayəndələrinin münasibəti birmənalı deyil. Sosial şəbəkələrdə məşhur futbolçunun həbsi müzakirə mövzusuna çevrilib. M.Əhmədovu həbs etmək əvəzinə təklif etdiyi əmlakları, pulun iş üzrə zərərçəkənə ödənilməsinin təmin olunmasının daha doğru olduğu haqda fikirlər səslənir.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı da bu mövqeyi bölüşənlərdəndir. Deyir ki, Maşallah Əhmədovun həbsi zərərçəkənə nəsə verməyəcək: “Maşallah Əhmədov xüsusən 80-ci illərdə ”Neftçi\”nin kifayət qədər tanınmış futbolçularından idi. Məhkəmənin çıxardığı hökm haqda düzdür və ya səhvdir deyə bilmərəm. Məsələ burasındadır ki, Maşallah Əhmədov zərərçəkənə dəymiş ziyanı ödəmək istəyirsə, onun həbsinə nə ehtiyac var? Onun hüquqlarını müdafiə etmək mümkündür. Düşünürəm ki, onun hüquqlarının bərpa olunması üçün ictimaiyyət nümayəndələrinin müraciətləri vacibdir. Müraciətlər olmalıdır ki, heç olmasa, Maşallah Əhmədov prezident tərəfindən əfv olunsun\”.

S.Bənəniyarlı qeyd edib ki, zərərçəkənə dəymiş ziyanın ödənilməsi üçün tanınmış futbolçunun çabaları nəzərə alınmalı idi: “Maşallah Əhmədovun bu təklifi öz-özlüyündə məhkəmənin mövqeyinə təsir etməli idi. Yəni tanınmış futbolçu zərəri ödəmək istədiyini ortaya qoyub. Bu məqam onun gələcəkdə azad edilməsi üçün zəmindir. Belə görünür ki, Maşallah Əhmədovun dediyi kimi, prosesə təsir edənlər olub”.

Qeyd edək ki, M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb, əsas bombardirlərdən olub. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

İnterpress.az