Yetkinlik yaşına çatmayan riskli davranışlara meyilli və xırda oğurluq maddəsi ilə həbs olunan gənclərin həyatı cəmiyyətimizin ağrılı mövzularından birdir. Bu mövzuda ekspert mütəxəsis sorağında olanda “Cinayət törətmiş uşaqlar üçün sosial reablitasiya mərkəzi”nin direktoru Kəmalə Aşumovadan mövzu ilə bağlı dəqiq məlumat ala biləcəyimi söylədilər. Hal-hazırda mərkəzin əməkdaşları ofis mebellərinin, əşyaların, idman ləzvazimatlarının və xidmət kabinələrinin qalaqlandığı anbar kimi otaqda məskunlaşıblar. Kəmalə Aşumovanın bu sahədə praktikada görüb bildiklərini, şəxsiyyəti məxfi saxlanılmaqla xidmət göstərib yardımçı olduqları ailələrin və gənclərin həyat hekayələri barədə məlumatı çox maraqlı idi. Lakin başqa şöbələri axtaran vətəndaşların hər dəfə qapını döyməsi otaqdakı narahatçılığı daha da artırıdı. Belə çətin şəraitdə zorakilığa məruz qalmış və psixoloji dəstəyə ehtiyacı olan problemli şəxslərlə iş aparıb mənəvi yardım etmək, qaynar xətt məlumatlarını qeyd etmək olduqca çətin idi. Mərkəzin əməkdaşları polis şöbəsində qeydiyyata götürülənlərə, məhkəmədə cinayət işi açılan gənclərin müdafiəsinə, islah olunmuşların cəmiyyətə inteqrasiyasına, zorakılıq halları ilə üzləşənlərin psixoloji müalicəsinə, mənəvi dəstəyə ehtiyacı olanlara xüsusi diqqət və qayğı göstərirlər. Cəmiyyətdə sağlam nəsil gənclərin yetişməsinə çalışan təşkilatın fəaliyyətinə dəstək olmaq üçün ilkin növbədə ofis problemin həlinin vacibiyini məsul qurum və nazirliklərin diqqətinə çatdırmağa çalışan Kəmalə Aşumova ilə müsahibəni İnterpress.az oxuculara təqdim edir.
2005 –ci ildə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında” qanununa əsasən yetkinlik yaşına çatmayanların işləri üzrə məsələlər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunmuş və bunun əsasında 2012-ci ildə təşkilatın xidmət mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində təmənnasız olaraq 6 otaqlı yer ayırmışdı. 2012-2013 illər ərzində mərkəzlər öz fəaliyyətini uğurla qurmaqla, 2000-dən çox ailələr və uşaqların problemlərinin həllində müsbət tövhəsini vermişdir. Lakin 2013-cü ilin dekabr ayından bu günə qədər mərkəzlər heç bir maliyyə dəstəyi almamışdır.
Bununla yanaşı 2016-cı ilin dekabr ayından etibarən təşkilatın xidmət mərkəzləri (Yuvenal ədliyyə mərkəzi, Uşaq Hüquqları Klinikası, Azərbaycan Uşaq qaynar Xətti və Zorakılıq qurbani olmuş uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzi) tamamilə ofisdən çıxarılmış, və xidmət mərkəzlərində qurulmuş -psixoloq otağı, uşaqların asudə vaxtının təşkil edilməsi üçün idman və əyləncə avadanlığı ilə təhciz edilmiş uşaq otağı, sosial işçilər və hüquqşünaslar üçün otaq və Azərbaycan Uşaq Qaynar xətt xidmətinin fəaliyyəti üçün xüsusi otaqlar boşaldılaraq təhvil verilmişdir. Hazırda mərkəzlərin fəaliyyəti təmamilə dayanmış və təşkilata yerləşdirilmə məqsədi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti üçün Sabunçu rayon məşqulluq idarəsinin inzibati binasında 1 otaq ayrılmışdır. Ayrılan bu otaqda təşkilatın xidmət mərkəzlərinin peşəkar əməkdaşları tərəfindən nəinki cinayət törətmiş yetkinlik yaşına çatmayanlarla, hətta zorakılığa məruz qalmış uşaq və gənclərə xidmət göstərmək mümkün deyildir. Təəsüflər olsun ki, bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ölkəmizdə alternativi olmayan sosial təhlükəli vəziyyətdə yaşayan ailələrə xidmət göstərən mərkəzlərin davamlı fəaliyyəti üçün təşkilatın geniş ofislə təmin olması məsələsində köməklik göstərimir.
Hazırda ağır məqam ondan ibarətdir ki, Azərbaycanda cinayət törədən və zorakılığa məruz qalan yetkinlik yaşına çatmayanların yardımla yaralandıqları və Azərbaycanda təcrübə baxımından uşaq sahəsində sosial işçi, psixoloq və hüquqşünasların təkminləşməsində böyük tövhələr verən mərkəzlərin fəaliyyətinin dayanması gələcəkdə yetkinlik yaşına çatmayanların alternativ xidmətlərə yönlənməsinin qarşısını alacaq və onların travmasının və cinayətlərinin sayının artması ilə nəticələnəcəkdir.
Bu cür vəziyyət həmçinin Gəncədə yaradılmış mərkəzlərlə də baş vermişdi. Təəsüflər olsun ki, dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə müraciətlərimizə baxmayaraq mərkəzlərin İH balansında olan yerlə təmini ilə əlaqədar heç bir cavab alınmadığı üçün Gəncədəki fəaliyyətimiz dayandırıldı. Hal-hazırda problemlə üzləşib, zorakılığa məruz qalanların müraciətlərinə yalnız “ Qaynar Xətt” xidmətlərinin köməkliyi ilə yardım etməyə çalışırıq.
Aynur Arifqızı
İnterpress.az