Yaddaşımdan silinməyən, unuda bilmədiyim bir hadısə hər zaman məni düşündür. Gəncədə qonşumuz sevdiyi qızı götürüb qaçmış və erkən evliliyin mükafatı ay parçası kimi bir oğlu doğulmuşu. Hər kəs onu “Qəqili”deyə çağırardı. Qonşuların harayına yetər, məclislərdə, yığıncaqlarda can yandırıb, qulluq edərdi. Soyuq qış gecəsi Qəqili qapımızı döyüb borca pul istəyəndə ailədə yaşadığı problemi tam acısı ilə anlaya bilməmişdim. Bir neçə gün keçmiş Qəqilinin həbs olunduğunu eşitdim. Qonşunun maşınının təkərlərini oğurlayıb satmış, evinə ərzaq və uşağın dərmanlarını alıbmış.
Zərərçəkmiş bağışladı, qanun bağışlamadı
Hadisədən sonra zərərçəkmiş qonşu Qəqilini afv etdi, amma təəssüf ki, qanunlar onu əfvetmədi, ya da əfvetmək istəmədi. Bir təkər fırlanıb onu cəza evinə qədər gətirdi. 5 il cinayət məsuliyyətinə cəlb olundu. Bu təkər, onun qucağı uşaqlı gənc xanımının həyatının da altını üstünə fırlatmışdı. Qoşulub qaçdığı üçün qızın ailəsi qucağı körpəli, “cinayətkar ərin” övladından imtina etdiklərini bildirmişdilər.
Ayaqda qalmaq, yaşamaq və yaşatmaq üçün qucagındakı körpə ilə qonşuların təmizlik işini görən bu qadının solğun bənizindəki hüzün, kədər və peşmançılığı görəndə əzab çəkirdim. Anası oğlunun yanına həbsxanaya yemək apardığını və gəlininə kömək edə bilməycəyini demişdi. Bir il keçməmiş eşitdik ki, Qəqili həbsxanada dalaşıb və cinayət işi artırılaraq cəzası 7 ilə artırılıb. Bir sankı gəncin əleyhinə dönürdü. Qanunlar da bağışlamırdı. Bir dəfə cinayətkar damğası almayasan, sonrası corab soküyü kimi gəlir.
Bir sonra həbsxanadan ölüm xəbəri də gəldi. Onu ordan xəstəlik çıxartmışdı, amma dirisini deyil, ölüsünü! Vərəmdən dünyasını dəyişmişdi… Beləcə gözlər önündə bir gənc ömür axdı getdi. İslam dininə etiqad edən, bir səhvi olan kimi Allaha sığınıb əfv diləyən cəmiyyət fərdləri Allahın bizə verdiyi şansdan bu gəncə vermək istəməmişdi. Qanunları əldə əsas tutaraq ona arxa çevirdi. Heç bir əl onu ordan çıxarmaq üçün yox, əksinə, başından basmaq və basdırmaq üçün uzanmışdı.
Bu gəncin ölümündə hamımız günahkar idik. Ehtiyac və kimsəsizliyin qurbanı olmuş bu gəncə borc pulla verilən ehsan sanki hər kəsi boğur, hamı xəcalət çəkirdı. Ömrün ən gözəl çağında həyatı məhv olan bir gəncin, atasız qalmış körpənin, 18 yaşında dul qalan qadının faciəsində soyuqqanlı insanlarmı, bu cəmiyyətmi, yoxsa qanunları insanların əleyhinə çevirə bilən, bağışlamağı deyil, cəzanı sərtləşdirən sistemmi günahkar deyə hələ də düşünürəm.
Cəzalar nə üçündür? İnsanları tərbiyələndirmək yoxsa onları cinayətkar etmək üçünmü?
Bütün bunlardan sonra qanunların insanları cəmiyyətə sağlam fərd kimi qaytara biləcəyinə inamım azalmışdı. Axı hər bir fərd bir şansı hakedir. Əgər biz cinayətkar gənclik görmək istəmiriksə məhkəmə və ədaləti bərqərar edən sistem də bu şansdan hər bir yüngül cinayət törətmiş Azərbaycan gəncinə verməlidir. Bunlar təbii ki, mənim subyektiv fikirlərim və yanaşmamdır.
Arzusunda olduğu bir telefonu almaq üçün mağazadan oğurluq edən gəncin tutduğu əməl təqdirə layiq deyil. Amma törədilmiş əmələ görə 3 ildən 7 ilə kimi həbs etmək düzgün cəzalandırma üsuludurmu? Cəzalandırılan şəxsin həyatına damğa vuran hökm onu islah edəcək, yoxsa qatı cinayətkar kimi yetişib cəmiyyətə daha böyük zərbə vuracaq? Norveç, İsveç, Hollandiya və digər Avropa ölkələrindəki boş həbsxanalar orda cinayətin olmamasını nümayiş etdirir yoxsa qanunlardakı cəzaların insanlardan yana olub sadə və yüngül olmasının göstəricisidir? İslah müəssisələrində gənclərlərin sayının artması qanunların sərt olmasındanmı irəli gəlir? Cinayət əməli törətmiş şəxsin cəzasını sadələşdirmək üçün hansı güzəştlər nəzərdə tutulub və cəzaları yüngülləşdirmək üçün nə kimi tədbirlər planı hazırlanması ilə bağlı cəmiyyətimizi düşündürüb narahat edən bir çox suallara aydınlıq gətirmək üçün “Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi”nin direktoru Kəmalə Aşumova ilə söhbət etdim.
Azərbaycan qanunvericiliyinə görə cinayət məsuliyyəti 14-18 yaş arası gənclərə şamil olunur. Bu yaşda cinayət məsuliyyətinə cəlb olunmuş uşaqlarla sorğu keçirmək üçün 2006-cı ildə Bakı şəhər Xətai rayonunda yerləşən Ədliyyə Nazirliyinin Penitensiar xidmətin tərkibində olan “Uşaq tərbiyyə müəssisəsi”ndə adları gizli saxlanılmaqla uşaqlar arasında sorğu keçirdik. Sorğunun ümumi nəticələrindən məlum oldu ki, keçirilən məhkəmələrdə uşaqlar vəkillə təmin olunmayıb, dindirilmə zamanı valideyinlər iştirak etməyib, keçid dövrünü yaşayan uşaqların psixi durumu nəzərə alınmayıb. Polisə düşən uşaqların əksəriyyəti natamam ailələrin, sosial durumu zəif olan yoxsul ailələrdən olan, atasız, içki aludəçisi olan və s. problemli ailələrin uşaqları olur ki, bunlar riskli davranış və ya xırda oğurluq, xuliqanlıq maddələri ilə qeydiyyata düşüb cinayət məsuliyyətinə cəlb olunurlar. Xırda oğurluq üstündə 7 il cinayət məsuliyyətinə cəlb olunmuş bir gəncin işi araşdırıldıqda məlum olmuşdu ki, itihamçının suallarına cavab verərkən uşağın səbəbsiz gülməsi hər kəsi əsəbləşdirib. Lakin hakimin qarşısındakı sənədlər qovluğunda bu uşağın 9 yaşında yıxılıb aldığı travma haqqında, bunun psixi sarsıntılarını göstərən məlumat, valideyinlərin əlində həkim, psixolog rəyinin olmaması, uşağın törətdiyi əməlin dərin səbəblərinin araşdırılmaması hakimin güzəştli qərar qəbul etməsinə yardım edəcək sənədlərin olmaması uşağın durumunu ağırlaşdırmışdı.
Bizim apardığımız iş proqramına bu kimi faktların aradan qaldırılması üçün yeniyetmələrin tarixçəsi araşdırılıb onlarn müdafiəsi üçün sənədlərin toplanılıb məhkəməyə təqdim olunması da daxildir. Belə neqativ halların aradan qaldırılması üçün 2007-ci ildə DİN, UNİCEF, Böyük Britaniya Səfirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Böyük Britaniyanın “Esseks Universitetinin” Uşaq Hüquqları Mərkəzi ilə əmakdaşlıqla Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın və hüquq pozuntularının profilaktikası və ədalət mühakiməsi zamanı tərbiyəvi xarakterli alternativ tədbirlərin tətbiqi” pilot proqramının həyata keçirilməsinə başlanıldı. “Cinayət törətmiş uşaqlar üçün sosial reablitasiya mərkəzi” təsis edildi və bununla yanaşı “Uşaq hüquqları klinikası” fəaliyyətə başladı ki, polisə düşən və profilaktiki qeydiyyata götürülən uşaqların polislə ilkin tanışlığından sonra reabilitasiya xidmətlərinə yönləndirilməsi üçün onların psixoloji durumunun qiymətləndirilməsi, məhkəmə prosseslərində iştirak, təqdiqat və istintaq zamanı onları müdafiəsi üçün proqramlı memorandum hazırladıq.
-Yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayət işi üzrə məhkəmənin fərdi yanaşması olmalıdırmı?
Yetkinlik yaşına çatmayanların törətdikləri cinayət işinə Yuvenal Hakimlərin (Uşaq Hüquqları və xüsusilə Yuvenal Ədliyyə proqramını haqqında təcrübəyə malik olan ) baxması daha məqsədə uyğun hesab edilir. Cəza tədbiri yalnız törədilmiş cinayətin ağırlığına deyil, həmçinin şəxsin vəziyyətinə və tələbatına habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Onun ailəsinin üzləşdiyi problemin kökləri araşdırılmalıdır ki, törənmiş cinayətin səbəbləri veriləcək cəzanın müəyyənləşməsinə yardımçı olsun.
-Yetkinlik yaşına çatmayanların işinə həssas yanaşmaq və xüsusi dindirilməsi üçün nə kimi işlər aparılıb?
Yuvinal ədliyyə sahəsinə aitdir. Bu sahə Azərbaycanda ilk dəfə bizim tərəfimizdən hazırlanıb təqdim olunub. Xarici praktikaya öz təhsil və hüquq sistemimizə əsaslanaraq qanunvericilikdə təkliflər qaydası hazırlamışıq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliynin və UNİCEF dəstəyi ilə Bakı şəhəri üzrə Polis idarələrində xüsusi Uşaq Polis Otaqları yaradılmış və uşaq polis inspektorları tərəfindən yetkinlik yaşına çatmayanlarla söhbət və dindirilmə daha rahat şərait yaradılmışdır. Polis bölmələrində qorxu hissinə görə yanlış izahat verən yeniyetmələr məhkəmə prosesində bir çox problemlərlə üzləşirlər. Məlum olduğu kimi polisə düşən uşaqlar valideyin nəzarətindən kənar və yaxud qanuni nümayəndə olmadan qətiyyən dindirilə bilməz. Bakı şəhərində yaradılan bu otaqlar xarici təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanlarla işin daha effektiv və müsbət nəticələr verməklə davam edilir.
Beləki, Estoniyada prokurorluqda riskli davranışlara meyilli və zorakılığa məruz qalmış uşaqlarla iş üzrə “Yaşıl otaq” adı verilən çox rahat şəraitlı texniki baxımdan təhciz edilmiş otaqlar mövcuddur ki, bu da uşaqlarla ünsiyyət qurulması və ifadələrin alınması prosesini yüngülləşdirir və polis-uşaq arasında etibarı gücləndirir. Hüquq nümayəndəsi və bu otaqların nəzdində fəaliyyət göstərən psixoloq və sosial işçilərlə birgə ilk növbədə ailə problemlərini kökündən araşdırıb mövcud durumun nəyə əsaslandığını araşdırmağa çalışır. Cinayət motivinin sadələşməsi cinayətkar sayını azaldır ki, bu da sağlam cəmiyyətin göstəricisidir.
-Azadlıqdan məhrumetməni ən son tədbir kimi tətbiq edilməsi üçün xırda xuliqanlıq törədib cinayətə cəlb olunan uşaqların müdafiəsi, onalrın cərimələnib yüngül cəzalandırılması ilə bağlı nə kimi təkliflər ola bilər? Qismən yüngül cinayət törətmiş gənclərin bağışlanılması ilə bağlı Əhv komissiyasına QHT və ya qurumlar tərəfindən müraciət hazırlanıb təqdim olunurmu?
Başqa bir təşkilat və qurumların bu məsələyə necə yanaşmasından məlumatımız yoxdur. Amma biz “Uşaq hüquqları klinikası”olaraq bu barədə Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Əhv Komissiyasına və Milli Məclisə təkliflər hazırlayıb təqdim etmişik.
-Problemli uşaqlarla bağlı məlumatı haradan alırsınız, sadəcə polis bölmələrindən?
Xeyr. Bütün polis idarələri daxil olmaqla, həmçinin Rayon İcra Hakimiyyətləri nəzdində fəaliyyət göstərən Yetkinik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi Komissiyalar, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi, Ombudsman Aparatı ilə yanaşı, Azercell Telekom şirkətinin dəstəyi ilə 2010-cu ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Uşaq Qaynar Xətt Xidməti” də fəaliyyət göstərir ki, ödənişsiz məlumat imkanları yaradılaraq qaynar xəttə daxil olan və daima diqqətdə saxladığımız məktəblərdən alınan məlumatlara yönəlik xidmət göstəririk. Bakıda fəaliyyət göstərərn Uşaq Qaynat Xətt xidməti 20 000 yaxın zəng qəbul etmiş, Gəncə Regional Qaynar Xətt xidməti isə 900–dən çox azyaşlı ilə psixoloji iş aparıb, 200-dən çox cinayət məsuliyyətinə cəlb olunmuş yeniyetməyə huquqi yardım göstərilib. Lakin maddi sıxıntılar yaşadığımız üçün Gəncədə yaradılan Yuvenal Ədliyyə mərkəzi fəaliyyəti dayandsırlmış, yalnız hazırda Gəncə Regional Qaynar Xətt xidmətinin məlumatları əsasında xidmətimizi göstəririk.
Mövzunu davam etdirəcəyik…
Aynur Arifqızı
İnterpress.az